Plateresko

Salamanka Universitetinin fasadı

Plateresko (isp. Plateresco) — XV əsrin sonlarından başlayaraq 2 əsr davam edən, İspaniya və onun müstəmləkələri üçün ənənəvi olan və ispan mədəniyyətində əsas yer tutan memarlıq üslubu. Bu, qotik məkan anlayışının mudexar, qotik flamboyant və Lombardiya memarlığının dekorativ ünsürlərinin və Toskana mənşəli İntibah elementlərinin eklektik qarışığıdır.[1]

Etimologiyası[redaktə | mənbəni redaktə et]

Bəzən bu terminin adını "yastı" (plato — yayla) sözü ilə əlaqələndirsələr də, onun adı ispan dilində gümüş mənasını verən "plata" sözündən yaranmışdır və binaların incə, zərgər işinə bənzər şəkildə bəzənməsi nəzərdə tutulur. Bu termini ilk dəfə XVII əsrdə Dieqo Ortiz de Zunyiqa Sevilya kafedral kilsəsinin kral kapellası barədə işlətmişdir.[1][2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Sevilya şəhər bələdiyyəsinin binası, memar Dieqo de Rianyo

Bu üslub öz inkişaf tarixində 2 mərhələdən keçib və İntibahın ispan variantı hesab edilir. İlkin mərhələ XV əsrin sonuna təsadüf edir və kral Ferdinandın həyat yoldaşı kraliça İzabellanın şərəfinə isabelino adlandırılır, lakin XIX əsrdə yaranmış və kraliça II İzabellanın şərəfinə adlandırılan isabelino üslubu ilə səhv salınmamalıdır. Bu dövrdə qotik ənənələr güclü idi, mavritan elementləri də vardı və ümumilikdə bu dövr müxtəlif üslubların qarışığından ibarət idi. Həmin dövrdə Pireney yarımadasında hələ də ərəblər və ispanlar arasımda siyasi və dini qarşıdurmalar mövcud idi. Sonradan İtaliya incəsənətinin klassik formalarının İspaniyaya təsiri hiss olunmağa başladı. XV–XVI əsrlərdə İspaniyada əsasən çox da böyük olmayan kilsələr, kral məqbərələri, köhnə böyük qotik kilsələrə əlavə olaraq gözəl kapellalar tikilirdi.

Yeni üslubun ilk işartıları Toledodakı San-Xuan-de-los-Reyes (1476) kilsəsinin interyerində görünürdü. Memar Xuan de Quas tavanda mavritan elementi — səkkizguşəli ulduz çəkmişdi, baxmayaraq ki, xarici görünüşcə kilsə sərt və qotika ənənələrinə uyğundur.

Platereskonun yetkin mərhələsi — XVI əsrə təsadüf edir. Əsas xüsusiyyətləri fasad kompozisiyasındakı dəyişikliklər olmuşdur. Fasadlar klassik memarlıq və heykəltəraşlıq formaları, barelyeflər, büstlər, antik allahların heykəlləri ilə zənginləşdirilir. Ən böyük nümunələri Salamanka Universiteti (1515–1533), "Balıqqulağılı ev" (1493–1517), Alkala-de-Enaresdə universitetdir (1540–1559).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Bozal, Valeriano; Art history in Spain: From the origins to the Enlightenment, pp. 157, 165. Ed Akal (1978). ISBN 978-84-7090-025-9.
  2. Arellano, Fernando; The Hispanic American Art, pp. 13–14. Ed. Universidad Católica Andrés (1988). ISBN 978-980-244-017-7.