Qarabağ atı

Qarabağ atı
Qarabağ atı, 1865-ci il
Qarabağ atı, 1865-ci il
Cins At
Cinsin istiqaməti Dağ-minik, yarış
Ölçüləri Hündürlüyü: 150 sm
Rəngi Əsasən kürən
Sürəti 2,8 m/san.
Yaranma tarixi XVII-XVIII əsrlər
Müəllifi azərbaycanlılar
Yetişdirildiyi yer Azərbaycan, Qarabağ xanlığı
Arealı Qafqaz, Azərbaycan, Qarabağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qarabağ atıAzərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII–XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları AsiyaQafqazda ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir.[1] Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, DonaRusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atı yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən "Sumqanda" adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.24 km/saat) qaçmaqla qeydə alınıb.[2] Bu dünya rekordundan (70.76 km/saat) təqribən 20 km/saat azdır.[3] Atın adi yerişi saatda 8 kilometrdən çoxdur.

Xarakterik xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Eksteryer etibarilə Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur. Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil. Qarabağ atlarını Qafqazda mövcud olan digər cinslərlə calaq edərmişlər. Qarabağ cinsli atlar orta boyu, əzələli, yorğa atdır. Başları balaca, profilləri düzdür. Arxası və beli düz, döşü və ümumiyyətlə, gövdəsi enli, ayaqları quru, temperamentli, oynaqdırlar. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.

İngiltərədə dizaynerlər tərəfindən hazırlanan Ağdamın "Qarabağ" futbol klubunun loqotipində "Qarabağ"ın simvolu olan Qarabağ atları təsvir olunub[4].

Qarabağ atını başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıbmış. Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. Bu nişanlar xüsusən "Ceyran" tipində daha çox təsadüf edilir. Qarabağ atlarının köhnə tipləri "Maymun" (Xoşbəxt), "Qarnıyırtıq" və "Əlyetməz" (Ceyran) adlı ayğırlar nəsli olub. "Ceyran" tipinin boz rəngli qisminə "Gülgün" deyərmişlər. XIX əsrin ikinci yarısında Qarabağ atının Axaltəkə atı ilə qarışığıdan "Təkə-Ceyran atı" yetişdirilib. Bu atlar hündürboy və yüksək sürətə malik olub. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur. Qarabağ atının xarakterik nişanları – ayaqlarında müxtəlif dərəcədə səkil (ağlıq), alnının isə təpəl olmasıdır[5] "Sərdar", "Sultan", "Şah", "Ağalar", "Divar", "Meymun" və s. ayğırlardan keçmişdə "Atlı qvardiya alayının nümunəvi zabit atı" kimi istifadə edilməsi, bu atların yüksək iş qabiliyyətini bir daha sübut edir. Hərbçi B. A. Çudovski 1914-cü ildə yazırdı:

"Bizim hərbi dəstələrimiz Zaqafqaziyada olduğu zaman bütün ordu alaylarında zabitlərdə çoxlu Qarabağ atları var idi. Bu atlar bütün Zaqafqaziya yürüşlərində, habelə İranTürkiyə sərhədləri boyu yürüşlərdə çox yaxşı davam gətirirdilər. Qarabağ atı yerli şərait üçün çox qiymətlidir. İsti havada minicinin altında az tərləyir, halbuki, yanaşı gedən Kabardin atı tamamilə tər içində olur".

B.A.Çudovski, hərbçi

Qarabağ atının tarixi[redaktə | mənbəni redaktə et]

Eramızdan əvvəl I minilliyə aid Manna dövlətinin mövcud olduğu dövrlərə aid mənbələrdə atlardan artıq geniş istifadə edildiyi, o cümlədən onlardan qoşqu vasitəsi kimi istifadə edildiyi göstərilir. Manna dövlətinin süqutundan sonra təşəkkül tapmış qədim Azərbaycan dövlətləri – Midiya, Adərbayqan (Atropatena) və Albaniyada da atçılıq geniş yayılmışdı. Midiyada atçılıq daha yaxşı inkişaf etmişdi. Tarixçi Herodot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Xəzərin cənub-qərbində) yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilmişdir. Bir çox tədqiqatlardan, tarixi ədəbiyyatlardan, müxtəlif mənbələrdən, habelə, aparılan araşdırmalardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarı ilə, Nesey atlarından götürmüşdür. Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılmış və inkişaf etmişdir ki, onlardan biri Türkmən xalqının yetişdirdiyi Axaltəkə atları, digəri isə Azərbaycan xalqına məxsus olan Qarabağ atları olmuşdur. Bir çox sovet tədqiqatçıları Qarabağ atının tarixini öz səthi mülahizələri ilə soy kökündən uzaqlaşdırmağa cəhd göstərmişlər. Məsələn, professor İ. İ. Kaluqin Qarabağ atının mənşəyini Ərəb atı hesab etməklə ona Axaltəkə və İran atlarının təsir göstərdiyini qeyd edir. Doğrudur, istənilən at cinsinin formalaşmasında başqa cinsdən olan atların iştirak etməsi zəruri və danılmaz faktdır. Tarixdən Azərbaycana ərəblərin, farsların, monqolların intervensiyaları məlumdur və bu intervensiyalar, basqınlar hamısı süvari qoşunları vasitəsi ilə həyata keçirilib.[6]

İstər qədim dövrdlərdə və orta əsrlərdə, istərsə XIX və XX əsrlərdə Azərbaycanın yerli Qarabağ və Dilbaz atlarının təkmilləşdirilməsində xüsusilə, Ərəb atlarından geniş istifadə edilib. Lakin o zaman Azərbaycan atları keyfiyyətcə üstün olduqlarına görə onların gəlmə atlara təsiri daha çox olmuşdur. Yerli atlar miqdarca çox və keyfiyyətcə yaxşılaşdırıcı cəhətlərə malik olduqları üçün və yerli şəraitə daha yaxşı uyğunlaşdıqlarına görə gəlmə atlar tədricən assimilyasiyaya məruz qalmışlar. Əks halda, Azərbaycanda yerli cinslərin mövcudluğu belə mümkün olmazdı. Bəzi ərəb mənbələrində VIII əsrdə Azərbaycanda artıq islam dininin bərqərar olduğu dövrdə burada qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəb istilaçıları tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın qəsb edilib Ərəbistana aparılması qeyd olunur.

İ. İ. Kaluqin monqol atlarının da Qarabağ cinsinə təsirini xüsusi vurğulayır. Lakin əksər tədqiqatçıların, akademiklər Z. Bünyadov, İ. Əliyev, professor R. Səttarzadə və başqalarının əsərlərində Azərbaycan atlarının, o cümlədən Qarabağ atının özünə məxsus sərbəst inkişaf yolu keçdiyini, onun qədim bir cins olduğunu görmək olar.

Ən qədim dövrlərə aid əvvəlki arxeoloji qazıntılarda azı iki at tipinin olması, qədim sənət əsərlərində, miniatürlərdə müxtəlif at tiplərinin, o cümlədən Qarabağ atlarının təsviri, hələ Ərəb atlarının cins kimi formalaşmadığı dövrlərdə Azərbaycandan ərəb ölkələrinə minlərlə atların aparılması və həmin ölkələrdə onlardan yaxşılaşdırıcı kimi istifadə edilməsi və s. faktlar sübut edir ki, Qarabağ atı qədim dövrlərdən Azərbaycanda mövcud olmuş yerli atların əsasında uzun təkamül yolu nəticəsində formalaşmış, xalqın əsrlər boyu apardığı yaradıcı xalq seleksiyası sayəsində yaranmış at cinsidir.

"Qarabağ atçılığına bir baxış" məqaləsindən[7][redaktə | mənbəni redaktə et]

Qarabağ atlarının böyük pərəstişkarı və bilicisi olmuş polkovnik K. A. Diterixsin Rusiya Dövlət Atçılıq zavodları Birliyi müdriyyətinin xahişi ilə yazmış olduğu və 1866-cı ildə "Konnozavodstvo" jurnalında çap edilmiş "Qarabağ atçılığına bir baxış" məqaləsini orta əsrlərdə və XIX əsrdə Qarabağ cinsinin vəziyyəti barədə yazılmış ilk elmi məqalə hesab etmək olar. K. A. Diterixs Qarabağı Ön Asiyanın bir hissəsi və elmdə atın təbii vətəni hesab edilən bir diyar olmasını göstərərək, Qarabağ atlarının təşəkkül tapmasını və cins kimi formalaşmasını burada yaşayan insanların yalnız maddi-təsərrüfat ehtiyacları ilə deyil, əsrlərdən bəri onların həyat tərzi, mədəniyyəti və milli adət-ənənələrindən irəli gələn amillərlə sıx bağlı olduğunu vurğulayır.[8] Diterixs Qarabağ atlarının əsasını "xan sarılar köhləni" və "sarılar" adlanan atların təşkil etdiyini göstərərək qeyd edir ki, həmin atlar ilk növbədə Şuşa qəzası olmaqla, bu diyarda Şərq atlarının bütün növlərinin (o zamankı təsnifatla hazırda cins hesab edilən zooloji qrup növ, indi tip hesab edilən qrup isə cins adlandırılırdı – X. R.) son minillikdəki törəmələrini təmsil etməklə yanaşı, digər qan qarışıqlarına yol verilmədən geniş yayılmışdı.[9]

Şuşanın gerbində yaşıl sahədə çapan qızıl Qarabağ atı (1843-cü il)[10]

O, Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın Xan zavodlarının əvəzsiz rolunu qeyd edərək o zaman təkcə Şuşa qəzasında yüzdən çox atçılıq zavodlarının olmasını, onlardan xüsusilə Pənah xanın, onun oğlu, Qarabağın sonuncu müstəqil hakimi olmuş İbrahim xanın, İbrahim xanın oğlanları Mehdiqulu xanın, Məhəmməd Həsən ağanın, onun oğlu Cəfərqulu – Cavanşir xanın, Xan qızı Natəvanın (Usmiyevlərin), Xan nəvəsi Mirzə Əli bəyin, Əsəd bəyin, Fərəculla bəyin, Ibrahim bəyin, Süleyman xanın, Tağı bəyin, Hüseyn Ağa Ağanlının, Məmməd bəy Gilaninin, Adıgözəl bəy Gilaninin, Adıgözəl bəyin olğu Hüseyn bəyin, Mədətovun mehtəri Əbdülrəhmanın, kavaler Əli bəyin övladlarının, Məmməd bəy Qarabağlının, Məmmədqasım ağanın və digər xan zümrəsinə daxil olan sülalərin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işlərinin aparılmasını qeyd edir.[8] Həmin zavodçulardan Pənah xanın, onun sülaləsinin davamçıları olan Mehdiqulu xanın və Cəfərqulu xanın zavodlarında yetişdirilən Qarabağ atlarının xüsusilə fərqləndiyi və əvəzsiz maddi-mənəvi miras kimi sonrakı nəsillərə ötürülməsində böyük rolunun oynaması nəzəri cəlb edir. Xan zavodlarında aparılan işlərin müasir təhlili belə fikir söyləməyə əsas verir ki, həmin işlər məqsədyönlü olmaqla cinsin təkmilləşməsinə və arzu olunan tiplərin artırılmasına xidmət etmişdir. Buna misal olaraq törədici ayğırların həmişə təmizqanlı olmasına, "sarıların" təmizlikdə yetişdirilməsinə, cinsin daha qarışıq hissəsi olan "qalın sarılara" nisbətən daha təmiz qanlı "cins sarılar" adlanan hissəsinə üstünlük verilməsini göstərmək olar. K. A. Ditrixsin və başqa tədqiqatçıların əsərlərində XVIII–XIX əsrlərdə mövcud olmuş Qarabağ atlarının sadalanan tipiklik əlamətlərindən aşağıdakılar xüsusən diqqəti cəlb edir:

  • ilk növbədə dağlıq mənşəli atlara xas olan bədənin bütün hissələrinin hormanik və sıx surətdə əlaqəli olması, başın boyuna nisbətən mütənasib olması ilə yanaşı peysər hissəsinin güclü olması, dırnaqların möhkəmliyi, belin düz olması və yəhər yerinin hiss olunması, boyun kiçik olması, hərəkətlərində ağırlıq mərkəzini çevik saxlamaq qabiliyyətinin olması və bununla ən sürətli qaçış zamanı belə ani olaraq korpusun vəziyyətini dəyişərək dayanmaq qabiliyyətinin olması;
  • atın cənub mənşəli olmasını göstərən, dərinin nazik və quru, tüklərin zərif və göz qamaşdırıcı parlaq rəngi, sanqvinik-xolerik temperamentə malik olması, soyuqlamaya meyllik və s.;
  • atın saf qanlı olması və sahibinə itaət səviyyəsində bağlılığı, baxışlarının mənalı, davranışında mehribançılıq hissinin büruzə verilməsi və s.

XIX əsrin 70-ci illərində Qarabağda Yelizavetpol atçılıq zavodu təşkil edildi. Burada Qarabağ cinsli yaxşı madyanlar toplanmış və onlar qismən ərəb, hətta bəzi hallarda ingilis-ərəb ayğırları ilə cütləşdirilirdi. Beləliklə, orta əsrlərdən ta XIX əsrin sonlarına qədər uzun bir dövr ərzində Qarabağ atları bir sıra proseslərin fonunda onlar üçün qızıl əsr hesab edilə bilən inkişaf yolunu keçmiş oldu.

"Qarabağnamələr"də[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Qarabağnamələr

Bu məlumatlar о qədər də sistemli göstəriş olmasa da hər halda Qarabağ xanlığında heyvandarlıq təsərrüfatının ümumi vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa imkan verir.[11] Rzaqulu bəy Mirzə Camal oğlu da Qarabağ atlarının İran, Türkiyədə şöhrət tapdığını, xanın ilxısının sayının ayğırlardan savayı, 3500-dən çox doğar madyandan ibarət olduğunu qeyd etmişdir.[12] "Qarabağnamələr"də atçılıq təsərrüfatının bəzi məsələlərinə ətraflı şəkildə toxunulur. Bu qaynaqlara əsasən iddia etmək olar ki, Qarabağ xanlığında atçılıq təsərrüfatın mühüm sahələrdən biri idi. Bütün Cənubi Qafqazda Qarabağ atları cinsi, yaraşığı, dözümlülüyü, yüngüllüyü və qaçışı ilə şöhrət qazanmışdır. İngilislər bu atları hind süvari qoşunu üçün alırdılar. Qarabağ atları qızılı rəngi və gözəl forması ilə fərqlənirdi.[13] Məlumdur ki, at bütün dövrlər üçün sərfəli nəqliyyat növüdür. Fasiləsiz feodal müharibələri və basqınları zamanı at minik vasitəsi kimi döyüşlərdə əvəzedilməz rol oynayırdı. Atdan Qarabağ xanlığında nadir hallardakənd təsərrüfatı işlərində – əsasən xırmanlarda dərzlər döyülərkən istifadə olunurdu.[11] 1832-ci ildə Qarabağ əyalətində 250 ayğırı və 1400 madyanı olan 11 atçılıq zavodu var idi. Satış üçün atların yetişdirilməsi ilə iri feodallar məşğul olurdular. Onlar çoxlu sayda madyan yetişdirir və onlardan alınan balaları satışa verirdilər. 1831-ci ildə Qarabağda bir atın qiyməti 30 çervondan 300 çervona qədər idi[14] ki, bu da öz dövrü üçün kifayət qədər böyük məbləğ idi.[11] Qarabağ xanlığının ixracatında Qarabağ atları heç də az rol oynamırdı.[15]

Qarabağ atlarının növləri haqqında[redaktə | mənbəni redaktə et]

Qarabağ atı "Xan" (1867)
Qarabağ atı "Zaman" (1952)
Qarabağ atı "Sarvan" (1987)
Qarabağ atı "Qar-qar" (2001)

Qarabağın Xan zavodlarında əsasən 3 növə aid atlar saxlanılırdı: "Maymun", "Qarnıyırtıq" və "Əliyetməz":

  • "Maymun" növünə aid olan atlar uzaq yürüşlərə davamlı olmaqla, sakit temperamentli, hündürlüyə hoppanmağa bir qədər meylli olmuşlar.
  • "Qarnıyırtıq" növünə aid olan atlar çox yaraşıqlı, boynu hündür duruşlu olmaqla, güc və davamlılığına görə "Maymun" tipindən geri qalmışlar.
  • "Əliyetməz" (Ceyran) növü isə daha çox qısa məsafələrə qaçışda digərlərini ötən, hündür sıçrayışlı, ceyranı xatırladan yaraşıqlı və oynaq bədən quruluşuna malik olmuşlar. Bundan əlavə zavodçular "Toxmaq" tipinə də üstünlük verirdilər. Bu atlar nisbətən iri bədənli, rəngi sarı-qızılı, yalı və ayaqları isə tünd kəhər rəngdə olmuşdur. Qeyd olunan növlərin nəsil başçıları 1869-cu ildə keçirilmiş Ümumrusiya at sərgisində iştirak edərək, onlardan "Maymun" gümüş, "Toxmaq" bürünc medala, Usmiyevlərin (Xan qızı Natəvanın) "Əlyetməz" adlı atı isə attestata layiq görülmüşdür.

XIX əsrdə Azərbaycanda at cinsləri içərisində ən çox şöhrət qazananlardan biri Qarabağ atı idi. Bu at öz yüksək keyfiyyət göstəricilərinə görə təmiz qanlı ərəb atı olan köhlənlə bərabər tutulurdu. Bu atların xarici görkəmlərində diqqəti cəlb edən xüsusiyyətlər ondan ibarətdir ki, onların başları kiçik, burun pərələri enli, gözləri bir qədər böyük olur, möhkəm əzələli bədən quruluşuna malikdir. Nazik dəri üzərində yerləşən qısa, narıncı-qızılı tüklərin hər birinin ucunda sanki qığılcım dənələri parlayır. Qarabağ atının yalı və quyruğu tünd şabalıdı rəngdə, döş qəfəsi enli, ayaqları isə nazik olur.[16] Tarixi-etnoqrafik ədəbiyyatda Qarabağ cinsinin bir çox tipləri qeydə alınmışdır. Bunlardan Maymun (Xoşbəxt), Toxmaq, Şahmar, Qarnı yırtıq, Əlyetməz, Ceyran, Səlminaz və s. göstərmək olar. Bütün bunlar yerli şəraitə tam uyğunlaşan, yəhər altında özünü çox sərbəst hiss edən münasib minik atları idi. Qarabağ atının yorulmaq bilməyən sürətli yerişi və digər müsbət keyfiyyətlərinə görə nəinki Rusiyada, habelə Polşa, İngiltərə, Fransa kimi Avropa ölkələrində də həvəskar müştəriləri vardı. Qarabağ cinsinin şöhrəti müqabilində, həmin cinsdən olan ayqırlar döl məqsədi ilə atçılıq zavodları üçün satın alınır və bu yolla yerli at cinsləri yaxşılaşdırılırdı. XIX əsrin 90-cı illərində Azərbaycanda 213 baş safqanlı Qarabağ atı mövcud idisə, artıq inqilabdan sonrakı dövrlərdə demək olar ki, bu cinsin nəsli kəsilmişdi. XX əsrin 50-ci illərindən etibarən Ağdamda atçılıq zavodunun bərpası ilə əlaqədar olaraq bu cinsin yenidən artırılmasına qayğı göstərilməyə başlandı.[16]

Qarabağ atlarının Sovet hakimiyyəti dövründə vəziyyəti[redaktə | mənbəni redaktə et]

XIX yüzilliyin sonlarında Azərbaycanda feodal sosial-iqtisadi münasibətlərin süquta uğraması, ölkənin çar Rusiyasının tərkib hissəsinə çevrilməsi, həmin dövrlərdə Rusiya, İngiltərə, İran və digər dövlətlərə çoxlu sayda atların, xüsusilə madyanların satılması nəticəsində Qarabağ atlarının zəifləməsi, XX əsrin əvvəllərində baş vermiş bir sıra tarixi hadisələrin bu prosesə təkan verməsi, bütövlükdə bu cinsə yeni yanaşmanı, daha doğrusu, reabilitasiyasını ön plana çəkmişdir. Bunun üçün ilk növbədə ölkədə Qarabağ atlarının resurslarını müəyən etmək lazım idi. Bu məqsədlə 1926-cı ildə professor İ. İ. Kaluqinin rəhbərliyi ilə ekspedisiya yaradılmaqla respublikanın bölgələrində tədqiqat aparıldı. Ekspedisiya tədqiqatın nəticəsi üzrə belə nəticəyə gəldi ki, guya həmin dövrdə əsl Qarabağ atına rast gələ bilməmişlər. Bu bir sıra digər sovet tədqiqatçılarının da həmin fikri söyləməyə, hətta Qarabağ atının nəslinin tamamilə kəsilməsi barədə mülahizələr irəli sürmələrinə əsas vermişdi. Lakin bu heç bir elmi məntiqə uyğun olmayan, sadəcə yeni sovet ideologiyasının tələb etdiyi kimi, oktyabr inqilabından əvvəl mövcud olmuş xan və bəy zümrələrindən olan zavodçuların, əslində isə, xalqın tarixinə və onun əsrlər boyu yaratmış olduğu maddi-mənəvi sərvətlərə paxıllıq və ikrah hissi ilə yanaşaraq onu heçə endirməkdən başqa bir şey deyildi. Sadə məntiq bunu deyməyə əsas verir ki, həmin ekspedisiyadan cəmi 10–12 il əvvəl Qarabağ bölgəsi başda olmaqla Azərbaycanın müxtəlif yerlərində cins atlardan təşkil olunmuş çoxlu sayda zavod və ilxılarda minlərlə Qarabağ atları cəmləşmişdi. Bu qədər cins Qarabağ atları at ətinin yeyilmədiyi və atın namus, kişilik rəmzi kimi qəbul edildiyi ölkədə bu qısa zaman kəsiyində yox ola bilməzdi. Aparılan tədqiqatın nəticəsinin müasir təhlili belə fikir söyləməyə əsas verir ki, sadəcə olaraq, tədqiqatı aparmış ekspedisiyaya Qarabağ atlarını görmək sanki lazım deyildi. Əgər belə olmasaydı, həmin tədqiqatdan 20 il sonra (1946) Qarabağ at zavodunun təşkili məqsədilə cəmi bir neçə rayondan 60-dan artıq tipik Qarabağ atının tapılması mümkün olmazdı. Professor R. X. Səttarzadə və A. A. Ağabəyli də İ. İ. Kaluqinin və onun nəticələri ilə razılaşan alimlərin fikirlərini əsassız sayaraq hesab edirdilər ki, hər hansı bir cinsin üzərində aparılan seleksiya işinin səviyyəsindən və istiqamətindən asılı olaraq pisləşməsi və ya arzu edilən əlamətlərin gizli formaya keçməsi, heç də cinsin tamamilə sıradan çıxması demək deyildir. Bütün bunlarla yanaşı daha konkret fakt olaraq qeyd etmək lazımdır ki, XIX əsrdə mövcud olmuş xan zavodları dağılmış olsa da, XX əsrin əvvəllərində bir çox yerlərdə həmin zavodlarda yetişdirilmiş atların törəmələrindən istənilən qədər tapmaq mümkün idi. Məsələn, 20-ci illərdə xan zavodlarının qalıqlarından Şəki rayonundakı "Daşsüz" at zavodunda Bala Maymun, həmin zavodda 1935–1943-cü illərdə Nadir və onun törəmələrindən olan Nadir II, Şuşa ətrafında Şamılçıq adlı və s. ayğırların və çoxlu sayda madyanların mövcudluğu və onlardan pərakəndə halda olsa da istifadə edilməsi, cinsin genofondunun qorunmasına xidmət etməyə bilməzdi. Bununla belə 1921-ci ildə 20 törədici ayğırdan ibarət mərkəzi cütləşdirmə məntəqəsi təşkil edildi. Dövlət at tövləsi ("DAT" yaxud rusca "QZK") adlandırılan həmin məntəqədən yaz aylarında (cütdləşdirmə dövründə) hər birinə 2 baş olmaqla Şəki, Şamaxı, Ağdaş, Qazax, GöyçayŞuşadakı məntəqələrə ayğırlar paylanır, kompaniya başa çatdıqdan sonra isə yenidən mərkəzi məntəqəyə yığılırdı. Həmin ayğırların adları məlum olmasa da, arxiv materiallarından görünür ki, onlardan 12 başı Qarabağ cinsindən olmuşdur. Bu tədbirlərin də sözsüz ki, yerli atların cins keyfiyyətinin yaxşılaşdırılmasında xeyli rolu olmuşdur. Bundan sonra, 1933-cü ildə Laçın rayonunda, 1934-cü ildə Şəkidə 71 saylı (indiki "Daşsüz" DDKTIM-si) və 75 saylı Hil (Qusar rayonunda) Dövlət At tövlələri yaradıldı. Həmin təsərrüfatlarda xüsusilə, Laçındakı DAT-da xeyli Qarabağ atı cəmləşmişdi. Lakin XX əsrdə Qarabağ cinsinin tarixində ən önəmli hadisə kimi ixtisaslaşmış "Qarabağ" at zavodunun (indiki Ağdam at zavodunun) yaradılmasının əvəzsiz rolu qeyd olunmalıdır. Zavod rəsmi olaraq SSRİ Nazirlər Sovetinin 8 oktyabr 1948-ci il tarixli, 1681 saylı,[17] Azərbaycan SSR Nazirlər Sovetinin isə 27 may 1949-cu il tarixli, 583 saylı[18] qərarları əsasında yaradılmışdır. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Xalq Torpaq Komissasrlığının xüsusi komissiyası (N. Əfəndiyev, S. Cəfərov və S. Aquşeviç) Qarabağ atlarının keçmişdə geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzmiş və cinsin xarakterik əlamətlərini özündə saxlamış 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçmişdilər. 1947-ci ilin payızında seçilmiş həmin atlar Azərbaycan SSR Sovxozlar və Kənd Təsərrüfatı Nazirliklərinin mütəxəssisləri (U. Əlibəyov, S. Həsənov, İ. Əfəndiyev və S. Aquşeviç) tərəfindən bir daha baxışdan keçirilərək onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edildi və 1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Xaldan quşçuluq sovxozuna gətirildi və beləliklə zavodun əsası qoyulmuşdur. Sovxozlar Nazirliyinin xüsusi komissiyası (R. Səttarzadə, S. Zülfüqarov, A. Zaxoyev və S. Həsənov) tərəfindən həmin atlar bonitirə edilərək damğalanmış, onlara ad verilmiş, eksteryeri təsvir edilmişdir. Lakin yeni yaradılan at zavodu üçün Xaldan quşçuluq sovxozunun ərazisi əlverişli deyildi. Buranın yay ayları həddən artıq isti, torpaq və bitki örtüyü Qarabağınkından xeyli fərqli idi. Bütün bunlar əsas gətirilərək zavod 1949-cu ilin sentyabr ayında Ağdamın yaxınlığındakı Göytəpə adlanan yerə, vaxtilə Xan zavodlarına məxsus atların məskunlaşdığı yerlərdən birinə köçürüldü. Qarabağ atçılıq zavodu yaradıldığı zamandan etibarən uğurla fəaliyyətə başladı. 1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Moskvaya göndərildi.

Tarixi faktlar[redaktə | mənbəni redaktə et]

Qarabağ atı qədim Azərbaycan atlarının bir cinsidir. Hələ məxəzlərdə Ərəb atı haqqında heç bir məlumat olmadığı qədim dövrdə Azərbaycan atları, o cümlədən də Qarabağ atı tanınmış, şöhrət qazanmış və bir çox Şərq ölkələrində geniş yayılaraq, ən qiymətli atlardan sayılmışdır[19]. Araşdırıcılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, AtropatenaAlbaniya atlarının nəsillərindəndir. Qarabağ atları əsrlər boyu Roma, Sasani, Ərəb, Səlcuq, Monqol, İran və s. atlar ilə qarşılıqlı təsir nəticəsində müəyyən dəyişikliyə uğrasa da, öz əsli-kökünü saxlaya bilmişdir. XVIII–XIX əsrlərdə Qarabağ atlarının cinsi xeyli yaxşılaşdırılmışdır. Qarabağ atları Türkiyə, İran, Gürcüstan, Şimali Qafqaz, Rusiya, Qazaxıstan, və eləcə də, Qərbi Avropa atçılığa böyük təsir göstərmişdir. III, XVI əsrlər fars, VII–XI əsrlərdə ərəb, XIII əsrdə monqol istilalarından sonra Qarabağ atları gəlmə cinslərlə qarışdırılıb. Bu cins atlar haqqında ilk dəfə avropalı alim Keristinq yazıb. O, 1822-ci ildə İrana gedərkən Gürcüstanda Qarabağ və Xivə atlarını görüb. O güman edir ki, Qarabağ atları yerli cins madyanların ərəb atlarıyla cütləşməsindən törəyib. Alim bu qənaətdədir ki, bu atların tarixi İrana gedib çıxır. Nadir şah öləndən sonra (1747) onun ərəb cinsli at ilxısını ələ keçirən Pənahəli xan Qarabağa üz tutub. Başqa bir rəvayətə görə, atları Qarabağa ilk Qarabağ xanının varisi İbrahimxəlil xan gətirib. İranın Azərbaycandakı varisi Abbas Mirzənin vasitəçiliyi ilə Nadir şahın ilxısından bir neçə ərəb atı bəxşiş alıb. 1843-cü ildə Rusiyada nəşr olunan "Konnozavodstvo i oxota" jurnalında Qarabağ xanlığında türkmənərəb atlarından çox yaxşı cins yetişdirildiyi yazılıb. Jurnal Qərbdə ingilis atları kimi Şərqdə Qarabağ atlarının məşhur olduğunu qeyd edib. Bəzi tədqiqatçılar bu fikirdədirlər ki, Qarabağ cinsi Fərqanə-İran atının əsl ərəb atı ilə sintezidir[20]. Tarixin yaddaşında Qarabağ atlarının şöhrətinin bütün Yaxın Şərqə kimi yayıldığı bildirilir. Hətta məşhur təmizqanlı qaçağan at cinsinə malik olan ingilislər də Qarabağ atı ilə maraqlanırdılar. Bu atların gözəlliyi Şuşaya gələn səyyahların da diqqətini çəkirdi. 1865-ci ildə Şuşada olan görkəmli rus rəssamı Vasili Vereşşaqin belə yazırdı:

"Şuşanın yaxınlığında Mehdiqulu xanın qızının böyük, qədimi evi vardı və bayram tədbirlərinə xüsusi təmtəraq bəxş edən ən bahalı və əzəmətli görkəmli atlar ona məxsus idi. Qeyd edim ki, Qafqazda hərbi qulluqda olan rus general və məmurları da Qarabağ atlarından faydalanırdılar".

Vasili Vereşşaqin, rus rəssamı

Bu haqda 1829-cu ildə Ərzuruma səyahət edən rus şairi Aleksandr Sergeyeviç Puşkinin də qeydlərində rast gəlinir:

"Cavan rus çinovnikləri Qarabağ ayğırlarının belində gəzirdilər".

"Əlyetməz" adlı Qarabağ atı (1867)

İl ərzində iki dəfə Çadar düzündə atçaparlar arasında yarışlar keçirilir, qaliblərə qiymətli hədiyyələr verilərdi. İbrahim xanın atlarına dünya bazarında tələbat böyük idi. Xurşidbanu Natəvan da atçılıqla fəal məşğul olurdu və onun bütün ölkədə məşhur olan ilxısı vardı. Şairəninin Qarabağ atları 1867-ci ildə Parisdə, MoskvadaTiflisdə ümumdünya kənd təsərrüfatı sərgilərində iştirak edir və hər dəfə də qalib gələrək, qızıl medallarla mükafatlandırılmışdır. XIX əsrdə Qarabağ atının Kebarda atıyla cütləşməsi nəticəsində "Şahmar", "Durnalar", "Ağqədəm", "Alagöz" adlı az tanınan və kökü tez kəsilmiş nəsilləri əmələ gəlib. Rusiya çarlığının ordusunun atla təminatına cavabdeh olmuş polkovnik Diterkxs 1842–1860 illərdə yüzdən artıq at ilxısında 7–9 min başa qədər madyan olduğunu yazıb. 1891-ci ildə GəncəBakı quberniyalarının at zavodları və ilxılarında Qarabağ atlarının sayı 5 minə çatıb. Bundan başqa, 2 min baş at Şuşa, Cavanşir, Gəncə və Cavad qəzalarına yayılıbmış. Tiflis quberniyası, Sıqnaq və Telov qəzalarında 200-ə qədər Qarabağ atı varmış. Zaqafqaziyada məşhur baytar həkimi 1854-cü ildə Hanni yazır ki, Zaqafqaziyada məşhur və dövlətli adamların hamısı Qarabağ atı saxlamağa çalışarlarmış. Qarabağ atları XIX əsrin ortalarından başlayaraq ümumdünya at sərgilərində iştirak edib. 1866, 1869, 1872-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə ümumdünya at sərgilərindən mükafat və meallarla qayıdıb. İştirakçı atların şəkillləri Fransa və Vyanada çap olunan jurnallarda yer alıb. Qarabağ atı zavodu Rusiyanın və bəzi Avropa dövlətlərinin atçılığına az xidmət göstərməyib.

Ən məşhur at cinslərinə malik ingilislər belə Qarabağ atlarına maraq göstəriblər. 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan bahasına 60 baş madyan alıb aparıblarmış. Deyilənə görə, bu, zavodu tənəzzülə sürükləyib. 1826-cı ildə İran qəsbkarlarının çoxlu Qarabağ atını ələ keçirməsi də Qarabağ atçılığına böyük zərbə vurub. Süvaridə, idman yarışlarında ucaboy atlara tələbatın yaranması da Qarabağ atlarının taleyində mənfi iz buraxır. Bu tələbatı ödəmək üçün bəzi at zavodlarında Qarabağ atlarını ucaboy ərəb və Axaltəkə atlarıyla cütləşdirməyə başlayırlar. Ucaboy atlara tələbat həm də yeni zavodların tikilməsinə yol açıb. 1871-ci ildə Qarabağ atlarının cinsini yaxşılaşdırmaq məqsədilə Xan qızı Natəvan öz ilxısından 20 baş madyan və Ceyran adlı bir ayğır ayırır. Lakin zavodun təşkili baş tutmur. Şuşa qəzasında 1860-cı ildə təşkil edilmiş ayğırlar tövləsi də inkişaf edə bilmir. Tövlə 1885-ci ildə ləğv edilir. Əvəzinə Zurnabadda (indiki Xanlar kəndinin yaxınlığanda) çariça Yelizavetanın at lövhəsi yaradılır. Lakin əhalinin bu işə marağı olmadığından 1893-cü ildə o, Tiflis şəhərinə köçürülür. 1896-cı il rus tədqiqatçılarından R. Dubenski adlı birisi Zaqafqaziya at cinslərindən danışaraq yazırdı ki,

"Bu at cinslərinin sayca çox olmalarına baxmayaraq, əslində bunların hamısı Zaqafqaziyanın əsas cinsi olan Qarabağ atının nəsli dəyişən törəmələridir".

R.Dubenski, rus tədqiqatçısı[21]

"Gənc işçi" qəzetinin 16 oktyabr 1932-ci il tarixli nömrəsində "Qarabağ atlarının yox olması" adlı məqalə dərc olunmuşdur. Orada belə yazılmışdır:

"Bir zamanlar atçılığın mərkəzi olan Ağdam dairəsində Qarabağ atları çox az qalmışdır. Qarabağ atlarının yox olması Azərbaycan atçılığının gələcək etibarının düşməsi deməkdir. Bir zamanlar Qarabağ atlarını çoxaltmaqla məşğul olan xüsusi at fermaları mövcud idi. Qarabağ dairəsində olan bu zavod 1905-ci ildə qapanmışdır. Çar hökuməti at zavodlarının saxlanması, cins atların çoxalması barədə heç bir tədbir görməmişdir."[22]

2010-cu ilin noyabr ayının 11-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində iştirak etdiyi zaman ona Qarabağ cinsindən olan at hədiyyə edilmişdir. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prezidentə bildirmişdir ki, "Ağdam atçılıq sovxozu 1948-ci ildə yaradılıb. İndi burada 500-dək at vardır. Çar Rusiyası dövründə orduda 9 min Qarabağ atı olub".[23]

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Mütəxəssislərin fikrinə görə, Qarabağ atlarının Rusiyada, Avropa ölkələrində atcılığın inkişafına böyük təsiri olmuşdur. 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan çox baha qiymətə 60 baş madyan alıb aparmışlar. Qarabağ atının döllük və iş qabiliyyəti həmişə diqqəti cəlb etmişdir. XIX əsrin ortalarından başlayaraq, bu cinsdən olan atlar Ümumrusiya, Parisdə keçirilən Ümumdünya at sərgilərində nümayiş etdirilmiş, yüksək mükafatlara layiq görülmüşdür. Ağdam Atçılıq Zavodunda yetişdirilən "Sumqanda" adlı at iki yaşında 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə, üç yaşında isə 2400 metri 2 dəqiqə 52 saniyəyə qaçaraq rekord sürət göstərib. Bundan başqa "Liston", "Siqnal", "Naliv" adlı Qarabağ atları da müxtəlif vaxtlarda rekord nəticə göstərməklə dünya göstəricilərinə nail olub.[24] "At haqqında kitab" da deyilir ki, müasir don atları qızılı rəngdə olmalarına görə birinci növbədə Qarabağ atlarına borcludur. Qarabağ atları bir sıra beynəlxalq sərgi və müsabiqələrdə fəxri yer tutmuş, mükafatlar və medallar qazanmışdır. Müsabiqələrdə Qarabağ atları "Meymun", "Toxmax", "Ağalar", "Bayram", "Zaman", "Qaragözlü", "Qafqaz gözəli" və s. adlar altında iştirak etmiş və dəfələrlə qalib gəlmişdir.[25]

Qarabağ atları Avropada[redaktə | mənbəni redaktə et]

Qarabağ atının Avropaya gəlişi tarixində 1956-cı il də mühüm yer tutur. O vaxt Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça II Elizabetə Ağdam Atçılıq Zavodundan olan "Zaman" adlı Qarabağ atı da bağışlayıb. Sovet Hökuməti tərəfindən İngiltərə kraliçası II Elizabetə zavodda yetişdirilmiş "Zaman" adlı ayğırın hədiyyə edilməsi cinsin tarixində önəmli hadisələrdən hesab edilir.[26] Həmin atı Kraliçaya məşhur jokey Əli Tağıyev aparmışdı.

Kral, ya da kraliça?

Öz əvvəlki hökmündəmi
bu gün yenə
Britaniyada kraliça?
Kraliça Yelizaveta...
Ekzotika vurğunudur
Kraliça Yelizaveta.
Səyahətə çıxan zaman
qamçı vurmaz o hər ata!
Meyl salıb Qarabağdan
Töhfə kimi gətirilən
Kəhər ata!
"Zaman" yatmır ipə, sapa,

Dirək olub kişnərtisi yerə, göyə...

"Qarabağ atı", Bəxtiyar Vahabzadə[27]

1960–1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daxilində ailə və xətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.[6] Aparılan məqsədyönlü işlərin nəticəsi kimi 1980-ci illərdə Moskva auksionu vasitəsilə çoxlu sayda Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtaliyaya, Fransaya və digər ölkələrə satılmasını qeyd etmək olar. Həmin illərdə respublika daxilində də zavoddan çoxlu sayda damazlıq atları satılmışdı.

İsveçrəli at saxlayan Hans Hutmeyer isə hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı Əlyetməzə heykəl də qoyub. Bu həmin Əlyetməzdi ki, Rusiyada knyaginya Usmiyevanın at zavoduna məxsus olub və 1867-ci ildə ümumrusiya sərgisində mükafat alıb.[28] Hələ XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. İlk dəfyə fransız xanımlar öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar. Hazırda Almaniyanın Frankfurt şəhərində Verena Solian adlı xanımın rəhbərliyi ilə "Qarabağ atlarının dostları" klubu da fəaliyyət göstərir. Bu qadının təşəbbüsü ilə Almaniyada Qarabağ atların kataloqu dərc olunub.[24]

Müasir vəziyyət[redaktə | mənbəni redaktə et]

Poçt markası üzərində Qarabağ atının şəkli
Poçt markası üzərində Qarabağ atının şəkli

XX əsrin əvvəllərindəki təlatümlər sonucunda Qarabağ atlarının kökü kəsilmək təhlükəsiylə üzləşib. 1926-cı ilin hesabatlarında yazılırmış ki, Qarabağ atı tamamilə məhv olub. Qarabağ atlarını xilas etməyə 1946-cı ildə cəhd göstərilib. Xüsusi komissiya kolxozlarda saxlanan 1834 baş atın içindən tipik Qarabağ atının xüsusiyyətlərini özündə cəmləmiş 60 baş at seçib. Onlardan 59-u madyan, biri "Noxta" ləqəbli təmiz Qarabağ ayğırıymış. Amma "Noxta" öz missiyasını tam yerinə yetirə bilməyib. 1948-ci ildə təşkil edilmiş Ağdam Atçılıq Zavodunun yaranmasına azacıq qalmış ölüb. Onu "Dnestr" ləqəbli Don atı, sonralar xüsusi alınmış 3 ərəb ayğırı əvəz edib. 1987-ci ilin göstəricilərinə görə, Azərbaycanda yalnız 569 cins Qarabağ atı olub. Sovetlər İttifaqının dağılması və Azərbaycanın müstəqillik qazanması qansız-qadasız qurtarmayaraq bu günümüzə qədər davam edən Qarabağ müzaribəsi ilə təzahür etdi. Bu müharibədə dinc əhalimizin kütləvi soyqırımı, milyona qədər qaçqın və məcburi köçkünlər ordusunun yaranması ilə yanaşı, ölkənin təsərrüfat sisteminə, o cümlədən atçılığa da ağır zərbə vurdu. 1993-cü ilin iyul ayında Ağdam rayonu erməni təcavüzkarları tərəfindən işğal edildi. Erməni qoşunları rayonun ərazisinə soxulan zaman onları ilk növbədə maraqlandıran obyektlərdən biri məhz Ağdam Atçılıq Zavodu zavodu idi. Lakin ermənilər bu istəklərinə nail ola bilmədilər, fədakar atçılar Qarabağ atlarının döyüş bölgəsindən çıxarılmasını təmin etdilər. Döyüş bölgəsindən çıxarılan Qarabağ atları əvvəlcə bir müddət Yevlax rayonundakı "Aran" damazlıq qoyunçuluq təsərrüfatının ərazisində yerləşdirildi. Lakin həmin yerlərin təbii şəraiti Qarabağ atları üçün əlverişli olmadığına görə atlar zavodun Ağcabədi rayonu ərazisindəki Lənbəran qışlağına köçürüldü. Ağdam Atçılıq Zavodu köçürüləndə 300-ə qədər at qeydə alınıb. Ancaq mütəxəssislər deyirlər ki, indi Azərbaycanda 100 Qarabağ atı tapılsa, böyük şeydi. Qarabağ atlarının yetişdirilməsiylə Ağcabədiyə köçürülmüş Ağdam Atçılıq Zavodu məşğul olur. 1997-ci ilin hesabatalarında bu zavodun cəmi 21 bala aldığı göstərilib. Hələ XIX əsrin sonlarında Qarabağ atının sayı 9 mindən 7 minə düşəndə rus hərbçiləri həyəcan təbili vururdu.[20] Mütəxəssislər deyirlər ki, Qarabağ zonasındakı hazırkı yerli atların çoxu bu cinsin cırlaşmış qalıqlarıdır. Buna görə də uyğun zoobaytariya şəraitində bu atların yaxşı hissəsi əsasında məşhur Qarabağ cinsini bərpa etmək və təkmilləşdirmək mümkündür.[29]

Dövlət qayğısı[redaktə | mənbəni redaktə et]

"Atçılıq haqqında" Azərbaycan Respublikasının 27 fevral 2007-ci il tarixli, 255-IIIQ nömrəli Qanununun 27-ci maddəsinin 27.4.-cü bəndinə əsasən Milli at cinslərinin beynəlxalq miqyasda tanınması üçün Qarabağ və Dilbaz at cinsləri qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən patentləşdirilir.[1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 noyabr 2014-cü ildə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi üçün sərəncam vermişdir.[30] Sərəncama əsasən, Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 2,0 (iki) milyon manat ayrılmışdır.[30] Ölkə başçısının 21 avqust 2015-ci il tarixli Sərəncamına əsasən isə Qarabağ atı cinsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin yekunlaşdırılması üçün 1,5 milyon manat ayrılmışdır.[31] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Sərəncamına əsasən, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, bu sahədə seleksiya damazlıq işlərinin elmi əsaslarla aparılmasına şərait yaradılması istiqamətində həyata keçirilən tədbirlərin başa çatdırılması və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Ağdam Atçılıq Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Atçılıq kompleksinin tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 2,0 milyon manat ayrılmışdır.[32]

"Azərbaycan atçılığın inkişafı üzrə dövlət proqramı" haqqında : 8 oktyabr 2007-ci ildə "Atçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının 1.4-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti "Atçılığın inkişafı üzrə Proqram"ı təsdiq etmişdir. Proqramda atçılığın, o cümlədən məşhur Qarabağ atlarının inkişafı üzrə məsələlər sadalanır. Proqramda göstərilir ki, Azərbaycan atçılığın qədimdən inkişaf etdiyi ölkələrdən biridir. "Pənah xan, Mehdiqulu xan və Cəfərqulu xanın Qarabağ bölgəsindəki atçılıq zavodları "Dilbaz" cins atının formalaşmasında və təkmilləşməsində önəmli rol oynayıb. Bir sıra faktlar sübut edir ki, Azərbaycan atları dünyada geniş yayılmış ərəb və ingilis cinc atlarının formalaşmasında müəyyən rol oynayıblar" deyə proqramda bildirilir. Azərbaycan atçılığın inkişafı üzrə dövlət proqramında həmçinin qeyd olunur ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar "Dilbaz" və "Qarabağ" atlarıdır. Proqrama əsasən son məlumatlara görə Azərbaycanda 69 984 baş at yetişdirilir. Bunun 20–22%-i "Qarabağ", 14%-i "Dilbaz", 8–10% "Quba yorğası" və "Kiçik Qafqaz", həmçinin "Şirvan" atları, 1%-i əsil "ingilis" və "ərəb" cins atlarına məxsusdur, qalanları isə cins deyil. Proqramda elmi-tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması, müvafiq kitabların buraxılması, reyestr, cins atların, pasportlarının, qeydiyyat formalarının, həmçinin normativ-hüquqi sənədlərin hazırlanması, genetik fondun qorunması nəzərdə tutulmuşdur.[33]

Qarabağ atları filateliyada[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında dəfələrlə Qarabağ atlarına həsr olunmuş poçt markaları buraxılmışdır. İlk belə marka 1 fevral 1993-cü il tarixində təqdim olunmuşdur.[34] Bu mövzuda növbəti poçt markaları isə 1995-ci ilin noyabr ayının 30-da[35], 2006-cı ilin iyun ayının 27-də[36] və 2011-ci ilin noyabr ayının 16-da[37] Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən təqdim edilmişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Atçılıq haqqında" Azərbaycan Respublikasının 27 fevral 2007-ci il tarixli, 1555-IIIQ nömrəli Qanunu. e-qanun.az Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine  (az.)
  2. "Fransız qadınlarını heyrətləndirən Qarabağ atları". 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-14.
  3. "Fastest speed for a race horse, Guinnes world records". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-26.
  4. ""Qarabağ" futbol klubunun yaranma tarixi". qarabagh.com. 2015-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-27.  (az.)
  5. Карабаxскиe скакуны Arxivləşdirilib 2019-04-25 at the Wayback Machine  (rus.)
  6. 1 2 "Qarabağ atlarının qısa tarixi". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-14.
  7. K. A. Diterixs. "Qarabağ atçılığına bir baxış". "Konnozavodstvo" jurnalı, 1866.
  8. 1 2 К.Дитeриxc. Взгляд на конeводство Карабаxa. – Журнал "Конeводство", 1806, ? 3, с. 5–7
  9. ["Карабаxская порода лошадeй  (rus.)". 2009-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-14. Карабаxская порода лошадeй  (rus.)]
  10. Milli heraldikamızın inkişafı dövlətin vahid siyasətinin əsas istiqamətlərindən biridir. azerbaijan-news.az Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine  (az.)
  11. 1 2 3 Yunis Hüseynov. "Qarabağnamələr" Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı, Elm, 2007, səh. 74. Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine  (az.)
  12. Rzaqulu bəy Mirzə Camal oğlu. Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və zamanın hadisələri // Qarabağnamələr. İkinci kitab, tərtib edəni və çapa hazırlayanı professor N. Axundov. Bakı, Yazıçı, 1991, səh. 243.  (az.)
  13. Mustafaev M. M. Gkonomika Karabaxskoqo xanstva. Na pravax rukopisi. Berlin, 1949, səh. 53.  (rus.)
  14. Оbozrenie Rossiyskix vladeniy za Kavkazom v statiçeskom, gtnoqrafiçeskom i finansovom otnoşeniəx. SPb., Tipoqrafiə departamenta vneşney torqovli, 1836, ç.3, h. III, səh. 296.
  15. Yunis Hüseynov. "Qarabağnamələr" Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı, Elm, 2007, səh. 86. Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine  (az.)
  16. 1 2 Həvil Həvilov. "Martda mərək…". Bakı, "Azərnəşr", 1993, səh. 35.  (az.)
  17. SSRİ Nazirlər Sovetinin 8 oktyabr 1948-ci il tarixli, 1681 saylı Qərarı
  18. Azərbaycan SSR Nazirlər Sovetinin isə 27 may 1949-cu il tarixli, 583 saylı Qərarı
  19. Qarabağ atının qısa tarixi Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine  (az.)
  20. 1 2 Nuranə Tofiqli. "Qarabağ atları da əldən gedir…" "Xalq cəbhəsi" qəzeti, 11 fevral 2009, səh. 13. anl.az Arxivləşdirilib 2022-04-10 at the Wayback Machine  (az.)
  21. Həvil Həvilov. "Martda mərək...". Bakı, "Azərnəşr", 1993, səh. 33.  (az.)
  22. "New Baku Post" qəzeti. 12.10.2013, № 76 (128), səh. 16. [ölü keçid]  (az.)
  23. Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində iştirak etmişdir. "Azərbaycan" qəzeti, 13 noyabr 2010, səh. 3–4. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine  (az.)
  24. 1 2 "Fransız qadınlarını heyrətləndirən Qarabağ atları…". 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-14.
  25. "Qarabağ atının qısa tarixi". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-14.
  26. B. CAHANDAROV. "Qarabağsız qalan Qarabağ atları". "Paritet" qəzeti. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine  (az.)
  27. Bəxtiyar Vahabzadə. "Qarabağ atı" (şeir), Seçilmiş əsərləri. İki cilddə. I cild (Şeirlər). Bakı, "Öndər nəşriyyatı", 2004, səh. 107. Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine  (az.)
  28. Qarabağ atları Avropada
  29. Canalı Mirzəliyev. At muraddır, insanların dostudur. "Mədəniyyət" qəzeti, 3 aprel 2009. medeniyyet.az Arxivləşdirilib 2010-12-30 at the Wayback Machine  (az.)
  30. 1 2 İlham Əliyev. "Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.)). president.az. 2014-11-19. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-29.
  31. "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında" Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2015-ci il tarixli Sərəncamı. president.az  (az.)
  32. "Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında" Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2017-ci il tarixli Sərəncamı. president.az  (az.)
  33. Artur Rasizadə. ""Atçılığın inkişafı üzrə Proqram"ın təsdiq edilməsi haqqında" (az.)). e-qanun.az. 2007-10-08. İstifadə tarixi: 2014-10-29.[ölü keçid]
  34. 1993, 1 Fevral. Atlar. azermarka.az Arxivləşdirilib 2015-09-18 at the Wayback Machine  (az.)
  35. 30 Noyabr, 1995. Flora və Fauna. azermarka.az Arxivləşdirilib 2010-02-17 at the Wayback Machine  (az.)
  36. 27.06.2006. "Qarabağ atları". azermarka.az Arxivləşdirilib 2015-09-18 at the Wayback Machine  (az.)
  37. 16.11.2011. Qarabağ atları. azermarka.az Arxivləşdirilib 2015-09-19 at the Wayback Machine  (az.)
  38. "Atlar" markasının üzərində xaç işarəsi (N170-N177). azermarka.az Arxivləşdirilib 2015-09-18 at the Wayback Machine  (az.)