Xaqani küçəsi (Bakı)

Xaqani küçəsi
Ümumi məlumatlar
Ölkə
Region AZ
Rayon Səbail
Uzunluğu 1.7 km

Xaqani küçəsi — Rəsul Rza küçəsindən başlayın Kövkəb xanım Səfərəliyeva küçəsinə qədər uzanan küçə. Küçədə XIX–XX əsrə aid çoxlu tarixi abidələr var[1]. Bundan başqa küçə boyunca bir heykəl və 3 park mövcuddur. Ümumi uzunluğu 1.7 kilometrdir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Xaqani küçəsi 1910-cu ildə

Bu küçə 1880-ci illərin əvvəlində tikilməyə başlayıb. Küçəyə ilk olaraq bura gəlib məskunlaşan molokanlara görə Molokanskaya adı verilib. Küçənin başlanğıcını götürdüyü Xaqani bağı da vaxtilə Molokan bağı adlanıb. Küçə Molokan bağından və ya Marinski parkından başlayıb o dövrdə şəhərin sənaye zonası olmuş ərazinin şərqinə qədər uzanır. Küçədə XIX–XX əsrlərdə kapital üslublu binalar tikilib. İlk dövrlər klassik prinsiplər binaların layihələşdirilmə strukturuna daxil olmadığı üçün küçədə tikilən 1,3,5 saylı yaşayış evləri memarlığın sərbəst üslubunda tikilib. Sonradan memarlıq təhsili almış memarların gəlişi ilə fasadların və interyerlərin qurulmasında daha maraqlı kompozisiyalar meydana gəldi. Memarlar Anton KandinovYuzef Ploşko küçənin memarlığına böyük töhfə veriblər.[1] Küçədə Azərbaycan Rəssamlar İttifaqının binası, Azərbaycan Bəstəkarlar İttifaqının binası, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası, Musa Nağıyevin dördmərtəbəli mədaxil evi, Azərbaycan Milli Kitabxanasının binası və digər önəmli tarixi binalar yerləşir. Aprel işğalından sonra 1929-cu ildə küçəyə 9 yanvar adı verilib. 1946-cı ildən etibarən isə küçə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof Xaqani Şirvaninin şərəfinə Xaqani küçəsi adlandırılıb.[2]

Tarix və memarlıq abidələri[redaktə | mənbəni redaktə et]

Bina Ünvan Qısa təsvir Şəkil
1 Yaşayış evi (Xaqani küçəsi, 1) Xaqani küçəsi 1 1890-cı ildə tikilmiş yaşayış evi. Sonradan bina sökülərək yerində Xaqani ticarət mərkəzi tikilib.[1]
2 Yaşayış binası (Xaqani küçəsi, 5) Xaqani küçəsi 5 1886-cı ildə tikilmiş yaşayış binası.[1]
3 Mikado sinematoqrafının binası Xaqani küçəsi 7 Mikado sinematoqrafının binası və ya Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası 1916-cı ildə Əliheydər Kərimov tərəfindən əvvəllər məhsul anbarı kimi sitifadə edilmiş bina çin-yapon üslubunda təmir edilərək sinematoqraf kimi fəaliyyət göstərməyə başlayıb. 1917-ci ildə Bakıda ilk dəfə bu teatrda orta məktəb şagirdlərinə elmi-təhsil mövzulu kinematoqrafik seans keçirilib. Binada müxtəlif dövrlərdə Pel mel teatrı, Bak azad tənqid-təbliğat teatrı, Bakı işçi teatrı fəaliyyət göstərib. 1937-ci ildən binada Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı fəaliyyət göstərir.[3][4]
4 Yaşayış binası (Xaqani küçəsi, 9) Xaqani küçəsi 9 1896-cı ildə Xaqani küçəsi, 9 ünvanında inşa edilmiş binanın memarı İohan Edeldir. Bina italyan renesansı üslubunda tikilib. Müstəqillikdən sonra bir müddət İraq səfirliyi kimi fəaliyyət göstərən bina hazırda istifadəsizdir.[1]
5 Musa Nağıyevin mədaxil evi Xaqani küçəsi 14 Bina 1910-cu ildə Musa Nağıyevin sifarişi ilə inşa edilmişdir. Ploşko burada klassik forma və üslubun orderli sistem stil istiqamətindən istifadə etmişdir. İonik sütunların iri pilyastrları küncdəki rizalitləri və mərkəzi hissəni iki mərtəbə üçün portik şəklində bağlamışdır. Növbələşən əyrixətli və düzbucaqlı sandrikləri, bahalalı çərçivələri olan pəncərə oyuqlarının ritmi mərtəbələrarası dartmanın proporsional bölgüsü və müvəffəqiyyətlə artırılmış karnizi ilə seçilən fasadın həcm plastikliyini müəyyən edir. Fasadda intibah tipli eyvan məhəccərləri xüsusi diqqət cəlb edir və evin bədii obrazının formalaşdırılmasında fəal iştirak edir.[5]
6 Yaşayış binası (Xaqani küçəsi, 18) Xaqani küçəsi 18 Anton Kandinov tərəfindən 1884-cü ildə tikilmiş yaşayış binası.
7 Azərbaycan Rəssamlar İttifaqının binası Xaqani küçəsi 19 1930-cu illərdə inşa edilib.
8 Yaşayış binası (Xaqani küçəsi, 23) Xaqani küçəsi 23 1911-ci ildə tikilmiş beş mərtəbəli yaşayış binası.[5]
9 Azərbaycan Yazıçılar Birliyinin binası Xaqani küçəsi 25 Sarkisov tərəfindən 1915-ci ildə tikilmiş yaşayış binası.[5]
10 Azərbaycan Bəstəkarlar İttifaqının binası Xaqani küçəsi 27 Sarkisov tərəfindən XX əsrin əvvəllərində tikilmiş 3 mərtəbəli yaşayış binası. Eklektik üslubda olan bu binada 1922-ci ildən etibarən Azərbaycan Mədənçilər İttifaqı yerləşib. Sonradan binada Azərbaycan Bəstəkarlar İttifaqı yerləşib.
11 Musa Nağıyevin dördmərtəbəli mədaxil evi Xaqani küçəsi 47 1910–1912-ci illərdə inşa edilmiş dörd mərtəbəli mədaxil evi. Binanın sifarişçisi Ağa Musa Nağıyev, memarı isə İosif Ploşkodur.[6]

Park və bağlar[redaktə | mənbəni redaktə et]

Xaqani bağı[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Xaqani bağı

Ərazisi 0.8 hektar olan Bakının ən qədim parklarından biri. Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur.[7]

Sahil bağı[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Sahil bağı

Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bağ tarixi tikililərlə əhatə olunub. Bağın ilk adı Birjevaya meydanı adlanıb. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra isə bura Azadlıq meydanı adı verilib.[8] Aprel işğalından sonra isə burada 26 Bakı komissarı dəfn edildikdən sonra burada onlara abidə qoyularaq bağın da adı dəyişdirilir. Müstəqillikdən sonra parkdan komissarlara həsr edilmiş abidə götürülüb və bura Sahil bağı adı verilib.

Fikrət Əmirov parkı[redaktə | mənbəni redaktə et]

2011-ci ildə Bakı şəhərində Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirova Xaqani küçəsində heykəl qoyulub və ətrafı abadlaşdırılaraq yeni park salınmışdır. Heykəlin müəllifi Namiq Dadaşovdur.[9][10]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 387. ISBN 978-9952-32-020-6.
  2. "Молоканская ул. – 9 Января - Хагани (Баку) / Molokanskaya küçəsi - 9 yanvar -Xəqani küçəsi (Bakı)" (rus). ourbaku.com. 27 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2021.
  3. İlham Rəhimli. Azərbaycan teatr tarixi (PDF). Bakı: Çaşıoğlu. 2005. səh. 86.
  4. Oksana Bulanova. "Тайны Баку: От "Микадо" до Русдрамы / Bakının sirləri: Mikadodan Rusdrama qədər" (rus). azerhistory.com. 3 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2021.
  5. 1 2 3 Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 388. ISBN 978-9952-32-020-6.
  6. Şamil Fətullayev. Bakının memarlıq ensiklopediyası (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 390-391. ISBN 978-9952-32-020-6.
  7. А. А. Гасанова. Сады и парки Азербайджана Arxivləşdirilib 2017-01-10 at the Wayback Machine / Под ред. проф. Ф. М. Гусейнова. — Баку: Ишыг, 1996. — 304 s.
  8. Ceyhun Abbasov. ""Sahil" bağı "Cümhuriyyət" bağı adlandırılsın..." (az.). 525-ci qəzet. 21 yanvar 2018. 31 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2021.
  9. "İlham Əliyev Bakıda görkəmli bəstəkar Fikrət Əmirovun abidəsinin açılışında iştirak etmişdir" (az.). president.az. 19 sentyabr 2011. 10 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2021.
  10. "Azərbaycan Prezidenti İlham Əliyev Bakıda görkəmli bəstəkar Fikrət Əmirovun abidəsinin açılışında iştirak etmişdir" (az.). azertag.az. 19 sentyabr 2011. 10 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2021.