Cənubi Azərbaycan mətbuatı

Cənubi Azərbaycan mətbuatıCənubi Azərbaycanda mətbuat.

Məşrutə dövrü mətbuatı[redaktə | mənbəni redaktə et]

1905-1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı.

İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "...doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi. Ölkədə aparılan işlər və prosseslərin tənqidindən söhbət belə gedə bilməzdi. Sanki burada məmurlar bütün işlərdən uzaq idi... Zəkaülmülk (Məhəmməd Hüseyn)"Tərbiyət" adlı qəzetdə bəzən fransızcadan etdiyi tərcüməsində çarəsizlikdən "qanun" sözü əvəzinə "qayda" sözünü işlədirdi". Lakin haqqında söhbət gedən qanun qəbul ediləndən sonra mətbuatın bütün ölkədə azad şəkildə nəşr edilməyə başladı. Saray, hətta şəxsən Məhəmməd Əli şah belə tənqid edildi.

Bu dövrdə Azərbaycanda 50-yə yaxın qəzet və jurnal nəşr olunurdu. Tətqiqatçı Hüseyn Ümid onlardan səkkizinin Azərbaycan türkcəsində-farsca, birinin Azərbaycan türkcəsində, qalanlarının fars dilində çıxdığını qeyd edir. Bu dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıva kitab və toplumda deyil, məhz mətbuat səhifələrində işıq üzü görməsi idi. Məsələn Əşrəfəddin Gilani tərəfindən Rəştdə nəşr olunan "Nəsimi-Şimal" qəzetində əksər səhifələr şeir nümunələri ilə dolu idi.Yusif xan Etisam ül Mülkün redaktorluğu ilə çıxan "Bahar" qəzetində Yusif xanın şeirləri və rus, fransız, ərəb ədəbiyyatından etdiyi tərcümələr əsas yer tuturdu. "Sure-İsrafil" qəzetində bu mətbu orqanın baş yazarı Mirzə Əliəkbər Dehxudanın daimi rubrikası olan "Çərən və pərən" də dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranırdı.

İstanbul şəhərində o illərdə azərbaycanlı ziyalıların daha iki mətbu orqanı çap olunurdu. Bunlardan biri Seyyid Həsən Təbrizi və Seyyid Məhəmməd Tofiqin rəhbərliyi ilə 1909-1920-ci illərdə nəşr olunan "Şəms" qəzeti idi. İstanbulda nəşr olunan digər qəzetin redaktoru Təbrizli Hacı Həsən xan Cəfərzadə idi. Türk və fars dillərində nəşr olunan bu qəzetlər demokratik yönlü idi və öz səhifələrində siyasi satirik materiallara geniş yer ayırırdı. İstanbulda təhsil alan azərbaycanlı tələbələr qəzetdə fəal iştirak edirdilər.

İnqilab illərində İranın digər şəhərlərində də azərbycanlı inqilabçı publisistlər tərəfindən bir sıra qəzetlər nəşr olunurdu. Tehranda Məmməd Əmin Rəsulzadənin və Əbu Ziyanın redaktorluğu ilə "İrane-nou"(Yeni İran), S.H. İbrahimzadənin redaktorluğu ilə "Carçiye-milli", Ruşdiyyənin qələmi ilə "Tehran", Həsən xan Təbrizinin mühərirliyi ilə "Əsr", Mahmud Əfşarın redaktorluğu ilə "Cənteye-paberenha", Xorasanda Məhəmmədsadıq Təbrizli və S.H. Ərdəbilinin redaktorluğu ilə "Xurşid" və "Xorasan" qəzetləri çıxmış, Tehran sosial-demokrat təşkilatının orqanı "Sure-İsrafil" qəzetinin redaktorlarında biri Mirzə Qasım xan Təbrizi(Sure İsrafil) olmuşdur. Cənubi Azərbaycan tərəqqipərvər ziyalıları, o cümlədən S.Salmasi, Mirzə Qaffar xan Zunuzi, Heydər xan Əmioğlu və başqaları Cənubi Qafqaz mətbuatında da, xüsusi ilə "İrşad" qəzetinin İrana aid səhifələrində, Tiflisdə çıxan sosial-demokrat qəzetlərində İranda içtimai-siyasi vəziyyətə və inqilabi mübarizəyə həsr edilən demokratik məzmunlu məqalələrlə çıxış edirdilər.

O illərdə təzə nəşr olunmağa başlayan "Molla Nəsrəddin" jurnalı İran və Güney Azərbaycan mövzusuna geniş yer ayırırdı.

"Cənubi Azərbaycan mətbuatı tarixi" kitabı[redaktə | mənbəni redaktə et]

Cənubi Azərbaycan mətbuatı tarixi
Müəllif Pərvanə Məmmədli
Nəşriyyat Elm

7 iyul 2009-cu ildə Mətbuat Şurasında yenicə çapdan çıxmış "Cənubi Azərbaycan mətbuatı tarixi" kitabının təqdimatı keçirilib. "Elm" nəşriyyatında çap olunan kitabın müəllifi Bakı Dövlət Universiteti nin jurnalistika fakultəsinin dossenti, filologiya elmləri namizədi Pərvanə Məmmədli dir.

Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabı Azərbaycan jurnalistikasında əlamətdar hadisə adlandırıb. O, nəşrin ölkəmizin jurnalistika ədəbiyyatında məxsusi rol oynayacağına ümidvar olduğunu bildirib.

İran da 1978-ci il inqilabından sonra bu ölkədə müasir türkdilli mətbuatın yaradıcılarından olan, «Varlıq» jurnalı nın təsisçisi və baş redaktoru doktor Cavad Heyət əsərin əhəmiyətini vurğulayarkən cənublu ziyalıların ictimai fəaliyyətindən geniş bəhs etməsini önə çəkib.

Kitabın rəyçisi tarix elmləri namizədi Nəsiman Yaqublu əsərin Azərbaycan mətbuatı tarixinin bütövlükdə öyrənilməsində gərəkli mənbə olduğunu deyib.

Çıxış edənlərdən azərbaycanşünas tədqiqatçı Güntay, BDU-nun dosenti Atamoğlan Məmmədli, mətbuat tarixi tədqiqatçısı Tahir Aydınoğlu, jurnalist Tatyana Çaladze və digərləri kitabın məziyyətlərindən söhbət açıblar və müəllifin bu yöndəki tədqiqatlarını davam etdirməsinin vacibliyini vurğulayıblar.

Tədbirdə həmçinin bildirilib ki, iki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar qədim, zəngin mədəniyyətin və tarixin öyrənilməsinə ağır zərbə vursa da, xalqın öz varlığını yaşatma əzmini sındıra bilməmişdir. Bu baxımdan o illərdə yaranmış ədəbiyyat və mətbuat əvəzsiz rol oynamışdır. Təsadüfi deyil ki, Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel olmuşdur. Lakin hakim dövlət siyasəti İranda baş verən hər inqilabdan sonra mədəni həyatda müşahidə olunan irəliləyişin və tərəqqinin qarşısına sədd çəkmişdir. Buna görə də həmin dövrdə çıxan hər bir mətbuat nümunəsinin, adicə bir sayın da böyük siyasi və mədəni əhəmiyyəti var.

Pərvanə Məmmədlidir çıxışında kitabın Cənubi Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat yaratmaq məqsədilə yazıldığını bildirib. O, əsərin uzun illər apardığı elmi axtarışların nəticəsi olduğunu bildirib. Cənubi Azərbaycan mətbuatının İrandakı Azərbaycan türklərin mili varlığını sübuta yetirmək yolundakı mübarizədə həmişə kəsərli silah olduğunu vurğulayan müəllif kitabda XIX əsrin birinci yarısından müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan ziyalılarımızın ədəbi-ictimai fəaliyyətindən, onların səyləri ilə işıq üzü görən çeşidli mətbuat orqanlarından geniş bəhs olunduğunu diqqətə çatdırıb.

Girişdən, 8 bölümdən ibarət nəşrdə həmçinin keçilmiş bir əsr yarımıq yolu əks etdirən dəyərli sənədlər də toplanıb.

Mənbə[redaktə | mənbəni redaktə et]