Səttar (xanəndə)

Səttar (XIX əsr) — azərbaycanlı xanəndə.

Səttar
Ümumi məlumatlar
Doğum tarixi XIX əsrin 20-ci illəri
Doğum yeri Ərdəbil, Qacar dövləti
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Aleksandr Barnov "Köhnə Tiflisin musiqiçiləri" kitabında yazır: "Səttar əslən İran Azərbaycanından idi. O, Ərdəbildə XIX əsrin 20-ci illərində anadan olmuşdur. Səttar elə uşaqlıq vaxtlarından musiqiyə meyl göstərmişdir. Parlaq istedada və şirin ləhcəyə malik olub. O əvvəlcə dinə qulluq etməyə başlayır. Lakin onu axıra kimi davam etdirmir. İki-üç ildən sonra dindən uzaqlaşır. Şənliklərdə və toylarda muğam və xalq mahnılarını ifa etməyə başlayır. Səttar Şərqin görkəmli klassik şairlərindən Sədi, Hafiz, Füzuli və başqalarının qəzəlləri üstündə muğamları və təsnifləri çox ustalıqla ifa edir. Səttarın şan-şöhrəti tezliklə Məhəmməd şah Qacarın qulağına da çatır. Şah Səttarı öz sarayına dəvət edir. O burada bir neçə il qalır.

19-20 yaşlarında Səttar Tiflisə gəlir. Özünün valehedici səsi ilə qısa müddət ərzində tiflislilərin diqqətini özünə cəlb edir. Mahnı oxuyan zaman o, sən demə, dəfdən istifadə etmirmiş. Öz dəstəsi ilə oturub əlində əsa mahnını elə şirinliklə ifa edirmiş ki, dinləyicilər ovsunlanırmış."

Nikoloz Barataşvili Səttarla görüşüb onu tez-tez şənliklərə aparardı. Azərbaycanın böyük musiqişünası Firidun Şuşinski öz məqaləsində Səttara yüksək qiymət verir. "Səttarın Qafqaz xalqlarının milli musiqisinin inkişafında böyük rolu vardır. Səttarın konsertlərində Tiflisdə yaşayan rus və italyan musiqi həvəskarları iştirak edir və özlərinin konsertlərində iştirak etmək üçün onu da dəvət edirdilər. 1847-ci ildə italyan skripkaçı Tiflis teatr orkestrinin diricoru Malaqolli Səttarı xeyriyyə cəmiyyəti tərəfindən təşkil olunmuş konsertdə iştirak etməyə dəvət etmişdi. Konsertdə muğam oxuyan Səttar böyük müvəffəqiyyətlər qazanmışdır" (Firidun Şuşinski "Sovet incəsənəti" curnalı, 1968-ci il, №2, səh. 61).

Bir çox tarixi məxəzlərdən məlum olur ki, Səttar Tiflisin musiqi həyatında görkəmli rol oynamışdır. O nəinki musiqi gecələrində, həm də açıq havada təşkil olunan konsertlərdə və ziyafətlərdə məlahətli səsi ilə çoxmillətli şəhərin sakinlərinə estetik zövq vermişdir.

O zaman şəhər tacirləri növbə ilə qonaqlıqlar verərdilər ki, bunu da ki, "Riqis puri" ("Növbəti nahar") adlandırırdılar. Bu qonaqlıqlar qışda evlərdə yay aylarında isə bağlarda təşkil olunardı. Belə qonaqlıqlarda başqa xanəndələr kimi çox vaxt Səttar da iştirak edərdi.

Səttar Tiflisdə yaşadığı illərdə onu nəinki xalq şənliklərinə, hətta Qafqaz canişininin igamətgahında İran şahlarının, Türkiyə sultanlarının və digər rəsmi şəxslərin şərəfinə verilən ziyafətlərinə də dəvət olunardı.

Azərbaycan xanəndəsi həmişə çoxmilli ictimaiyyət qarşısında çıxış etmiş və dinləyiciləri heyran qoymuşdur.

Səttar xeyriyyə konsertində dəfələrlə çıxış etmiş, o cümlədən yoxsullara kömək məqsədi ilə keçirilən beynəlxalq konsertlərdə skripkaçı Miller ilə, müğənni Seymur-Şiff ilə birgə iştirak etmişdir.

Səttar o dövrün ən sevimli xanəndəsi idi. Şərq havalarını əvəzsiz ifa edən Səttar özünün diqqətəlayiq tenoru ilə dinləyiciləri ovsunlayırdı (Nikoloz Barataşvili, Seçilmiş əsərləri, 1939-cu il, səh. 29). Nikoloz Barataşvili Səttara heyran olmuşdu. Onsuz bir məclisə getməzdi. Şairin bibisi Barbara Vezirişvili məlumat verir: "Niko hər şadyanalıqda Səttarı da gətirdərdi."

Səttar Barataşvilinin bacısı Yekaterinanın toyunda onunla bərabər olub. Nikoloz Barataşvili Z. Orbelianiyə yazdığı məktubunda Ksan dərəsinə (Axalqoriyə) gedişini, oradakı ziyafəti və Səttarın iştirakını belə qələmə alır: "Axalqoriyə daxil olduq. Saray başdan-başa çıl-çıraq içində idi. Zurnaçılar çalırdı. Səttarın mahnısı da onu müşayiət edirdi. Tüfəng atəşi camaatın qalabalığı, hay-küyü, gözəl bir aləm idi."

Nikoloz Barataşvili Kartlidə olarkən kilsənin qapısında yazdığı şeri Səttara həsr etmişdir. İ. Meunargiya məlumat verir: "Səttar o dövrün birinci xanəndəsi idi. Barataşvili onun əsl azərkeşi idi. Dimitri Vezirişvilidən eşitmişəm ki, şair Kartlidə hardasa kilsənin qapısında bu xanəndəni tərif etmişdir.

19-cu əsrin birinci yarısında Qafqaza sürgün edilmiş dekabrist - şair Yakov Polonski o dövrün məşhur Azərbaycan xanəndəsi Səttara şer həsr etmişdir.

"

  
Səttar! Səttar! Nə yaman qəhərlidir ah-vayın.
O boğuq fəryadında göy kinər, bulud ağlar
Kamanın iniltisi, qavalın qəm harayı
Sinəmə dağlar çəkər, qəlbimdə yuva bağlar.
Oxuduğum sözləri anlaya bilməyirəm -
Başqa ruhda köklənib əzəldən könül sazım.
Səninsə öz komandan hey ucalıb avazını.
Gecədir... Tiflis susur, mən səni dinləyirəm -
Sanki şərqli qardaşım xəstə qəlbimi didir,
Sənin dilinlə məni danlayır, tənbeh edir...
Bilirəm nə deyirsən, nə danışır ilhamın,
Bəlkə qana qan deyə coşursan, çağlayırsan.
Bəlkə mədh eləyirsən qılıncını İslamın -
Önündə zaman-zaman qullar əsən zamanlar...
Sözsüz mənə aydın bu ahlar, bu amanlar!

"

Bu şeir 1850-ci ildə Tiflisdə çıxan "Qafqaz" qəzetində dərc olunmuşdur. Tərcümə Vilayət Rüstəmzadənindir.

Qəzetin redaktoru O. Konstantinovun həmin şeirin altında Səttar haqqında qeydləri vardır. Həmin qeydlərdə oxuyuruq:

"Səttar Tiflisdə məşhur olan iranlı xanəndənin adıdır. Onu Asiya tərzində şənliklər edərkən nahar və şama dəvət edirlər. Səttardan başqa iki xanəndə də məşhurdur. Bunlardan biri İrəvan sakini Əli Əskər, o birisi isə Yevanquldur. Bunların arasında həm rəqabət, həm də yarış vardır. Mən bunların üçünü də eşitmişəm. Birinciliyi isə Səttara verirəm. Onun səsindəki həzinlik və kədər motivləri avropalıların qəlbini titrətməklə ürəyində qəribə həyəcanlı hisslər yaradır."

Şamaxıda Mahmud ağanın məclislərinin birində Səttar oxuyarkən Seyid Əzim Şirvani onun səsinə valeh olaraq müxəmməslərinin birində onu belə tərif etmişdir:

"Ud hər ləhzə gəlib şurə deyir: ya Məbud, Tar hər ləhzə gəlib vəcdə deyər: ya Səttar"

Məşhur fransız yazıçısı Cül Vern özünün "Arxipelaq alovlanır" əsərində Səttarın səsinə yüksək qiymət verərək yazırdı:

"Bu ləyaqətli patriarxın daha zildən oxumağını arzu edərək mən Kür çayının sağ sahili ilə yuxarı qalxmağa başladım ki, oradan dağın təpəsindən (Sənan dağından) şəhərin gözəl mənzərəsinə tamaşa edim. Budur dağın təpəsinə çatıram, kiçik bir meydançada dayanıram: burada kimsə, səyyar bir aktyor (Səttar) böyük bir həyəcanla gözəl İran şairi Sədinin şerlərini incə musiqi təranələrinin müşayiəti ilə oxuyur."

Tezliklə Tiflisdə Cəfər adlı yeni bir xanəndə meydana çıxdı. Şəhər iki hissəyə bölünmüşdü. Onun bir hissəsi Cəfərə üstünlük verirdi, o biri hissəsi isə Səttara. Nikoloz Barataşvili Səttarın tərəfində idi. Naxçıvandan şair Mayqo Orbelianiyə yazdığı məktubunda qeyd edirdi: "O Cəfəri tərifləməklə zəhləmizi apardılar. Kimin kitabı əlimizə düşdüsə hamısı ondan tərif yazırdı. Onun hal-qaziyəsini bizə belə söyləyiblər: Onu Süleyman xan İrandan gətirmişdi. İki gün iki gecə burada bizdə olublar. Nə bacarıqları varsa onu göstəriblər. Kim deyir ki, Səttardan artıqdır. Görünür, yaxşı dinləmə qabiliyyəti yoxdur. Mən sizə deyəcəm. O Səttardan daha çox savadlıdır. Lakin Səttara səsi tanrı verib. Həm də əlavə edib ki, belə bir səs heç kimdə olmayacaqdır. Bir, hər ikisinə baxın. Biri insan oğludur, o birisi isə cəhənnəm odudu."

Barataşvilinin xatirələrindən məlum olur ki, o, Naxçıvanda ikən Şəki xanının oğlu Süleyman xan Şəkinski məşhur xanəndə Cəfərlə bərabər oraya gəlir. Qonaqlar iki gün iki gecə Barataşvilinin mənzilində qalırlar. Xanəndə Cəfərin oxumağı Barataşviliyə çox ləzzət verir.

1844-cü ilin noyabrın sonlarında İlya Orbeliani Tiflisə Çavçavadzenin qızlarının qayıtması münasibətilə böyük ziyafət vermişdir. Səttar həmin ziyafətə dəvət olunmuşdur. Həmin il dekabrın 4-də Qriqol Orbeliani Cüngündən öz qardaşı Zaxara yazırdı: "Katinanın Minqreldən, Ninonun Odessadan gəlişini şəhər duydu. Beybutovun arvadı Manananın evlərində durub İlyanı dəvət etmiş və çox böyük məclis təşkil etmişdir. Zurnalı, çianurlu və ağa Səttarın iştirak etdiyi bir məclis qurmuşdu."

Müştəhid bağı açılanda Səttarın daha vaxtı yox idi. Kef çəkənlər bütün məclislərə onu aparırdılar. Qriqol Orbeliani Kaplan Orbelianiyə yazırdı: "Niko bütün bizim məhləni Müştəhid bağına dəvət etmişdir. Musiqili, zurnalı ağa Səttar olan bir məclisə. Gecəyarı saat üçə qədər orada olduq."

Səttar kifayət qədər yaxşı improvizator idi. O tamamilə sərbəst şəkildə gürcü dilində şerlər yazırdı. 1857-ci il sentyabrın 14-də İvane Kereselidze Rafiel Eristaviyə məlumat verirdi: "Sənin "Nino"nu Tiflisdə çox bəyənirlər. Belə deyirlər ki, guya mərhum Arçil Muxranski barəsində yazılmışdır. Ah, Rafiel, bilirsən, Səttar onu necə sevirdi. Bir başa düşəsən. Bu yeni mahnını necə ifa edirdi!"

1860-cı il yanvarın 4-də Tiflisdə Səttarın benefisi təyin olunmuşdu. Həmin il yanvarın 3-də Qriqol Orbeliani Kaplan Orbelianiyə məlumat verirdi: "Sabah yəni ki, bazar ertəsi teatrda ağa Səttarın benefisidir. Və bu biletlərdən nəyi oxuyacağını artıq bilirəm. Birbaşa gəl mənim lojama."

Xanəndə Səttar Tiflisin indiki Nəbatat bağında əvvəllər mövcud olan müsəlman qəbiristanlığında dəfn edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]