Rəna Kazımzadə

Rəna Kazımzadə
Qumral-Rəna Zəki qızı Kazımzadə
Doğum tarixi (81 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Zəki Əli İskəndər oğlu Kazımzadə
Elm sahəsi elektrotexnika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Mükafatları "Tərəqqi" medalı

Qumral-Rəna Zəki qızı Kazımzadə (5 noyabr 1942, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1998), professor (1999), “Tərəqqi”medalı laureatı (2010). [1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Kazımzadə Rəna Zəki qızı 1942-ci il noyabr ayının 5-də Bakıda, milli nəzəri elektrotexnika məktəbinin banisi Zəki Əli İsgəndər oğlu Kazımzadənin ailəsində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini “Fizika və ümumi texniki fənlər” ixtisası üzrə bitirən Rəna Kazımzadə elə həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) aspiranturasına daxil olmuşdur və o zamandan elmi fəaliyyətə başlayaraq ömrünün təqribən 50 ilini nəzəri elektrotexnika elminə həsr etmişdir. [2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Rəna Kazımzadə əmək fəaliyyətinə 1969-cu ildən həmin institutun “Elektrotexnikanın nəzəri əsasları” (sonradan “Elektrotexnika və elektrik təchizatı”, indiki “Elektroenergetika”) kafedrasında assistent kimi başlamış, sonradan bu kafedranın dosenti olmuşdur. O, 1998-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1999-cu ildən kafedranın professoru, 2000 – 2017-ci ildə isə kafedra müdiri vəzifəsində çalışmışdır. Universitetin Elmi Şurasının üzvüdür.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Rəna Kazımzadə Kembricin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "XX əsrin 2000 ən görkəmli alimi" diplomuna layiq görülmüş və "Kim kimdir" Beynəlxalq Sorğu kitabına daxil edilmişdir. Həmçinin Amerika Bioqrafiya İnstitutu Bioqrafiya Assosiasiyasının həqiqi üzvü seçilmiş, 2000 – 2001-ci ilin "Beynəlxalq Qadını" adına layiq görülmüş, "2002-ci ilin Beynəlxalq şəxsiyyəti" adını almış, Kembricdə nəşr olunmuş "XX əsrin 2000 intellektualı" Beynəlxalq sorğu kitabının 28-ci nəşrinə və XXI əsrdə "Kim kimdir" sorğu kitabının birinci nəşrinə daxil edilmişdir. Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir. Rəna Kazımzadə 20-dən artıq dərsliyin və dərs vəsaitinin, elektrotexnika sahəsi üzrə beş dildə (Azərbaycan, alman, fransız, türk, ingilis) terminologiya lüğətinin, "Rusca - azərbaycanca elektrotexnika terminləri lüğəti"nin, 200-dən artıq elmi məqalənin müəllifidir. Rəna Zəki qızı Kazımzadə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 18 noyabr 2010-cu il Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Atasının məktəbini davam etdirən alim". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2019.
  2. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.