Janna de Lamott

Janna de Lamott
fr. Jeanne de Valois-Saint-Rémy
Doğum tarixi 22 iyul 1756(1756-07-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 avqust 1791(1791-08-23)[2][3] (35 yaşında)
Vəfat yeri
Fəaliyyəti memuarçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Janna de Lamott (tam adı: Janna de Lüz de Sen-Remi de Valua, fr. Jeanne de Luz de Saint-Rémy, de Valois, comtesse de la Motte; 22 iyul 1756[1][2][…], Fontet[d]23 avqust 1791[2][3], London) — Fransa avantürüstü, intriqaçı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qrafiniya Janna de Lamott çox məharətlə təşkil etdiyi intriqalara Fransa kraliçası Mariya Antuanetta, kardinal Lui de Roqan, hətta sehrbaz Kaliostronu da cəlb edərək, dəyəri 1 milyon 600 min lir olan boyunbağını oğurlamağa nail oldu. Bu o dövr üçün astronomik rəqəm idi.

Janna de Sen-Remi 1756-cı ildə Bar-syur-Ob şəhərciyində anadan olub. Gənciliyindən qrafiniya əsil-nəcabəti ilə yanaşı, həm də gözəlliyi və iti ağlı ilə seçilirdi. Fransanın kral sülaləsindən biri - Henrix II Valuanın nəslindən olan və həmişə zənginliyə can atan Jannanın arzuları uzun müddət həyata keçmir.

Əvvəlcə onun ailəsi müflis olur, sonra ailənin yeganə qazanc mənbəyi olan atası dünyasını dəyişir. Anasının himayəsində qalan qız Parisin küçələrində dilənməyə başlayır. Nəhayət ki, bir gün şans onun da üzünə gülür. Gözlənilmədən Markiza de Bulenvilye onun əsilzadə Valua olmasına inanır və onun alicənab qızların yaşadığı pansionata düzəlməsinə köməklik göstərir.

Lakin Janna markizanın ərinin davamlı təzyiqlərindən xilas olmaq üçün pansionatdan qaçmağa məcbur olur. Tezliklə o, özünü qraf de La Mott adlandıran (əslində bu titulun özünü zadəgan göstərmək istəyindən arzulamaqdan başqa heç bir əsası yox idi) 26 yaşlı Nikolya ilə tanış olur və ailə qurur.

Tanınmış nəslin müflis olmuş nümayəndəsi kimi onlar Versalda Janna üçün kiçik pansion almağa nail olurlar. Lakin bu pullar Valua nəslinin son nümayəndəsinin adına layiq yaşayışını təmin etmək üçün kifayət deyildi. Onlar pul qazanmağın müxtəlif yollarını axtarmağa başlayırlar. Bu dəfə də tale onları gözəl cinsin nümayəndələrinə hədsiz marağı və sevgisi, eləcə də görünməmiş bədxərcliyi ilə məşhurlaşan kardinal Lui de Roqanla qarşılaşdırır.


Əsrarəngiz boyunbağının taleyi[redaktə | mənbəni redaktə et]

1784-cü ilin payızında Lamott tanınmış zərgərlər Bemerom və Bossanjla tanış olur. Tezliklə öyrənir ki, onlar XV Lüdovikin sevimlisi madam Dübarri üçün 629 qiymətli daşdan hazırladıqları, dəyəri 1 milyon 600 min lir olan "kral boyunbağısı"nı satırlar. Çünki kralın ölümü Dübarrini bu möhtəşəm boyunbağıya sahib olmaqdan məhrum edir. Ona görə də zərgərlər bu gözəl və çox qiymətli zinət əşyasını satmağa məcbur olurlar.

Bu xəbəri eşidən Janna növbəti görüş zamanı kardinal Lui de Roqana sözarası eşitdirir ki, kraliça Mariya Antuanetta bu boyunbağını əldə etməyi çox istəyir, lakin kralın bu məsələyə müsbət yanaşmayacağından qorxur.

Təbii ki, kraliçanın ürəyindən keçən hər bir arzunu yerinə yetirməyə hər an hazır olan kardinal bu təklifi məmuniyyətlə qarşılayır və qrafiniya de Lamott hətta kardinalla "kraliça"nın gizli görüşünü də təşkil edir. Kraliçaya çox bənzəyən dərzi Nikol Leqe ilə görüşən kardinalın kraliçanın istəyinə tabe olmaqdan və qiymətli boyunbağının alınmasına təşkil etməkdən başqa çıxış yolu qalmır.

Zərgərlərə vermək üçün saxta qəbzlər hazırlanır. Qəribə də olsa, onlar heç kimdə şübhə doğurmur, baxmayaraq ki, üzərində kraliçanın heç bir vaxt daşımadığı titul - "Fransalı Mariya Antuanetta" sözləri yazılmışdı. Kardinal özü bilavasitə boyunbağını alır və Jannaya göstərmək üçün onlara gətirir. Janna ani olaraq daşların parıltısına baxır və onu qonşu otağa aparır. Onları orada kraliçanın nümayəndəsi gözləyirdi. Doğrudan da otaqda adam vardı. Qrafiniya boyunbağını ona verir və…


Otaqdakı adam kraliçanın adamı deyildi....[redaktə | mənbəni redaktə et]

Aydındır ki, kraliça heç bir zinət əşyası əldə etmir və boyunbağı jandarma zabiti qraf de Lamottun əlinə keçir. O, artıq bütün hazırlıqlarını görmüşdü və nə edəcəyini bilirdi. Beləliklə, təcili İngiltərəyə yola düşən Nikolya orada brilyantların bir qismini satır. Nəticədə onlar çoxdan bəri arzuladıqları zənginliyə qovuşurlar. Lakin onların sevinci uzun sürmür.

Janna de Lamott əmin idi ki, kral sarayı kraliçanın da adının hallandığı qalmaqalın yaranmasına razı olmayacaq. Lakin o, kralın hiddətinin həddini lazımınca dəyərləndirməmişdi. Bomer və Bossanj boyunbağının pulunu ala bilmədikdə, şəxsən kraliçanın özünə müraciət edirlər.

Məlum olur ki, kraliça adı çəkilən boyunbağı haqda heç bir məlumata malik deyil və kraldan tələb edir ki, onun şərəf və ləyaqətinə kölgə salan bu qarışıq məsələni araşdırsın. Kralın şəxsi göstərişi ilə qrafiniya, dostları – kardinal Lui de Roqan və sehrbaz Koliastro həbs olunaraq Bastiliyaya göndərilirlər. Qraf de Lamott təhlükənin yaxınlaşdığını hiss edir və arvadını taleyin ümidinə buraxaraq İngiltərəyə qaçır.

1786-cı il iyun ayının 21-də Parisin mərkəzində edam meydançasında Janna de Lamottun çiyninə qızdırılmış dəmirlə rüsvayçılıq damğası - zanbaq şəkli vurulur. Daha sonra damğalanmış zadəgan cinayətkarı Bastiliyaya həbsə göndərirlər.

Qiymətli boyunbağı isə izsiz-tozsuz itir. Bir il sonra Janna Bastiliyadan qaçmağa nail olur. İngiltərəyə gedən qrafiniya, rəsmi mənbələrin məlumatına görə, mehmanxanada qaldığı otağın pəncərəsindən atılaraq "intihar edir".

Qrafiniya de Lamott - Valua Krıma gəlir[redaktə | mənbəni redaktə et]

Lakin fransız fırıldaqçının həyat tarixçəsi gözlənilmədən Rusiyada davam edir. Janna de Lamott uydurulmuş "de Qaşe" soyadı ilə Rusiya paytaxtına gəlir. Əsrarəngiz qrafiniya de Qaşeyə rus imperator I Aleksandr böyük diqqətlə yanaşır və ona xüsusi iqamətgah ayırır. Lakin artıq qocalmış qrafiniya Rusiyanın yağmurlu paytaxtında çox yaşaya bilmir. O, tezliklə Krıma gedir və Koriezedə məskunlaşır.

O, diqqəti cəlb etmədən yaşayırdı. Lakin bununla belə, Peterburqda Janna de Qaşenin adam öldürərək külli miqdarda sərvət, ləl-cəvahirat əldə etdiyi barədə şayiələr gəzirdi. Və bir gün fransız qrafiniyanı I Aleksandrın iqamətgahına dəvət edirlər. Sarayda gedən danışıqlarla bağlı heç bir xəbər yayılmasa da, Janna oradan çox yüksək əhvali-ruhiyyə ilə qayıdır.

1826-cı ilin yazında Janna de Lamott gözlənilmədən vəfat edir. Lakin qulluqçusunun dediyinə görə, ölümündən əvvəlki gecə qrafiniya öz kağızlarını sahmana salarkən onların bir hissəsini yandırır. Yenə də qulluqçular iddia ediblər ki, qrafiniya tapşırıb ki, onu soyundurmasınlar, yumasınlar və əynindəki paltarla dəfn etsinlər. Onun bu tapşırığına əməl etmirlər və mərhumun çılpaq bədənə geyindiyi dəri gödəkçəni çıxaran zaman çiynində latın əlifbasının "V" hərfinə bənzəyən damğanın izlərini görürlər.

Janna de Lamott, Qrafiniya de Qoşe və sirli mücrüsü[redaktə | mənbəni redaktə et]

Onun ölümündən dərhal sonra baron İ.İ.Dibiçin xüsusi nümayəndəsi Krıma gəlir və bildirir ki, ona verilən yüksək əmrə görə mərhum qrafiniyanın əşyalarının arasından tünd göy rəngli mücrünü götürməlidir. Mücrü tapılır, lakin içində heç nə olmur.


Bu günə qədər çox az adam bilir ki, Londondakı "intihar"dan sonra Janna çox uzaqlarda, Krımda kiçicik bir evdə daha iyirmi il yaşayıb.

Qrafiniya Elbuzlı kəndi yaxınlığındakı qəbiristanlıqda dəfn edilir. Əvvəllər qəbrin üzərində burbon zanbağı ilə bəzədilmiş ağ mərmərdən qəbir daşı olub. Sonradan daş yoxa çıxır və beləliklə də məzar itir.

İmperatorun qrafiniya de Qaşe və onun mücrüsünə hədsiz marağını araşdıran tarixçi R.Belousov 1826-cı ildəki təhqiqatlarını yenidən araşdırarkən daha maraqlı faktla qarşılaşır. Fransa tarixçilər cəmiyyəti qrafiniya de Qaşe və qrafiniya Janna de Lamottun eyni şəxs olduğunu təsdiq edir.

Beləliklə, damğalı fırıldaqçı qrafiniya de Lamott Krımda özünün son sığınacağını tapır. Lakin onun tünd göy rəngli mücrüsü ətrafında sirr hələ də çözülməyib. O mücrüdə nə vardı? Fransanın kral ailəsinin də adının qarışdığı intriqalara aydınlıq gətirən sənədlərmi? Yoxsa doğrudan da iddia edildiyi kimi, oğurlanmış brilyant boyunbağı?


Sonuncu Valua - qrafiniya de Lamott bu sirri də oğurlanan brilyantların yeganə sahibi kimi özü ilə o biri dünyaya aparır...[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Jeanne de Valois Saint-R©my, Gr§fin Lamotte // FemBio database (alm.).
  3. 1 2 Jeanne De Valois-Saint-Remy // GeneaStar.
  4. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-12.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]