Məmməd Kazım

Məmməd Kazım
Məmməd İsrafil oğlu Kazımov
Doğum tarixi 25 may 1934(1934-05-25)
Doğum yeri
Vəfat tarixi 10 mart 2018(2018-03-10) (83 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Xırdalan qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Universiteti (Kitabxanaçılıq fakultəsi)
Fəaliyyət illəri 1966-2018
Əsərlərinin dili azərbaycanca
Janrlar Nəzm, nəsr
İlk əsəri "Qönçə" şeirlər kitabı (1966)
Üzvlüyü

Məmməd İsrafil oğlu Kazımov (Məmməd Kazım; 25 may 1934, Tatyanoba, Masallı rayonu10 mart 2018, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, jurnalist, publisist, “Qızıl Qələm” mükafatı laureatı (1975), 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmməd Kazım 25 May 1934-cü ildə Masallı rayonunun Tatyan kəndində anadan olmuşdur. Uşaqlığı İkinci Dünya Müharibəsi illərinə təsadüf etdiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, müharibə bitdikdən sonra birbaşa ikinci sinfə qəbul edilmişdir. Az bir vaxtda üstün zəkası ilə yaşıdlarından fərqləndiyinə görə dördüncü sinfə keçirilmişdir.

1950-ci ildə 7 illik təhsilini başa vurduqdan sonra Bakıya gedib Siyasi Maarif Məktəbinə qəbul olmuşdur. Yazdığı şeirler, o illərdə Maarif Məktəbində müəllim işləyən Xalq Yazıçısı Bayram Bayramov və Ədəbiyyat Dərnəyinin rəhbəri Yəhya Qarabağlı tərəfindən böyük maraqla qarşılanmışdır. İlk şeiri “Yeni həyat” qəzetində dərc olunan Məmməd Kazım 1956-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq Fakultəsində təhsilini davam etdirmişdir.

İş həyatına 1953-cü ildə başlamış, Masallı rayon və kənd məktəblərində direktor, ədəbiyyat müəllimi, Masallı Radiosunda aparıcı və redaktor olaraq fəaliyyət göstərmişdir. Məmməd Kazım hələ 24 yaşında Güllütəpə Kənd Orta Məktəbinin direktoru vəzifəsini icra edərkən, məktəb yolu üzərində maneəyə çevrilən - sel daşqınlarına məruz qaldığından keçilməz halda olan - çaya öz hesabına, qardaşları ilə birlikdə körpü çəkib, kənd uşaqlarının təhsil almasına imkan yaratmışdır.

1960-cı illərin əvvəllərində Masallıda Ədəbiyyat Dərnəyi quraraq rayon camaatını ədəbi fəaliyyətlərə cəlb etmiş, eləcə də məktəblərdə bir çox şair və yazıçılarla görüşlər təşkil edərək insanların böyük rəğbətini qazanmışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1966-cı ildə paytaxtdakı ədəbi mühitə yaxın olmaq üçün Xırdalana köçmüş və “Abşeron” qəzetinin şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin isə əməkdaşı olmuşdur. Eyni ildə şairin “Qönçə” adlı ilk şeirlər kitabı Xalq Şairi Məmməd Arazın xeyir-duası ilə işıq üzü görüb.

M.Kazımın təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Hərbi Şurasının qərarı əsasında Televiziyada Hərbi-Vətənpərvərlik tərbiyəsi redaksiyası yaradılmışdır. O, 1969-1985-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində “Hünər” Hərbi-Vətənpərvərlik Redaksiyasına rəhbərlik etmiş, 1971-1983-cü illərdə isə “Hünər”in baş redaktoru və aparıcısı kimi fəaliyyət göstərmişdir. “Hünər” proqramı, İkinci Dünya Müharibəsində canından keçən neçə-neçə azərbaycanlı qəhrəmanın üzə çıxarılmasında əvəzsiz rol oynayıb. Məmməd Kazım, “Hünər” və “Heç kim unudulmayıb” televiziya verilişlərini Azərbaycan hərb tarixinin bir parçasına çevirib. O, tamaşaçıların yaddaşında həm də “Ludza əfsanəsi” və “Xəzər laylası” tamaşaları ilə qalmışdır.

Eyni zamanda, 1990-cı ildə 70 min nüsxə ilə çap olunan “Hünər” kitabı böyük maraqla qarşılanaraq ən qısa vaxtda insanların stolüstü kitabına çevrilmişdir. Kitabda İkinci Dünya Müharibəsində şəhid olan yüzlərlə həmvətənlərimiz haqqında oçerklər yer alıb. Bu sənədli povest, Məmməd Kazımın uzun illər boyu keçmiş Sovetlər Birliyi və Avropa ölkələrindəki araşdırmalarının nəticəsi idi.

“Zirvəyə yol axtarıram” (1970), “Xəzər laylası” (1972), “Xatın zəngləri” (1977), “Leytenant Kərimov və dostları” (1980), “Taleyim-qismətim” (1983), “Salam, General” (1983), “Gələrəm görüşünə” (1988), “Mirhəsən xanın övladları” (1996-1997), “Ya peyğəmbər” (1999), “General Həzi” (2000), “Sahildə ucalan palıd” (2001), “Qarabağım-Qara bağrım” (2002), “Fateh” və sairə bu kimi nəzm və nəsr kitabları, eləcə də 3-cildlik “Seçilmiş əsərləri” Məmməd Kazımın Azərbaycan ədəbiyyatına qiymətli töhfələridir. O, bədii publisistikasına görə 1975-ci ildə “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Əsərləri rus, ukrayna, tatar, latış, ingilis və başqa dünya dillərinə tərcümə olunmuşdur. Ayrı-ayrı şeir, poema və publisistik yazıları "Ədəbiyyat", "Azərbaycan", "Qala", "Azərbaycan Gəncləri", "Azərbaycan Müəllimi" və s. qəzetlərdə, "Azərbaycan", "Ulduz", "Литературный Азербайджан" və Moskvada yayımlanan "Молодая Гвардия" jurnallarında dərc olunmuşdur. Məmməd Kazımın dilimizə tərcümə etdiyi Tatarıstanın xalq şairi Robert Minnullinin “Ətirli yarpaqlar” şeirlər kitabı tam orijinallığı ilə müstəqillik dövrünün poetik tərcümə işinə layiqli nümunədir.

Ssenariləri əsasında C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası tərəfindən 416-cı Azərbaycan Diviziyasının qəhrəmanlığına Taqanroqda ucaldılmış abidənin açılışından bəhs edən film, həmçinin, Azərbaycan Televizisiyasının sənədli filmlər studiyası tərəfindən "Dnepr qəhrəmanı", "Onu peşə məktəbi yetişdirmişdir" və "Hünər" filmləri çəkilmişdir.

M.Kazımın ədəbiyyat sahəsindəki xidmətlərinin mühüm bir qolunu da naşirlik fəaliyyəti təşkil edir. Onun 1990-cı illərdə təsisçisi və baş redaktoru olduğu “Qala” qəzeti ədəbi proseslərin canlanmasında, hazırda Azərbaycan ədəbiyatının aparıcı imzalarına çevrilmiş insanların vaxtilə üzə çıxmasında böyük rol oynayıb.

Doğma yurdun tarixi keçmişi və təbii gözəllikləri, sülhə və xoş görüşə çağırış, vətən sevgisi, neqativ sosial təzahürlərə qarşı satirik ironiya, azadlıq, dürüstlük və mərdlik – onun janrca zəngin, məzmunca dolğun əsərlərinin əsas qayəsidir. Kiçik yaşlarından müharibənin ağrı-acılarını gördüyü üçün bütün yaradıcılığı boyunca insanları müharibələrə qarşı kəskin etiraza səsləyib.

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Vətəndaş Həmrəyliyi Partiyasının ilk qurucularından və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub[1][2].

Vəfatı[redaktə | mənbəni redaktə et]

2018-ci il martın 10-da Bakıda vəfat etmiş, Xırdalan Qəbiristanlığında dəfn olunmuşdur.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Qönçə (şeirlər), Bakı: Azərnəşr, 1966.
  • Zirvəyə Yol Axtarıram (şeirlər), Bakı: Gənclik Nəşriyyatı, 1970.
  • Xəzər Laylası (şeir və poemalar), Bakı: Gənclik Nəşriyyatı, 1972.
  • Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərov (publisistika), Bakı: Gənclik Nəşriyyatı, 1975.
  • Sovet İttifaqı Qəhrəmanı İsmayıl Bayramov (publisistika), Bakı: Gənclik Nəşriyyatı, 1975.
  • Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyev (publisistika), Bakı: Gənclik Nəşriyyatı, 1975.
  • Герой Советского Союза Микаил Алекперов (publisistika), Bakı: Gənclik Nəşriyyatı, 1975.
  • Герой Советского Союза Исмаил Байрамов (publisistika), Bakı: Gənclik Nəşriyyatı, 1975.
  • Герой Советского Союза Шамсула Алиев (publisistika), Bakı: Gənclik Nəşriyyatı, 1975.
  • Xatın Zəngləri (şeir və poemalar), Bakı: Gənclik Nəşriyyatı, 1977.
  • Leytenant Kərimov və Dostları (povest), Bakı: Yazıçı Nəşriyyatı, 1980.
  • Taleyim - Qismətim (şeir və poemalar), Bakı: Yazıçı Nəşriyyatı, 1983.
  • Salam, General (publisistika), Bakı: Azərnəşr, 1983.
  • Gələrəm Görüşünə (şeir və poemalar), Bakı: Yazıçı Nəşriyyatı, 1988.
  • Hünər (publisistik toplu), Bakı: Azərnəşr, 1990.
  • Mirhəsən Xanın Övladları (3 hissəli roman), Bakı, 1996-1997.
  • Ya Peyğəmbər (poema), Bakı: Araz Nəşriyyati, 1999.
  • General Həzi (mənzum dram), Bakı: Şans NPM Nəşriyyatı, 2000.
  • Sahildə Ucalan Palıd (poema), Bakı: Nurlan Nəşriyyatı, 2001.
  • Qarabağım - Qara Bağrım (panoram-poema), Bakı: Nurlan Nəşriyyatı, 2002.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]