Kövsəc

Kövsəc — Azərbaycanın bir çox yerində yayılmış mərasim.

İcrası[redaktə | mənbəni redaktə et]

Kövsəc mərasimi qırovdüşən ayda icra edilirdi. Özünü gülməli kökə salmış bir nəfəri təlxək geyimində qatıra mindirir, sonra da kəndi gəzdirib camaata deyirdilər ki, bu gördüyünüz adam qışın düşmənidir. Yan-yörədəkilər onun üstünə su səpir, qar atır, ətrafında məzəli oyun və əyləncələr göstərirdilər. O isə bir əlində tükü yolunmuş qarğa, o biri əlində isə yelpik tutub yellədir, saymazyana "istidir, istidir, heç vecimə deyil" — deyə-deyə hay-küy salardı.

Bu mərasimin bilavasitə qış fəsli ilə bağlı olması ayində istifadə olunan vasitələrdən də bəlli olur. Burada üst-başı cır-cındırlı kimsə əbəs yerə əlində tükü tökülmüş qarğa müqəvvası tutmur. Bilindiyi tək, el arasında qarğanın "qarr-qarr" oxuması, onun qarı, qışı çağırması kimi yozulur. Bundan savayı, qış ilin barsız-bəhərsiz fəsli sayıldığı üçün doğub-törəməyən, nəsil artırmayan qatırın onun simvolu olaraq alınması, nəhayət, noxtalanıb minilməsi də təbii təsir bağışlayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.