Nəsrlə yazılmış Milad nəğməsi

Wikipedia open wikipedia design.

Nəsrlə yazılmış Milad nəğməsi
ing. A Christmas Carol In Prose
Charles Dickens-A Christmas Carol-Cloth-First Edition 1843.jpg
Əsərin ilk nəşrinin üz qabığı, 1843
Müəllif(lər) Çarlz Dikkens
Janr povest
Mövzu Milad bayramı
Orijinalın dili ingiliscə
Ölkə Böyük Britaniya Böyük Britaniya
Orijinalın nəşr ili 1843
Tərcüməçi tərcümə olunmayıb
Nəşriyyat Chapman & Hall
Sonrakı Zınqırovlar
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Nəsrlə yazılmış Milad nəğməsi: Ruhlarla Yul hekayəsi (ing. A Christmas Carol. In Prose. Being a Ghost Story of Christmas) — Çarlz Dikkens tərəfindən yazılmış və daha çox "Milad nəğməsi" (ing. A Christmas Carol) adıyla tanınan povest-nağıldır. Əsər ilk dəfə 1843-cü ildə Con Liçin orijinal illüstrasiyaları ilə Londonun "Chapman & Hall" nəşriyyat evi tərəfindən çap edilmişdir. "Milad nəğməsi" əsərində yaşlı Ebenecer Skrucun başına gələn hadisələrdən bəhs olunur. Milad bayramı ərəfəsində Skrucun yanına əvvəlcə onun keçmiş iş yoldaşı Ceykob Marlinin, daha sonra isə Keçmiş, İndikiGələcək Milad bayramının ruhları gəlir. Daha əvvəl qəddar və deyingən olan Skruc, ruhların ziyarətindən sonra daha mehriban və zərif adama çevrilir.

Dikkensin “Milad nəğməsi”ni yazdığı dövrdə britaniyalılar Milad himnləri kimi kimi köhnə ənənələrə yenidən baxır və Milad ağacı kimi yeni ənənələri mənimsəyirdilər. O, uşaqlığında yaşadığı bayram təcrübəsi, o cümlədən Vaşinqton İrvinqDuqlas Cerrold kimi digər sənətkarların Milad nağıllarından ilhamlanmışdır. Povesti yazmazdan əvvəl Dikkens üç Milad hekayəsi yazmış, həmçinin Londonda nəzarətsiz uşaqlar üçün fəaliyyət göstərən məktəblərdən biri olan Fild-leyni ziyarətdən ilhamlanmışdır. Kasıblara qarşı münasibət, eqoist insanın səhvlərini düzəldərək daha hissiyyatlı fərdə çevrilməsi povestin əsas mövzusudur. Mövzunun tamamilə dünyəvi xarakter daşıması, yoxsa xristian alleqoriyası olması haqqında elm xadimləri arasında müzakirələr vardır.

19 dekabrda çap edilən əsərin ilk nəşri Milad axşamı satışa çıxarılmışdır; 1844-cü ilin sonuna kimi povest 13 dəfə təkrar nəşr edilmişdir. Tənqidçilərin əksəri povesti müsbət qiymətləndirmişlər. 1844-cü ildə povest Dikkensdən xəbərsiz nəşr edilmiş və o, nəşriyyatı məhkəməyə vermişdir. Sonrakı illərdə yazıçı daha dörd Milad hekayəsi yazmışdır. 1849-cu ildə yazıçı povesti ictimayət arasında oxumağa başlayır və layiə o qədər uğurla qarşılanır ki, 1870-ci ilə kimi 127 tamaşa təşkil edir. “Milad nəğməsi”nin ingilis dilində nəşri heç vaxt dayandırılmayıb və əsər bir çox dillərə tərcümə olunub; povest dəfələrlə digər mediaya uyğunlaşdırılmışdır.

Viktorian dövrünün ortasında Milad bayramlarının canlandırıldığı vaxtda meydana çıxan povest, həmin tarixi dövrün ruhunu əks etdirir. Dikkens Qərbi Avropa ölkələrinin Milad ənənələrindən ilhamlandığını etiraf edir, povest isə ailəvi görüşlər, mövsüm yemək və içkiləri, rəqslər, oyunlar, bayram hədiyyələri kimi bir çox ənənələrin meydana çıxmasına səbəb olmuşdur.

Məzmunu[redaktə | əsas redaktə]

Kitab beş fəsilə bölünür, fəsillər isə Dikkens tərəfindən nəğmə adlandırılır.

Birinci nəğmə[redaktə | əsas redaktə]

Londonda yaşayan Ebenezer Skruc iş şəriki Ceykob Marlinin ölümündən yeddi il sonra soyuq qış günündə növbəti Milad gecəsini qarşılayır. Deyingən qoca olan Skruc Milad bayramını sevmir və ölmüş bacısı Fanın oğlu Fredin dəvətindən imtina edir. O, imkansız ailələri bayram günündə qida və istilik ilə təmin etməyə çalışan iki adamın yardım təklifindən də imtina edir, yorğun və az maaşa çalışan köməkçisi Bob Krayçitə isə uzun müzakirədən sonra bayram tətilinə çıxmağa icazə verir.

Bütün ömrünü xəsislik və eqoizmlə keçirmiş Marlinin ruhu həmin gecə ağır zəncirlərlə bağlanmış və daxılların çəkisi altında əzilib sürünərək Skrucun yanına gəlir. Marli Skruca deyir ki, oxşar halın onun da başına gəlməsindən qalxmaq üçün bircə yolu var: onu ziyarət edəcək üç Milad ruhunun tələblərini həyata keçirmək; əks halda isə əbədi lənətlənən Skruc öz ağır xasiyyətini zəncir kimi daşımalı olacaq.

İkinci nəğmə[redaktə | əsas redaktə]

Birinci gələn Keçmiş Milad ruhu Skrucu uşaqlıq illərinin Milad bayramlarına apararaq ona, daha məsum olduğu dövrü xatırladır. Skruc məktəb-internatda keçirdiyi tənha uşaqlığını, sevimli bacısı Fanla olan münasibətləri, ona oğlu kimi yanaşan ilk direktoru Mister Fizzviq tərəfindən təşkil edilmiş ilk Milad şənliyini xatırlayır. Skrucun həyat yoldaşı Bell başa düşür ki, o, heç vaxt pulu sevdiyi qədər heç kimi sevməyəcək və cütlük ayrılır. Marlinin vəfat etdiyi Milad axşamı Keçmiş Milad ruhu Skruca Bellin böyük xoşbəxt ailəsini göstərir. Bell Skrucun necə insana çevrildiyini təsvir edir və bu təsvirdən təsirlənən Skruc ruhdan dərhal onu öz evinə qaytarmağı tələb edir.

Üçüncü nəğmə[redaktə | əsas redaktə]

İkinci gələn İndiki Milad ruhu Skrucu əvvəlcə insanların Milad naharı üçün alış-veriş etdiyi şən bazara, daha sonra isə şaxta və mayak işçilərinin bayram kottecinə aparır. Skruc və ruh birlikdə Fredin bayramına gəlirlər. Daha sonra Kok Krayçitin evinə gələn ruh və Skruc onun kiçik oğlu Balaca Timlə tanış olurlar. Tim ağır xəstə olmasına baxmayaraq bayramın gəlməsindən xoşbəxtdir. İndiki Milad ruhu deyir ki, hadisələrin gedişinə müdaxilə olunmasa balaca Tim vəfat edəcək. Yoxa çıxmazdan əvvəl ruh Skruca Cəhalət və İstək adlı iki arıq uşaq göstərir. O, hər şeydən əvvəl birincidən uzaq durmağı tapşırır və Skrucun onlara qayğısını lağa qoyur.

Dördüncü nəğmə[redaktə | əsas redaktə]

Üçüncü gələn Gələcək Milad ruhu Skruca gələcəyin Milad bayramını göstərir. Ruh kimsəsiz yaşlınn ölümündən sonra baş verənləri canlandırır; iş adamları onun dəfninə yalnız nahar üçün gəlirlər, köməkçisi, xidmətçisi və yerli tabut düzəldən adamın mülkünə sahib çıxırlar. Skruc rihdan xahiş edir ki, onun ölümündən sonra hansısa hisslər keçirən birini də göstərsin. Ruh, ölümə sevinən kasıb cütlüyü göstərir. Cütlük sevinir ki, Skrucun ölümü onlara maddi vəziyyətlərini qaydaya salmaq üçün bir az vaxt verir. Skruc ölümlə bağlı istənilən incə hissləri göstərməyi xahiş etdikdə ruh ona balaca Timmin ölümündən kədərlənən Bob Krayçit və onun ailəsini göstərir. Daha sonra ruh Skruca, onun adı yazılmış olan tərk edilmiş məzar daşına baxmağa imkan yaradır. Səhvini başa düşən Skruc dəyişəcəyinə söz verir.

Beşinci nəğmə[redaktə | əsas redaktə]

Milad səhəri Skruc tamamilə başqa bir adam kimi oyanır. O, daha əvvəl imtina etdiyi xeyriyyəçilik işinə böyük məbləğ ianə edir, anonim şəkildə Krayçitt ailəsinin bayram süfrəsi üçün hind toyuğu göndərir və bayramı Fredlə birlikdə keçirir. Növbəti gün o, Krayçittin maaşını qaldırır və balaca Timə kömək etməyə başlayır. Bundan sonra Skruc hamıya mehribanlıqla yanaşır və Milad ruhunu əks etdirir.

Tarixi-mədəni mühit[redaktə | əsas redaktə]

Çarlz Dikkens orta sinif ailəsində anadan olmuşdu və ailə başıçısı Conun israfçılığına görə onlar maddi çətinliklə üzləşmişdilər. 1824-cü ildə Con, Sautuork, Londonda yerləşən və borclular üçün nəzərdə tutulmuş Marşalsi həbsxanasına göndərilmişdi. 12 yaşlı Dikkens kitab kolleksiyasını girov qoymağa və siçovullarla dolu ayaqqabı təmizləmə yağı fabrikincə işləməyə məcbur olmuşdu. Həyat şəraitinin dəyişməsi, bioqrafı Maykl Sleyterin dili ilə desək, Dikkensə “dərin şəxsi və sosial narazılıq” hissi bəxş etmiş və bu hiss yazıçının bütün əsərlərinə və dünyagörüşünə təsir etmişdir.[1]

1842-ci ildə Dikkens artıq tanınmış yazıçı kimi, altı əsas əsərini[Qeyd 1], o cümlədən bir neçə novella və hekayəsini ərsəyə gətirmişdi.[2] Həmin ilin 31 dekbarından isə Dikkens Martin Çezlevit romanını aylıq serial şəklində çap etdirməyə başlayır[Qeyd 2]; roman yazıçının sevimli əsəri olsa da, satışlar yaxşı getmir və o, müvəqqəti çətinliklə üzləşir.[3]

Viktorian dövründə Milad bayramı şənlikləri getdikcə daha da məşhurlaşır.[4] İlk Milad ağacı Böyük Britaniyada XVIII əsrdə bəzədilsə də, onun xalq arasında populyarlaşmasında kraliça Viktoriya və şahzadə Albert böyük rol oynayırlar.[5] Əvvəlki yüzillikdə məşhurluğunu itirmiş Milad nəğmələri də XIX əsrin əvvəllərindən populyarlıq qazanmağa başlayırlar. 1823-cü ildə Devis Gilbert tərəfindən nəşr edilmiş “Bir neçə qədim nəğmə” kitabında İngiltərənin qərbində əvvəllər məşhur olmuş nəğmələr toplanır, 1833-cü ildə isə Uilyam Sendisin “Qədim və müasir Milad nəğmələri” adlı kitabları nəşr edilir. Hər iki kitab Milad nəğmələrinin daha da yayılmasına gətirib çıxarır.[6]

Dikkens Milada maraq göstərirdi və onun bu mövzuya həsr edilmiş “Milad festivalları” adlı ilk hekayəsi 1835-ci ildə Bell's Weekly Messenger adlı jurnalda nəşr edilmişdi; 1836-cı ildə həmin hekayə “Milad şam yeməyi” adı ilə “Sketches by Boz” toplusunda nəşr edilir.[7] 1836-cı ildə yayımlanmış Pikvik klubunun qeydlərində yazıçının Milad mövzusunda olan “Sekstonu qaçırmış qoblinlərin hekayəsi” də yayımlanır. Hekayədə kobud və tənha adam olan cənab Uordl qoblinlər tərəfindən ziyarət edilərək keçmiş və gələcəyin göstərilməsindən sonra müsbətə doğru dəyişilir.[8] Sleyter hesab edir ki, “bu hekayədə Milad nəğməsinin əsas elementləri mövzuddur”, lakin, hələ qəti formada deyildir.[9] Bu hekayəsindən sonra Ustad Hamfrinin saatları nəşrində Dikkens Miladdan bəhs edir.[9] İngilis ədəbiyyatı professoru Pol Devis qeyd edir ki, “Qoblinlər” hekayəsi “Milad nəğməsi”nin prototipi kimi görünsə də, yazıçının daha əvvəl qələmə aldığı digər əsərlərin də povestə təsiri olmuşdur.[10]

Ədəbi təsir[redaktə | əsas redaktə]

Dikkensin "Milad nəğməsi"ni yazarkən təsirləndiyi yazıçılardan biri Vaşinqton İrvinq 1820-ci illərdə. Rəssam: Çarlz Törner, Milli Portret Qalereyası, Smitsonian İnstitutu

Dikkens ədəbiyyatda Milad mövsümündən bəhs etmiş ilk yazıçı olmamışdır.[11] Dikkensə təsir göstərmiş yazıçılardan biri olan Vaşinqton İrvinqin 1819-1820-ci illərdə yayımlanmış Ceffri Kreyonun qeyd dəftəri adlı kitabında qədim ingilis Milad ənənələrinin təsvir edildiyi dörd oçerk daxil edilmişdi. Həmin ənənələrlə yazıçı Birminqem yaxınlığındakı Aston-hollda keçirdiyi vaxt zamanı tanış olmuşdu.[12] Onun hekayə və esseləri Dikkensi cəlb edirdi, hər iki yazıçı inanırdı ki, köhnə ingilis Milad ənənələrinin nostalgik şəkildə canlandırılması, müasir dünyada itirilmiş sosial harmoniyanı bərpa etməyə imkan yaradacaq.[13]

Bir neçə əsər, o cümlədən Duqlas Cerroldun iki essesi “Milad nəğməsi”nin yazılmasına təsir etmiş ola bilər: onlardan biri 1841-ci ildə Punch jurnalında nəşr edilmiş “How Mr. Chokepear Keeps a Merry Christmas”, digəri isə 1843-cü ildə yayımlanmış “The Beauties of the Police” adlı essedir..[14] Daha geniş anlamda Dikkensə nağıl və uşaq hekayələri də təsir etmişdir; belə ki, yazıçı onları dəyişim hekayəsi kimi qəbul edir və sıx şəkildə Milad bayramı ilə əlaqələndirirdi.[15]

Sosial təsir[redaktə | əsas redaktə]

Dikkens XIX əsrin ortalarında kimsəsiz uşaqların yaşayış vəziyyətindən təsirlənmişdi.[16] 1843-cü ilin əvvəllərində kimsəsiz uşaqların tərbiyə mərkəzlərindən birini ziyarət edən yazıçı onların çətin iş şəraitləri ilə tanış olmuş və bu vəziyyət yazıçıda etiraz hissləri oyatmışdı.[17] Bu ziyarət zamanı yazıçının aldığı təəssüratlar, kimsəsiz uşaqların tərbiyə edilməsi üçün nəzərdə tutulmuş məktəblərdən biri olan Fild-Leynə səfərdən qazanılmış hisslərlə daha da möhkəmləndirilmişdi.[18]

1843-cü ildə uşaqların işə düzəldilməsi haqqında komissiyanın ikinci hesabatı yayımlanmışdır. Bu parlament hesabatı, sənaye inqlabının işçi sinifdən olan uşaqların həyatına təsirini açıq şəkildə nümayiş etdirirdi. Oxuduqlarından dəhşətə gələn Dikkens “Kasıb adam”ın adından “İngiltərə əhlinə müraciət” adlı ucuz siyasi broşür nəşr etmək istəsə də, fikrini dəyişərək broşürün nəşrini ilin sonuna kimi təxirə salır.[19] Martda yazıçı ikinci hesabatın hazırlanmasında cavabdeh olan dörd nəfərdən biri olan doktor Sautvud Smitə yazır: “siz yəqin hiss edirsiz ki, çəkic öz çəkisindən iyirmi dəfə - iyirmi min dəfə - böyük güclə zərbə endirir və mən ilk ideyamı izləsəydim bu güc qarşısında çox zəif qalardım.”[20]

1843-cü ildə ianə yığılması məqsədi ilə Mançester Ateneumunda təşkil edilmiş tədbirdə çıxışı zamanı Dikkens işçilər və işverənləri birləşərək təhsildə reformlar vasitəsiylə cəhalətə qarşı mübarizə aparmağa çağırır.[21] Növbəti günlərdə yazıçı başa düşür ki, əhalinin daha geniş hissəsi tərəfindən eşidilməyin ən yaxşı yolu polemik broşür və oçerklər deyil, Milad mövzusunda povest yazılmasıdır.[22]

Tarixi[redaktə | əsas redaktə]

Çarlz Dikkens 1842-ci ildə, "Milad nəğməsi"nin nəşrindən bir il əvvəl. Rəssam Frensis Aleksandr.

Yazılması[redaktə | əsas redaktə]

1843-cü ilin ortalarından etibarən Dikkens maddi çətinliklərdən əziyyət çəkməyə başlayır. Martin Çuzzlevitt romanının satışları xeyli aşağı düşür, yazıçının həyat yoldaşı Katerina isə beşinci uşaq üçün hamilə qalır. Hazıçının Dikkensin əsərlərini nəşr edən “Chapman & Hall” nəşriyyatının satışların daha da azalacağı halda yazıçıya ödənilən aylıq gəlirləri 50 funt azaldacağı ilə xəbərdarlıq etməsindən sonra vəziyyət daha da pisləşir.[23] Bundan sonra 1843-cü ilin oktyabrında Dikkens “Milad nəğməsi”ni yazmağa başlayır.[24] Dikkensin bioqrafı Maykl Sleyter kitabı “əlimyandıda yazılmış” kimi təsvir edir; kitab altı həftədən sonra tamamlanır, sonuncu səhifələri isə dekabrın əvvəllərində yazılır.[25] Yazıçı əsərin böyük hissəsini hər gün Londonda 15-20 mil (24-32 km) axşam gəzintisi edərən beynində qurur.[26] Dikkensin qohumları onun “ağlayıb, gülüb, sonraa yenidən ağlayıb və bu cür qeyri adi üsulla özünü ilhamlandırma”sını qeyd edirlər.[27] Sleyter qeyd edir:

" Milad nəğməsi iqtisadi nərdivanın aşağı pillələrində dayanaraq həyat uğrunda mübarizə aparan oxucuların ürəyini açmağı, xeyriyyəçilik hərəkatının genişlənməsinə təsir etməyi, həmçinin cəmiyyətdə kobudluğun norma kimi qəbul edilməsi və kasıblar arasında ehtiyacın daha da artması kimi təhlükələrdən ictimayəti xəbərdar etməyi qarşısına məqsəd qoymuşdu.[16] "

Daha əvvəl Dikkensin Oliver Tvistin macəraları romanının orijinal nəşri üçün çəkilmiş illüstrasiyaların müəllifi olan rəssam Corc Krukşank “Milad nəğməsi”ni karikaturaçı Con Liçə təqdim edir. 24 oktyabrda “Milad nəğməsi” üzərində işləmək üçün Dikkens Liçi dəvət edir; əsərin mətnini əllə rənglənmiş dörd oforta və ağ-qara olan dörd taxta üzərində qravür müşayət edir.[28] Dikkensin əlyazma nüsxəsində, əsərdə yer almış “...sağ qalmış balaca Timə” cümləsi yoxdur, həmin cümlə əsərə ilk nəşri zamanı əlavə edilmişdir.[29][Qeyd 3]

Nəşri[redaktə | əsas redaktə]

Karikaturaçı Con Liçin avtoportreti. "Milad nəğməsi"nin ilk nəşrini onun çəkdiyi illüstrasiyalar bəzəyir.

“Martin Çuzzlevitt” romanının satış göstəricilərinin o qədər də ürəkaçan olmaması[30] “Chapman & Hall” nəşriyyatı ilə müəllif arasında fikir ayrılıqlarının yaranmasına səbəb olur, nəticədə nəşr üçün lazım olan xərci Dikkens özü ödəyir və əvəzində satış gəlirlərindən faiz alır.[31] “Milad nəğməsi”nin nəşri problemsiz keçməmişdir. Belə ki, ilk nəşrin hazırlanmasından sonra bəlli olmuşdur ki, kitabların yekun səhifələri açıq zeytun rəngindədir. Dikkens səhvin aradan qaldırılaraq səhifənin sarı kağızla əvəz olunmasını tələb etmişdir. Lakin, səhifənin dəyişdirilməsindən sonra o, giriş titul səhifəsinin rənginə uyğun olmur.[32] Bundan sonra həmin səhifə də dəyişdirilir. Qırmızı parça ilə üzlənmiş və qızılı işləməli səhifələri olan kitabın istehsalı onun satışa çıxarıldığı 19 dekabr 1843-cü il tarixindən iki gün əvvəl tamamlanmışdır.[33] Əsərin yayımlanmasından sonra, Dikkens onun qırmızı Mərakeş dərisi ilə üzlənmiş əlyazma nüsxəsini hazırlamış və vəkil Tomas Mittona hədiyyə etmişdir.[34][Qeyd 4]

Hər biri beş şilinq olan 6000 nüsxəlik birinci nəşr Milad ərəfəsində tamamilə satılmışdır. “Chapman & Hall” nəşriyyatı yeni ilə kimi əsərin ikinci və üçüncü nəşrini də satışa çıxarır; bundan sonra əsərin satışı 1844-cü ilə kimi davam etdirilir.[36] 1844-cü ilin sonuna kimi kitabın daha on bir nəşri satılır.[37] İlk nəşrindən sonra, kitab, müxtəlif nəşriyyatlarda və müxtəlif dillərdə dəfələrlə çap edilmiş və heç vaxt nəşriyyatdan çıxmamışdır.[38] “Milad nəğməsi” ABŞ-da Dikkensin ən məşhur əsəri olmuş və ilk nəşrindən yüz il sonra iki milyondan çox nüsxə ilə satılmışdır.[39]

Yazıçının tələblərini qarşılamaq üçün çəkilmiş yüksək nəşr xərcləri, onun ilk nəşrdən gəlirlərinin gözlənildiyi kimi 1000 yox, cəmi 230 funt-sterlinq olması ilə nəticələnmişdir.[40] Bir il sonra gəlir cəmi 744 funt təşkil etmiş və bu nəticəyə görə Dikkens məyus olmuşdur.[30][Qeyd 5]

Qəbulu[redaktə | əsas redaktə]

Uilyam Tekkerey 1864-cü ildə. Əsər haqqında yayımlanmış rəyində Tekkerey "Milad nəğməsi"ni "milli dəyər" adlandıraraq onu oxumağın "hər bir kişi və qadın üçün baş ucalığı" olmasını qeyd edir.[41]

Duqlas-Ferherstin sözlərinə görə, “Milad nəğməsi”nə yazılmış “bütün müasir şərhlər müsbət xarakter daşımışdır.”[42] The Illustrated London News qəzeti əsərin “heyranlandırıcı şirin dili...rahatladıcı yüngüllüyü, oynaq və səmimi yumoru...və insanı ruhlandıram ümidi”ni[43] tərifləyir. The Athenaeum adlı ədəbiyyat jurnalının tənqidçisi əsəri “oxuyucunu gülmək və ağlamağa məcbur edən, əl və qəlbini xeyriyyəçilik üçün açmağa məcbur edən nağıl”[44] adlandırır. Fraser's Magazine jurnalından Uilyam Meyklis Tekkerey kitabı “milli mənafe təmsilçisi, onu oxuyan hər kəs üçün şəxsi mərhəmət mənbəyi adlandırır. Sonuncu dəfə danışıqlarını eşitdiyim iki qadının heç biri müəllifi tanımasalar da, ona xeyir-dua edirdilər.”[41]

Şair Tomas Hud öz jurnalında yazır ki, “Əgər qədim və qonaqpərvər adətləri, sosial və xeyriyyəçilik mərasimləri Milad bayramı dağılaraq məhv olmaq təhlükəsi ilə üzləşsəydi, o zaman bu kitab ona ikinci həyat bəxş edərdi.”[45] Tait's Edinburgh Magazine jurnalında yayımlanmış rəyində, adətən Dikkensin yaradıcılığını sərt tənqid edən[42] Teodor Martin, gözlənilmədən “Milad nəğməsi”ni tərifləyərək qeyd edir ki, “gözəl qəbul edilən və rahat oxunan bu nəcib kitab, cəmiyyətə fayda vermək üçün yaradılmışdır.”[46] Dikkensin vəfatından sonra Marqaret Olifant kitabda hind toyuğu və qaymaq pudinqi ilə bağlı aspektlərə görə təəssüfünü ifadə etsə də, bildirir ki, nəşr edildiyi dövrdə əsər “yeni Yevangeliya hesab edilirdi, həmçinin insanları özünü yaxşı hiss etməyə ilhamlandırırdı.[42] Dini mətbuat adətən ədəbi əsərlər haqqında fikir bildirməsə də, 1884-cü ildə Christian Remembrancer nəşri qeyd edir ki, çox istifadə edilmiş qədim nağıl hekayədə orijinal şəkildə təqdim edilir, həmçinin müəllifin yumor hissi yüksək qiymətləndirilir.[47] Yazıçı və filosof Con Raskin isə dostuna demişdi ki, onun fikrincə “Dikkens, Miladı dindən ayıraraq şümşəpudinq kimi təqdim edir – nə ölünün dirilməsi, nə yeni ulduzun doğulması, nə müdriklərin elmi nə də çobanları xatırlamır."[48]

Həmin dövrdə az sayda olsa da, kitabı tənqid edənlər də olmuşdur. The New Monthly Magazine povesti tərifləsə də, kitabın qızılı kənarlı səhifələr və qimətli üzlüyünü tənqid edərək, onun kasıblar üçün əlçatmaz olduğunu bildirmişdir.[49] Rəydə əsərin daha ucuz kağızda çap edilməsi və ucuz qiymətə satılması məsləhət görülür. The Westminster Review nəşri üçün rəy yazmış naməlum müəllif Dikkensin iqtisadiyyat anlayışını ələ salır.[50]

Amerika qeydləri“Martin Çuzzlevitt”in ABŞ-da ciddi tənqid edilməsindən sonra amerikan oxucular povesti soyuq qarşılasalar da, ABŞ-da vətəndaş müharibəsinin sonuna yaxın kitabın müxtəlif nəşr nüsxələri geniş yayılmışdı.[51] 1863-cü ildə The New York Times qəzetində yayımlanmış rəydə müəllif qeyd edir ki, Dikkens “köhnə Miladın...keçmiş əsrin malikanə divarları arasında qalmış hisslərini bu günkü kasıbların evlərinə gətirmişdir.”[52]

"Milad nəğməsi"nin Londonda "Chapman & Hall" nəşriyyatı tərəfindən həyata keçirilmiş ilk nəşrinin titul səhifəsi.

Sonrakı tarixi[redaktə | əsas redaktə]

1844-cü ildə “Parley's Illuminated Library” əsərin qısaldılmış versiyasını icazəsiz olaraq nəşr edir və iki pensa qiymətə satmağa başlayır.[Qeyd 6] Dikkens bu haqqda vəkilinə yazır:

" Heç şübhəsiz, əgər bu quldurların qarşısını almaq üçün hansısa yol varsa, mütləq istifadə edilməlidir. ... Mənim də bu işdə kəsici çəkic olmama imkan ver, yoxsa daha uzun hekayə çıxardıqda təkrarən oxşar halla qarşılaşa bilərəm.[54] "

Parley versiyasının satışa çıxarılmasından iki gün sonra Dikkens müəllif hüquqlarının pozulmasına görə məhkəməyə müraciət edir və qazanır. Nəşriyyat özünü bankrot elan etməli olur və Dikkensə 700 funt ödəməli olur.[55] “Milad nəğməsi”nin gəlirlərinin də kiçik həcmli olması onun nəşriyyatla əlaqələrinin daha da pisləşməsinə səbəb olur. Bundan sonra Dikkens “Bradbury and Evans” nəşriyyatı ilə müqavilə bağlayır.[16]

Bəyənmədiyi söz və ifadələri dəyişmək üçün Dikkens sonrakı ömrü ərzində dəfələrlə povesti redaktə etmişdir. Əsərin uğurundan nəticə çıxaran Dikkens sonradan Milad mövzusunda Zınqırovlar (1844), Ocaq arxasında işıldaquş (1845), Həyat uğrunda döyüş (1846) və Məftun adam və ya ruhla iş birliyi (1848) adlı povestlərini də yazmışdır.Hər biri dünyəvi nağıl xarakteri daşıyan bu əsərlərdə ilin proqressiv sosial dəyişiklikləri etiraf edilmiş və həllini gözləyən sosial problemlər qabardılmışdır. İctimayət yazıçının köhnə kitablarını almaqda davam etsə də, ədəbi rəyçilər yeni əsərləri sərt tənqid atəşinə tuturdular.[56]

Tədqiqi[redaktə | əsas redaktə]

Personajlar[redaktə | əsas redaktə]

“Milad nəğməsi”nin əsas personajı londonda yaşayan qoca Ebenezer Skrucdur.[57] Əsərdə o, “xəsis, xəbis, həyatdan yorulmuş, ətrafındakı hər kəsi sıxışdıran, fürsətcil qoca gübahkar”[58] kimi təsvir edilir. Kelli yazır ki, Skrucu yazarkən Dikkens ehtimal ki, sevdiyi və demonlaşdırdığı atasının təsiri altında olmuşdur. Ola bilsin ki, əsərdəki iki fərqli Skruc obrazının – biri soyuq, deyingən, xəsis və tənha, digəri isə xeyirxah və ünsiyyətcil - yaranmasında bu psixoloji konflikt dayanır.[59] İngilis ədəbiyyatı professoru Robert Duqlas Ferherst hesab edir ki, kitabda balaca Skrucun tənha və bədbəxt uşaqlığı və kasıblıqdan qaçmaq üçün pula can atmasının təsvir edilən giriş hissəsi “Dikkensin özü haqqında düşüncələrinə parodiya”dır; dəyişilmədən sonrakı Skrucun təsviri isə Dikkensin özünə optimist baxışıdır.[31]

Skruc həm də real həyatda olan iki qoca şəxsin şəxsiyyəti əsasında yaradılmışdır: onlardan biri parlament üzvü Con Elves[60], digəri isə Qloster-Old Bankının sahibi Cemmi Vuddur.[61] Vud həm də xalq arasında “Xəsis Qloster” kimi tanınırdı. Sosioloq Frenk Elvelin sözlərinə görə, Skrucun kasıblara baxışlarında Tomas Maltusun demoqrafik və siyasi baxışları[62], “Həbsxanalar yoxdurmu?...Bəs işçi evlərinin şurası?...Bəs kasıblar haqqında qanun tam şəkildə qüvvədə deyilmi?” sözləri isə filosof Tomas Karlayl tərəfindən qaldırılmış məsələlərə sarkastik cavabdır.[63][Qeyd 7]

Dikkensin yaradıcılığında Skruc obrazının ədəbi sələfi vardır. Yazıçının bioqrafı Piter Akryod Skruc və Martin Çuzzlevitt personajları arasında oxşarlıq görsə də, Skrucun “daha fantastik personaj” olduğunu yazır. Akroyd qeyd edir ki, Çuzzlevittin ürəyiyumşaq personaja çevrilməsi, Skrucun analogiyasıdır.[65] Duqlas-Ferherst isə hesab edir ki, “Pikvik qəzeti”ndən olan Qabriel Qrab adlı ikinci dərəcəli personaj da, Skrucun yaradılmasına təsir göstərmişdir.[66][Qeyd 8] Skruc adını, Dikkens Edinburq səfəri zamanı məzar daşı üzərində görmüşdür. Həmin məzar qarğıdalı tüccarı olan Ebenezer Lennoks Skroqqiyə aid idi; Dikkens yazını “qəddar insan” kimi oxumaqla səhv təfsir etmişdi.[68][Qeyd 9]

Dikkens gənclik illərində «Goodge and Marney» adlı mağazanın yaxınlığında yaşayırdı və ola bilsin ki, Skrucun iş partnyorunun adını seçərkən yazıçı həmin mağazanın adından ilhamlanmışdır.[70] Marlinin zəncirlənmiş olmasına gəlincə, Dikkens 1842-ci ilin martında Pensilvaniya ştatındakı Qərbi Penitensiar idarəsinə səfər etmiş və burda zəncirlənmiş insanları görüncə dəhşətə gəlmişdir.[63] Balaca Tim obrazını yaradarkın Dikkens əlil uşaq və “Milad nəğməsi” yazılarkən beş yaşında olan Henri adlı qohumundan ilhamlanmışdır.[71][Qeyd 10] Milad hədiyyə qutusunu açan iki uşaq kimi təsvir edilmiş Cəhalət və İstək obrazını yaradan Dikkens Londonun İst-End ərazisindəki məktəbə səfəri zamanı aldığı təəssüratlardan istifadə etmişdir.[18]

Mövzular[redaktə | əsas redaktə]

Əsərin mərkəzi mövzusu Skrucun dəyişilməsidir.[73] Devis Skruc fiqurunu “həmişə reformasiya prosesində olan Protey kimi qəbul edir; Kelli yazır ki, personajın transformasiyası onun təsvirində əksini tapmışdır; başlanğıcda xəbis və xəsis olan Skruc, dəyişərək “itirilmiş imkanlarına görə dərin təəssüf hissi keçirən” şəxsiyyətə çevrilir.[74] Bəzi tədqiqatçılar, o cümlədən, Qreys Mur belə hesab edir ki, xristianlıq mövzuları əsərdə dərin əksini tapmışdır və “Milad nəğməsi”ni bağışlanma haqqında xristian nəzəriyyəsinin təzahürü kimi qəbul etmək lazımdır.[75][Qeyd 11] Dikkensin bioqrafı Kler Tomalin hesab edir, Skrucun dəyişilməsi “hətta ən günahkar insan belə, günahlarını etiraf edib təəssüf bildirərək bağışlana bilər” kimi səslənən xristian inancını daşıyır.[77] Dikkensin təşkilatlanmış dinə münasibəti mürəkkəb idi[Qeyd 12]; onun inanc və prinsipləri Əhdi-Cədid əsasında formalaşmışdı.[76] “Marlinin mədəsi yox idi” yazan Dikkens, bu məqamda İohanna birinci məktubda əks olunmuş təmsilə əsaslanırdı.[80][Qeyd 13]

Digər müəlliflər, o cümlədən Kelli hesab edir ki, Dikkens, “bu müqəddəs bayrama dünyəvi baxışı qabartmışdır.”[11] Tədqiqatçı Con O. Cordan qeyd edir ki, dostu Con Fosterə ünvanladığı məktubda, Dikkens, “Milad nəğməsi”nin fəlsəfəsini “ətrafda baş verən hər şeyə şən baxış” adlandırır.[81] Mədəniyyət tarixçisi Penne Restad isə yazır ki, Skrucun bağışlanması Dikkensin “Milad nəğməsi”ndəki fəlsəfəsinin “konservativ, individualist və patriarxal aspektləri”ni, həmçinin alturizmi əks etdirir.[82]

Dikkens, “Milad nəğməsi”ni Böyük Britaniya cəmiyyətində kasıblığa – xüsusilə uşaq kasıblığına olan münasibətə cavab kimi yazmış və gələcəkdə povesti öz arqumentlərini əsaslandırmaq məqsədi ilə istifadə etmək istəmişdir.[83] Povestdə Skruc, eqoistik maraqlar və onların mümkün nəticələri haqqında alleqorik paradiqma kimi təqdim edilir.[84] Balaca Tim oxucularda simpatiya oyatmaq məqsədi ilə yaradılmışdır.[85] Duqlas-Feyrhest yazır ki, bu cür personajların istifadə edilməsi, Dikkensə, orta tabəqəni rədd etmədən xeyriyyəçiliyin vacibliyi haqqında fikrini çatdırmağa imkan vermişdir.[86]

Miras[redaktə | əsas redaktə]

Müasir Milad ənənələri arasında mühüm yer tutan qızardılmış Milad hind toyuğu ənənəsi Dikkensin povestindən sonra yaranmışdır.

“Şən Miladlar” (ing. Merry Christmas) ifadəsi “Milad nəğməsi”nin yazılmasında yüz il əvvəllər mövcud olmuşdur; ifadənin məlum ən erkən istifadəsi 1534-cü ildə bir məktub üzərində qeyd edilmişdir. Dikkens tərəfindən “Milad nəğməsi”ndə ifadənin istifadə edilməsi isə onun Viktoriya dövrü cəmiyyətində məşhurlaşmasına səbəb olmuşdur.[87] Povestin yayımlanmasından sonra "Bah! Humbug!" ifadəsi sentimental və ya həddən artıq bir hadisəyə reaksiya nidası kimi ingilis dilinə daxil olmuşdur[88]; “Skruc” adı xəsis anlamında istifadə edilməyə başlamış və 1982-ci ildə bu anlamı ilə İngilis dilinin Oksford lüğətinə daxil edilmişdir.[89]

XIX əsrin əvvəllərində Böyük Britaniyada daha çox kənd təsərrüfatı və kənd həyatı ilə əlaqələndirilən Milad bayramının ənənələri urbanizasiya və industrializasiyadan çox uzaq idi. Devis hesab edir ki, “Milad nəğməsi”ndə Dikkens göstərmişdir ki, artan modernizasiyaya baxmayaraq Milad bayramını şəhər və qəsəbələrdə də qeyd etmək mümkündür.[90] Müasir dövrdə istifadə edilən Milad bayramı ənənələri məhz Viktoriya dövründə Dikkensin əsərinin təsiri ilə canlandırılmış və yaradılmış bayram ənənələridir. 1830-1840-cı illərin Oksford hərəkatı Milad mövsümü ilə əlaqəli ənənəvi ritual və dini mərasimləri canlandırmağa çalışırdı, Dikkens isə “Milad nəğməsi” ilə zamanın ruhunu tutaraq Milada öz baxışı əlavə etmişdir.[91]

Dikkens, bayramın humanitar tərəflərini daha çox qabartmağa çalışırdı[92] ki, bu da, Qərb mədəniyyətində Miladın ailəvi bayram kimi qeyd edilməsi, mövsüm yeməkləri və içkiləri, rəqslər, oyunlar və bayram səxavəti kimi aspektlərin gündəmə gəlməsinə vüsət vermişdir.[93][Qeyd 14] Tarixçi Ronald Hatton qeyd edir ki, Dikkens “nəsilləri əlaqələndirərək sosial barışıqlığın yaranması”na səbəb olmuşdur.[94]

Yazıçı Uilyam Din Hauells Dikkensin bir neçə Milad nağılını – o cümlədən “Milad nəğməsi”ni tədqiq etdikdən sonra 1891-ci ildə qeyd edir ki, əsərdəki “pafos süni və gərgin görünür; yumor əksər hallarda aldadıcı olsa da, şəndir.”[95][96] Yazıçı Ceyms Coys hesab edirdi ki, “Milad nəğməsi”ndə Dikkens bayrama uşaq kimi yanaşaraq, sadəlövh optimizm və həyat reallıqları arasında uçurum yaradır.[96]

İngilis ədəbiyyatı professoru Rut Qlensi bildirir ki, “Milad nəğməsi” ayrı-ayrılıqda müxtəlif oxuculara təsir göstərmişdir.[97] 1844-cü ilin əvvəlində The Gentleman's Magazine jurnalı Böyük Britaniyada xeyriyyəçiliyin artmasını Dikkensin povesti ilə əlaqələndirir[98]; 1874-cü ildə Dikkensin Milad hekayələrini oxuduqdan sonra Robert Lui Stivenson ehtiyacı olanlara kömək etməyə and içmişdir[99]; Tomas Karlayl isə “Milad nəğməsi”ni oxuduqdan sonra iki böyük Milad ziyafəti təşkil etmişdir.[100] 1867-ci ildə əsərin ictimai oxunuşundan təsirlənən ABŞ biznesmeni Milad ərəfəsində fabrikin işini tamamilə dayandıraraq, işçilərinin hər birinin ailəsinə hindquşu göndərmişdir.[42] XX əsrin ilk illərində Norveç kraliçası Uelsli Mod tərəfindən London əlilləri üçün göndərilmiş Milad hədiyyələri üzərində “Sevgilərlə balaca Timdən” yazılmışdır.[101] Gilbert Kit Çesterton isə yazır: “Hekayənin gözəllik və faydalığı...Skruc və onun ətrafındakıların xoşbəxtliyindən qaynayır... ... Skrucun bir daha Milad görmələrinin olacaqmı...onlar bizə müraciətdir.” [102]

Əsərin adaptasiyalarında edilmiş dəyişiklikləri tədqiq edən Devis, dövrün əsas düşüncə tərzini əks etdirmək üçün hekayə və personajların fokusunun dəyişdirildiyini göstərir. Əgər viktorian dövrü cəmiyyəti “Milad nəğməsi”ni dini məzmunlu, lakin dünyəvi əsər hesab edirdisə, XX əsrin əvvəllərində o, uşaq nağılı sayılır və gəncliyində povesti oxumuş valideynlər onu öz övladları üçün oxuyurlar. Devisin fikrincə Böyük böhran ərəfəsində “bəziləri əsəri kapitalizmin tənqidi kimi qiymətləndirsələr də, ... çoxları acı iqtisadi reallıqdan qaçmaq üçün onu istifadə edirdilər.”'[103]'

1930-cu illərin Böyük Britaniya və ABŞ filmləri bir-birindən fərqlənirdi.[103] Böyük Britaniya filmləri hekayənin ənənəvi nəqlinə üstünlük versələr də, ABŞ filmlərində Krayçit daha böyük rol oynayırdı.[103] 1960-cı illərdə Skruc öz keçmişi ilə mübahisə aparan freydist kimi təsvir edilir.[103] 1980-ci illərdə personaj yenidən depressiya və iqtisadi qeyri-müəyyənlik dünyasına atılır. [103]

Adaptasiyalar[redaktə | əsas redaktə]

Povestin ilk ekran adaptasiyası olan "Skruc və ya Marlinin ruhu" filminin dövrümüzə çatmış hissələri, 1901

1849-cu ildə Devid Koperfild romanı üzərində çalışan Dikkensin daha bir Milad hekayəsi yazmağa nə həvəsi, nə də vaxtı yox idi.[104] O, düşünürdü ki, “Milad nəğməsi”ndəki fəlsəfəni insanlara çatdırmağın ən yaxşı yolu ictimai mütaliələrin təşkil edilməsidir.[105] 1852-ci ilin Miladında Dikkens Birminqem ratuşasında əsəri Sənaye və Ədəbiyyat İnstitutu üçün oxuyur; bu mütaliə böyük uğurla qarşılanır.[106] Bundan sonra 1870-ci ilə kimi (yazıçının vəfat ili) Dikkens əsərin qısaldılmış versiyasını 127 dəfə ictimayət üçün oxuyur.[107]

Povestin nəşr edilməsindən sonra V. M. Svepstoun (“Milad kölgələri”, 1850), Horasio Elcer (“Cob Uorrenin Miladı”, 1863), Luiza Mey Alkott (“Milad arzusu və onun gerçəkləşməsi”, 1882) və başqaları tərəfindən əsərə yazılmış cavablarda Skrucun dəyişilməsindən sonrakı həyatı işıqlandırılmış, Dikkensin personaj üçün seçdiyi inkişaf yolunu düzgün hesab etməyənlər isə onu tam fərqli yöndə təsvir etmişlər.[108]

Nəşrindən demək olar ki, dərhal sonra əsər səhnələşdirilmişdir. 5 fevral 1844-cü ildə əsərin üç fərqli tamaşası başlanmış, onlardan biri – Edvard Sterlinq tərəfindən təşkil edilmiş tamaşa isə Sikkensin özü tərəfindən sanksiyalaşdırılmış və 40 gündən artıq davam etmişdir.[109] 1844-cü ilin fevralında Londonda bir-biri ilə rəqabətdə olan səkkiz “Milad nəğməsi” tamaşası gedirdi.[42] “Milad nəğməsi” Dikkensin bütün əsərlərindən daha çox televiziya və kino formatına uyğunlaşdırılmışdır.[110] 1901-ci ildə əsər əsasında Skruc və ya Marlinin ruhu adlı səssiz ağ-qara Böyük Britaniya filmi çəkilmişdir; bu, əsərin ilk məşhur adaptasiyası olsa da, dövrümüzdə onun əhəmiyyətli bir hissəsi itirilmişdir.[111] 1923-cü ildə hekayə BBC Radio üçün uyğunlaşdırılmışdır.[112] Opera, balet, Brodvey myuziklı, animasiya və pantomima tamaşası (Marsel Marsonun iştirakı ilə BBC üçün) da daxil olmaqla ən müxtəlif media formalarına uyğunlaşdırılmışdır.[113]

Devis hesab edir ki, zaman ötdükcə əsərin adaptasiyaları orijinaldan daha çox yadda qalmağa başlamışdır. Dikkens tərəfindən yazılmış şaxtaçılar və mayak işçilərinin ziyarət edilməsi kimi bəzi səhnələr adaptasiyalarda istifadə olunmadığına görə, zamanla unudulmuş, istifadə olunan digər səhnələr isə daha yaddaqalan olmuşdur. Bundan sonra Devis, əsərin orijinal və daha çox yadda qalan versiyaları arasında müqayisə aparır.[114]

Qeydlər[redaktə | əsas redaktə]

  1. Bunlar Sketches by Boz (1836); The Pickwick Papers (1836); Nicholas Nickleby (1837); Oliver Twist (1838); The Old Curiosity Shop (1841); and Barnaby Rudge (1841) romanlarıdır.[2]
  2. Seriallaşdırma 20 hissədən ibarət idivə 30 iyun 1844-cü ildə tamamlanmışdı.[3]
  3. Bu hissənin əlavə edilməsini bir çox tədqiqatçılar mübahisəli məsələ kimi qəbul edirlər.[29] Dickens Fellowshipdə nəşr edilmiş The Dickensian müəlliflərindən biri 1993-cü ildə qeyd edir ki, "Balaca Timin taleyi əsərə layiq naməlumluqda qalmalıdır;... Dikkensin sanki bir anlıq başı qarışmış və o, yaxşı zövqü unutmuşdur".[29]
  4. 1875-ci ildə Mitton əlyazmasını kitab tüccarı olan Frensis Harviyə satır – onun nadir nüsxəni £50 dəyərində satdığı bildirilir –Harvi isə öz növbəsində1882-ci ildə həmin nüsxəni avtoqraf kolleksiyaçısı Henri Çörçilə satır; Çörçil isə əlyazmasını Birmingemdən olan Bennet adlı kitab tacirinə satır. Bennett əlyazmasını £200 qiymətinə "Robson and Kerslake of London"-a satır, onlar isə əlyazmanı Dikkens kolleksiyaçısı olan Stuart M. Samuelə £300 qiymətinə satırlar. Sonradan əlyazması J. Pierpont Morqan tərəfindən naməlum qiymətə alınmışdır və hazırda Nyu-Yorkdakı Pierpont Morqan Kitabxanasında saxlanılır.[35]
  5. Dikkensin bioqrafı Kler Tomalinilk nəşrin gəlirlərinin £137, 1844-cü ilin sonuna kimi olan gəlirlərin isə £726 olduğunu qeyd edir.[39]
  6. Parley versiyası A Christmas Ghost Story reoriginated from the original by Charles Dickens Esquire and analytically condensed for this work adlandırılmışdı.[53]
  7. Karlayl həmin sualı 1840-cı ildə yayımlanmış Chartism adlı əsərində verir.[64]
  8. Qrabın adı XIX əsr holland deyingəni Qabriel de Qraafın adından götürülmüşdür.[67]
  9. Xasiyyətinə görə Skruqqi heç də Skruca oxşamırdı; onu "məşhur hedonist, şərab, qadınlar və ziyafətlər həvəskarı" kimi təsvir edirlər. Eyni zamanda bir neçə qadınla seksual əlaqəsi olan Skruqqi şən və mehriban adam olmuşdur.[69]
  10. Henri həm də Dambi və oğul romanında istinadə edilmişdir.[72]
  11. Əsərdə xristian mövzularının yer aldığını qeyd edən digər tədqiqatçılar arasında Ceffri Rouell,[24] Kler Tomalin[39] və Martin Seybl da var.[76]
  12. Tədqiqatçı G. K. Çesterton Dikkensin dini baxışları haqqında yazır ki, "Dikkensin dinə qarşı münasibəti əksər müasirlərində olduğu kimi fəlsəfi baxımdan mübahisəli və tarixi baxımdan təkzibedici idi. O, zamanın bütün xürafatlarına inanırdı. Məsələn, o, bəzi ənənəvi doqmalara qarşı çıxırdı ki, bu da onun fərqli doqmalara üstünlük verdiyi anlamına gəlir."[78] Dikkens qeyd edir ki, "Əsərlərimdə daima Xilaskarın həyatı və dərslərinə hörmətimi əks etdirməyə çalışmışam."[79]
  13. İohanna birinci məktubdan istinad edilən 3:17 hissəsi "But whoso hath this world's good, and seeth his brother have need, and shutteth up his bowels of compassion from him, how dwelleth the love of God in him?" kimi səslənir.[80]
  14. Bunlardan biri hind toyuğunun əsas Milad yeməyi kimi gündəmə gətirilməsidir. Daha əvvəl Böyük Britaniyada Milad süfrəsinə qızardılmış qaz qoyulması ənənəsi olsa da, povestin nəşrindən sonra bu ənənə tədricən hindquşu ilə əvəz edilmişdir.[88]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Ackroyd, 1990. səh. 67–68; Slater, 2011.
  2. 1 2 Diedrick, 1987. səh. 80
  3. 1 2 Ackroyd, 1990. səh. 392
  4. Callow, 2009. səh. 27
  5. Lalumia, 2001; Sutherland, British Library.
  6. Rowell, 1993; Studwell, Jones, 1998. səh. 8, 10; Callow, 2009. səh. 128.
  7. Callow, 2009. səh. 30
  8. Kelly, 2003. səh. 19–20; Slater, 2003. səh. xvi.
  9. 1 2 Slater, 2003. səh. xvi
  10. Davis, 1990a. səh. 25
  11. 1 2 Kelly, 2003. səh. 12
  12. Kelly, 2003. səh. 20
  13. Restad, 1996. səh. 137
  14. Douglas-Fairhurst, 2006. səh. viii; Ledger, 2007. səh. 117.
  15. Douglas-Fairhurst, 2006. səh. xxiv
  16. 1 2 3 Slater, 2011
  17. Childs, Tredell, 2006. səh. 92
  18. 1 2 Lee, British Library
  19. Callow, 2009. səh. 38
  20. Ledger, 2007. səh. 119
  21. Kelly, 2003. səh. 15; Sutherland, British Library.
  22. Kelly, 2003. səh. 15; Douglas-Fairhurst, 2006. səh. xvi.
  23. Douglas-Fairhurst, 2006. səh. xvi; Callow, 2009. səh. 38.
  24. 1 2 Rowell, 1993
  25. Douglas-Fairhurst, 2006. səh. xix; Slater, 2011.
  26. Tomalin, 2011. səh. 148–149
  27. Davis, 1990a. səh. 7
  28. Douglas-Fairhurst, 2006. səh. xix; Tomalin, 2011. səh. 148.
  29. 1 2 3 Davis, 1990a. səh. 133
  30. 1 2 Kelly, 2003. səh. 17
  31. 1 2 Douglas-Fairhurst, 2006. səh. xix
  32. Douglas-Fairhurst, 2006. səh. xxxi; Varese, 2009.
  33. Douglas-Fairhurst, 2006. səh. xix; Varese, 2009; Sutherland, British Library.
  34. Provenance, The Morgan Library & Museum
  35. Douglas-Fairhurst, 2006. səh. xxx; Provenance, The Morgan Library & Museum.
  36. Douglas-Fairhurst, 2006. səh. xix–xx; Standiford, 2008. səh. 132.
  37. Jackson, 1999. səh. 6
  38. Douglas-Fairhurst, 2006. səh. viii; A Christmas Carol, WorldCat.
  39. 1 2 3 Tomalin, 2011. səh. 150
  40. Kelly, 2003. səh. 17; Douglas-Fairhurst, 2006. səh. xx, xvii.
  41. 1 2 Thackeray, 1844. səh. 169
  42. 1 2 3 4 5 Douglas-Fairhurst, 2006. səh. xx
  43. Literature, The Illustrated London News
  44. Chorley, 1843. səh. 1127
  45. Hood, 1844. səh. 68
  46. Martin, 1844. səh. 129
  47. Welch, 2015. səh. 169; Notice of Books, The Christian Remembrancer. səh. 119.
  48. Davis, 1990a. səh. 59
  49. Christmas Carol, New Monthly Magazine
  50. Senior, 1844. səh. 186
  51. Restad, 1996. səh. 136
  52. Charles Dickens, New York Times
  53. Kelly, 2003. səh. 18
  54. Kelly, 2003. səh. 18–19
  55. Ackroyd, 1990. səh. 416; Tomalin, 2011. səh. 150.
  56. Douglas-Fairhurst, 2006. səh. xxi–xxiii
  57. DeVito, 2014, 522
  58. Dickens, 1843. səh. 3
  59. Kelly, 2003. səh. 14
  60. Gordon, 2008; DeVito, 2014, 424.
  61. Jordan, 2015, Chapter 5; Sillence, 2015. səh. 40.
  62. Elwell, 2001; DeVito, 2014, 645.
  63. 1 2 Douglas-Fairhurst, 2006. səh. xiii
  64. Carlyle, 1840. səh. 32
  65. Ackroyd, 1990. səh. 409
  66. Douglas-Fairhurst, 2006. səh. xviii; Alleyne, 2007.
  67. Alleyne, 2007
  68. DeVito, 2014, 392
  69. DeVito, 2014, 412
  70. DeVito, 2014, 548
  71. Ackroyd, 1990. səh. 519–520
  72. Ackroyd, 1990. səh. 519
  73. Kelly, 2003. səh. 25; Garry, El Shamy, 2005. səh. 132.
  74. Kelly, 2003. səh. 25–26
  75. Moore, 2011. səh. 57
  76. 1 2 Sable, 1986. səh. 67
  77. Tomalin, 2011. səh. 149–150
  78. Chesterton, 1989. səh. 163
  79. Hammond, 1871. səh. 308
  80. 1 2 Douglas-Fairhurst, 2006. səh. 421
  81. Jordan, 2001. səh. 121
  82. Restad, 1996. səh. 139
  83. Douglas-Fairhurst, 2006. səh. xvi; Sutherland, British Library.
  84. Moore, 2011. səh. 18
  85. Jaffe, 1994. səh. 262
  86. Douglas-Fairhurst, 2006. səh. xvi
  87. Cochrane, 1996. səh. 126; Martin, 2011.
  88. 1 2 Standiford, 2008. səh. 183
  89. Scrooge, n. OED
  90. Davis, 1990a. səh. 13
  91. Rowell, 1993; Hutton, 1996. səh. 113; Kelly, 2003. səh. 9.
  92. Forbes, 2008. səh. 62
  93. Kelly, 2003. səh. 9, 12
  94. Hutton, 1996. səh. 113
  95. Howells, 1910. səh. 276–277
  96. 1 2 Davis, 1990a. səh. 98
  97. Glancy, 1985. səh. xii
  98. Harrison, 2008. səh. 28
  99. Deacy, 2016. səh. 44
  100. Slater, 2003. səh. xx
  101. Glancy, 1985. səh. xiii
  102. Chesterton, 1989. səh. 137
  103. 1 2 3 4 5 Davis, 1990a. səh. 13–14
  104. Douglas-Fairhurst, 2006. səh. xxvii
  105. Douglas-Fairhurst, 2006. səh. xxviii
  106. Slater, 2009. səh. 353; Ledger, 2007. səh. 119.
  107. Billen, 2005. səh. 8–10; Douglas-Fairhurst, 2006. səh. xxviii; Ledger, 2007. səh. 119.
  108. Douglas-Fairhurst, 2006. səh. xxi
  109. Standiford, 2008. səh. 168
  110. Sutherland, British Library
  111. Scrooge, or, Marley's Ghost, BFI Screenonline
  112. A Christmas Carol, BBC Genome
  113. Douglas-Fairhurst, 2006. səh. viii
  114. Davis, 1990a. səh. 3–4

Ədəbiyyat[redaktə | əsas redaktə]

Kitablar[redaktə | əsas redaktə]

Onlayn mənbələr[redaktə | əsas redaktə]

Qəzet və jurnallar[redaktə | əsas redaktə]

  • Alleyne, Richard (24 December 2007). "Real Scrooge 'was Dutch gravedigger'". The Daily Telegraph.
  • "Charles Dickens; Works of Charles Dickens. Household Edition". The New York Times. 19 December 1863.
  • Chorley, H. F. (23 December 1843). "A Christmas Carol". The Athenaeum (843): 1127–1128.
  • "Christmas Carol". The New Monthly Magazine. 70 (277): 148–149. January 1844.
  • Davis, Paul (Winter 1990b). "Literary History: Retelling A Christmas Carol: Text and Culture-Text". The American Scholar. 59 (1): 109–15. JSTOR 41211762.
  • Gordon, Alexander (2008). "Elwes, John (1714–1789)". Oxford Dictionary of National Biography. doi:10.1093/ref:odnb/8776. İstifadə tarixi: 13 January 2016.
  • Hood, Thomas (January 1844). "A Christmas Carol". Hood's Magazine. 1 (1): 68–75.
  • Jackson, Crispin (December 1999). "Charles Dickens, Christmas Books and Stories". The Book and Magazine Collector (189).
  • Jaffe, Audrey (March 1994). "Spectacular Sympathy: Visuality and Ideology in Dickens's A Christmas Carol". PMLA. 109 (2): 254–265. JSTOR 463120.
  • "Literature". The Illustrated London News (86). 23 December 1843.
  • Martin, Theodore (February 1844). "Bon Gaultier and his Friends". Tait's Edinburgh Magazine. 11 (2): 119–131.
  • "Notice of Books". The Christian Remembrancer. 7 (37): 113–121. January 1844.
  • Sable, Martin H. (Autumn 1986). "The Day of Atonement in Charles Dickens' 'A Christmas Carol'". Tradition: A Journal of Orthodox Jewish Thought. 22 (3): 66–76. JSTOR 23260495.
  • Senior, Nassau William (June 1844). "Spirit of the Age". The Westminster Review. 41 (81): 176–192.
  • Slater, Michael (2011). "Dickens, Charles John Huffam (1812–1870)". Oxford Dictionary of National Biography. doi:10.1093/ref:odnb/7599. İstifadə tarixi: 3 January 2016.
  • Thackeray, William Makepeace (February 1844). "A Box of Novels". Fraser's Magazine. 29 (170): 153–169.

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

  • Oriflame Üyelik
  • Destek