Skandinaviya yarımadası

Skandinaviya yarımadası.
sv/Skandinaviska halvön.
Yarımadanın yazda süni peykdən çəkilişi.
Yarımadanın yazda süni peykdən çəkilişi.
Ümumi məlumatlar
Sahəsi 800,000.
Ən yüksək nöqtəsi 2469.
Yerləşməsi
63° şm. e. 14° ş. u.
Akvatoriya Baltik dənizi,
Norveç dənizi,
Barens dənizi.
Ölkələr
Skandinaviya yarımadası. xəritədə
Skandinaviya yarımadası.
Skandinaviya yarımadası.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Skandinaviya yarımadasıAvropa qitəsinin ən böyük yarımadası hesab edilir. Şimal-şərqdən cənub-qərbə doğru uzanmış bu yarımada 56° ilə 71° şimal enlikləri arasında yerləşir. Sahəsi təxminən 800 min km²-ə yaxındır. Şimalda Barents, qərbdə Norveç, cənubda Şimal dənizi, Skaqerrak və Katteqat boğazları, şərqdə isə Baltik dəniziBotnik körfəzi ilə əhatə edilmişdir. Şimal-şərqdə Kola yarımadası ilə sərhədi ovalıq və təpəlik sahələrdən keçir. Botnik körfəzi geniş sahədə Skandinaviya yarımadasını Finlandiyanın ovalıq və düzənlik hissələrindən ayırır. Yarımadanın ərazisi tamamilə dağlarla əhatə edilmiş böyük bir massivi xatırladır. Cənubda Skagerrak və Oslo-fyord körfəzləri yarımadanı iki hissəyə: qərbdə Cənubi Norveç və şərqdə Skone yarımadalarına ayırır. Hər iki yarımadanın mərkəz hissəsində künbəzəoxşar qalxma sahələri yerləşmişdir. Bu növ yüksəkliklər Cənubi Norveç yarımadasında daha geniş sahəni tutur.

Relyefi[redaktə | mənbəni redaktə et]

Skandinaviya yarımadasının relyefi

Skandinaviya yarımadasının qərb sahilləri buzlaqların fəaliyyəti nəticəsində yaranmış fyordlarla zəngin olduğu halda, şərq sahili şxer tiplidir. Qərb sahildə ən məşhur fyordlar Soqne-fyord (uzunluğu 220 km, eni dənizə çıxan yerdə 5–6 km), Nur-fyord, Xardanger-fyord (uzunluğu 185 km), Bukn-fyord, Tronheyms-fyord (uzunluğu 180 km) və s.-dir. Adları çəkilən fyordlar şimal və şimal-qərb sahildə yerləşən (Porsanger-fyord, Varanger-fyord və s.) fyordlardan çox şaxəli və dik yamaclı olması ilə seçilir. Bundan əlavə cənub-qərb fyordları üçün asılı dərələr və hündür şəlalələr də səciyyəvidir. Bunlara Xardanger-fyordda yerləşən Vyorinqfoss və Syuv-Syoster şəlalələrini misal göstərmək olar. Dəniz tərəfdən fyord tipli sahili eni 60 km-dən çox olmayan alçaq təpəlik və düzənlik sahə haşiyələyir. Buna Stranflat düzənliyi deyilir. Son vaxtlarda ərazinin dəniz altından qalxması hesabına yaranan bu düzənlik Norveçin qərbində əhalinin ən çox məskunlaşdığı sahədir.

Skandinaviya yarımadasının əsas oroqrafik vahidləri Skandinaviya dağlarıNorlandiya yaylasıdır. Skandinaviya dağları orta hündürlüyə malik olub, 1500 km məsafədə şimal-şərqdən, cənub-qərbə uzanır. Dağların eni şimal və cənubda 200–300 km olduğu halda, mərkəz hissədə 400–600 km-ə çatır. Ən yüksək zirvələr cənubda yerləşmişdir. Qalxyopiggen zirvəsi (2468 m) Yutunheymen massivində yerləşir. Xardangervidda, Dovrefyel, Telemark və s. massivləri Yutunheyman massivini cənub, şərq və şimaldan haşiyələnir. Şimala doğru dağ massivləri tədricən alçalır. Tronheyms-fyord rayonunda Yemtland tektonik çökməsini keçdikdən sonra dağ massivlərinin yenidən yüksəlməsi müşahidə edilir. Bu Xyoln yüksəklikləri rayonudur. Dağ massivlərinin orta hündürlüyü burada 1200–1800 m arasında dəyişilir. Bu ərazidə aşırımlar 500 m yüksəklikdə yerləşir. Skandinaviya dağlarının şimalında ən hündür sahə 2123 m hündürlükdəki Kebnekayse dağıdır. Skandinaviya dağlarının şimal qurtaracağında Finmargen yaylası yerləşir. Yaylanın orta hündürlüyü 300–400 m, ən uca zirvələri 1000 m-ə qədər yüksəlir. Hündürlüyünə görə Skandinaviya dağları üç hissəyə (cənub, mərkəz və şimal) ayrılmasına baxmayaraq vahid bir morfostrukturu təşkil edir. Dağların mərkəz hissələri üçün stolvarı yaylalar (fyeldlər), peneplen səthləri, onların üzərində yüksələn şiş təpəli, dik yamaclı zirvələr səciyyəvidir. Skandinaviya dağlarının qərb yamacları dik, şərq yamacları nisbətən maili olub, dalğavari relyefə malikdir. Norland yaylası adlanan şərq yamacda tektonik çatlar boyunca yerləşmiş geniş çay dərələri, terraslar, fyordabənzər göllər, 400–600 m hündürlüyünə malik olan alçaq təpəliklər relyefin əsas ünsürlərini təşkil edir.

Geologiyası[redaktə | mənbəni redaktə et]

Skandinaviya yarımadası arxey və proterozoy qurusunu və kaledon qırışıqları sahəsini əhatə etməklə, Avropanın ən qədim özəyini təşkil edir. Yarımadanın geniş hissəsiniəhatə edən Skandinaviya dağları paleozoy erasının kembri və silur dövrlərinin çöküntülərindən əmələ gəlmiş kaledon qırışıqlığına aid edilir. Burada dağəmələgəlmə zamanı kütlələrin hərəkəti qərbdən şərqə doğru olmuşdur. Ona görə də yarımadanın qərb sahilləri qırışıqlığa daha çox məruz qaldığından burada laylar böyük bucaq altında yatır. Yaylaların mərkəzi şaryaj quruluşlu olub, burada laylar üfüqi vəziyyətdə yatır. Üçüncü dövrün əvvəllərində Skandinaviya dağları dəniz səviyyəsindən az yeksələn peneplen sahələrindən ibarət idi. Üçüncü dövrün sonu və dördüncü dövrün əvvəllərində qüvvətli şaquli hərəkətlər baş vermişdir. Onun qərb sahillərində tektonik hərəkətlər daha güclü olduğundan, bu hissədə qalxma amplitudu 2000 m-dən çox olmuşdur. Şərq sahillərdə bu zaman tektonik əyilmələr olmuş və bəzi ərazilər dəniz suları altında qalmışdır. Şaquli hərəkətlər yarımadanın ərazisində çoxlu tektonik çatlar əmələ gətirmişdir. Skandinaviyanın qərb sahillərində tektonik pozulmaların istiqaməti əksəriyyətlə sahilə paralel keçir. Dördüncü dövrün əvvələrində yaranmış buzlaq sahələri tektonik hərəkətlərin yaratdığı relyef formalarını daha da mürəkkəbləşdirmişdir. Böyük buzlaq dilləri tektonik çatlar boyunca hərəkət edərək onları daha dərinləşdirmiş və nəticədə tektonik dərələrin yamacları çoc sıldırım şəklə düşmüşdür. Skandinaviya yarımadasının cənub hissəsi qalın buz örtüyündən təxminən 12–14 min il bundan əvvəl azad olmuşdur. Şimal hissədə buz örtüyünün qalınlığı və davamiyyəti daha çox olmuşdur. Bu hissələr buz örtüyündən təxminən 8–10 min il əvvəl azad olmuşdur. Hazırda Skandinaviyada buzlaqların sahəsi 5 min kv. km-dən çoxdur. Buzlaqlar əsasən hündür dağlarda yerləşmişdir. Ən böyük buzlaq yarımadanın cənub-qərbində Yustedalsbre massivindədir. Sahəsi 855 kv. km-dir. Folqefonnen (280 kv. km) və Xardangeryokelen buzlaqları da tutduğu sahələrinə görə başqa buzlaqlardan seçilirlər. Yarımadanın cənubunda qar xətti 1200 m, şimalda isə 400–500 m hündürlükdən keçir.

İqlimi[redaktə | mənbəni redaktə et]

Skandinaviya yarımadasının iqliminə isti Qolfstrim axını və soyuq Arktika küləkləri böyük təsir göstərir. Qolfstrim axınının təsiri yarımadanın qərb sahil zonasında daha çox hiss edilir. Şərqə doğru iqlimin kontinentallaşması və sərtləşməsi aydın nəzərə çarpır. Skandinaviyanın cənub və qərb sahilləri Atlantik okeanından gələn siklonların təsiri altında olduğundan burada qış mülayim, rütubətli, buludlu və dumanlı olur. Yarımadanın mərkəz və şərq hissələri kontinental iqlimi ilə seçilir. Norveç sahilləri Yer kürəsində qışda ən böyük müsbət temperatur anomaliyasının müşahidə edilməsi ilə fərqlənir (Lofoten adaları, 23°). Skandinaviya yarımadasının qərbində yanvar izotermləri meridian istiqamətində uzandığı halda, şərqində enlik istiqamətindədir. Yanvar ayının orta temperaturu qərb sahilin cənubunda 0° ilə 2°, şimal-qərbdə isə 0° ilə −4° arasında dəyişilir. Şərq sahildə adətən yanvar ayının temperaturu 0°-dən aşağı olur. Şərqi Skandinaviyanın cənubunda yanvar ayında −4°, şimalda isə −14–16°-dir. İyulun orta temperaturu Norveç sahillərində 10–15°, Şərqi Skandinaviyada isə 15–17°-dir.

Yarımadanın qərb və şərq sahillərində iqlimin müxtəlifliyi yağıntıların paylanmasında da özünü göstərir. Qərb sahillər əsasən rütubətli küləklərin təsiri altında olduğundan bura çox yağıntılıdır. Yağıntının illik miqdarı 1000–2000 mm, cənub-qərb sahillərin bəzi yerlərində hətta 3000 mm-dir. Yarımadanın şərq və xüsusən şimal-şərq sahillərində yağıntının miqdarı qərbə nisbətən çox azdır. Burada il ərzində 400–500 mm yağıntı düşür ki, bu da illik buxarlanmadan çoxdur. Qərb sahillərə ən çox yağıntı payız və qışda, şərq sahillərə isə yayda düşür. Şimal və şərq sahillərdə qar örtüyünün davamlığı 7–9 ay, cənubda isə 4–5 aydır. Norveç sahilləri üçün qar örtüyü səciyyəvi hal deyildir. Burada yağıntılar əsasən qış aylarında, yağış halında düşür.

Daxili sular[redaktə | mənbəni redaktə et]

Yarımadada çaylar qısa, sutoplayıcı hövzələri kiçik, lakin çox suludur. Demək olar ki, çaylar əsasən tektonika və buzlaqların yaratdığı dərələr boyunca axır. Ən böyük çayı Qlomma (uzunluğu 587 km) və Turne-Elvdir. Skandinaviya çaylarının böyük hidroenerji əhəmiyyəti vardır. Skandinaviyada göllər tektonik və buzlaq çökəkliklərində yerləşmişdir. Əsas gölləri Myosa, Sturşen, Ryosvati, Turne-Tresk və s.-dir.

Flora[redaktə | mənbəni redaktə et]

Bitki örtüyü ərazinin relyefindən və iqlimindən çox asılıdır. İqlimi quru və nisbətən soyuq keçən dağ yaylalarının və Norveç sahillərinin çox hissəsi meşə bitkilərindən məhrumdur, burada dağ tundra bitkiləri geniş yayılmışdır. Şərqi Skandinaviyanın geniş hissəsində və qərb sahilin Tronheyms-fyord sahillərində iynəyarpaqlı meşələr yayılmışdır. Ümumiyyətlə Norveç, İsveç və Finlandiyada təbii ehtiyatlar içərisində meşələr ən əsas yerlərdən birini tutur. İsveçin mərkəz hissələrində qarışıq meşələr, cənubunda isə Orta Avropa tipli enliyarpaqlı meşələr geniş yayılmışdır. Yarımadanın qərb sahillərində meşələrə 600–700 m, şərq sahildə isə 100–1100 m-ə qədər yüksəkliklərdə rast gəlinir.