Holden Kolfild

Holden Kolfild (ing. Holden Caulfield) - amerikan yazıçı Cerom Selincerin Çovdarlıqda uçurumdan qoruyan adlı romanının əsas qəhrəmanı. Bu obraz gənclərin etirazının və nonkomformizminin əsas simvoluna çevrilmişdir. Bu adda personaj ilk dəfə olaraq Selincerin 1941-ci ildə yazdığı və The New Yorker qəzetində yayımlanan "Are You Banging Your Head Against a Wall?" hekayəsində yer almışdır. Bundan sonra isə 1946-cı ildə yazılmış "Medison prospektində yüngül qiyam" adlı hekayədə də Holden Kolfild obrazı peyda olmuşdur. Bu hekayədə Holdenin Sally Hayes ilə qaçmaq istəyi, Carl Luce ilə içməsi və sərxoş olduqdan sonra Salliyə zəng açmasından bəhs olunur. Sonradan isə bu hekayə müəllif tərəfindən daha da təkmilləşdirilərək romanın 17-ci bölməsini təşkil etmişdir.

Personajın xarakteri[redaktə | mənbəni redaktə et]

Yaxşı təminatlı və imtiyazlı bir həyat üçün doğulmuş Kolfild, özünün də yaşadığı elitar mühitə xor baxır. O, yaşadığı cəmiyyətin dəyər anlayışına şübhə ilə yanaşır və bəzən də cəmiyyət tərəfindən qəbul olunmuş davranış qaydalarını rədd edir. Holdenin əsas xarakterik xüsusiyyətləri diqqətcillik, öz-özünü təhlil etmə, acıdillilik və kinayədir. Onun - heç də axmaq olmayan birinin bir çox məktəblərdən qovulmasının əsas səbəbi isə onun digərləri kimi olmamasıdır. Əsərdə hadisələr Holdenin 17 yaşının tamam olmasına az bir müddət qalmış vaxtlarda cərəyan edir. Holden hündür boylu, arıq və şabalıdı saçlı oğlandır. Buna baxmayaraq, onun gicgahlarından birinin üstündəki tüklər tamamilə ağarmışdır və buna görə də o yaşından böyük görsənir. Holdenin xarici görünüşü barədə daha ətraflı məlumat isə əsərin heç bir yerində verilmir. Selincerin öz personajına nə üçün Holden Kolfild adını verməsi yönündə bir sıra gümanlar vardır. Geniş yayılmış belə bir uydurma təxmin vardır ki, Selincer baş rollarında Uilyam Holden və Coan Kolfildin oynadığı "Əziz Rut" (Dear Ruth) adlı romantik komediya filminin afişasını gördükdən sonra bu qərara gəlmişdir. Ancaq, bu doğru güman hesab olunmur, çünki onun Holden haqqında ilk hekayələri ("Medison prospektində yüngül qiyam", "Mən dəliyəm") hələ film işıq üzü görməmişdən qabaq - 1940-cı illərdə yazılmışdır. Digər bir təxminə görə isə personajın adı "hold on a coal field" (yanmış sahədə (kömür sahəsində) dayanmaq) sözündən götürülmüşdür. Bununla Selincer baş qəhrəmanın müasir dünyadakı rolunu göstərir, həmçinin onu bir qədər təkmilləşdirərək əsərin adına istinad edir, Catcher in the Rye (Çovdarlıqda uçurumdan qoruyan).

Mədəni təsirləri[redaktə | mənbəni redaktə et]

  • "Çovdarlıqda uçurumdan qoruyan" romanı bir sıra təhsil müəssisələrinin yuxarı təhsil pillələrinin ingilis dili və ədəbiyyatı kurslarında oxuyanlar üçün oxunulması tələb olunan əsərə çevrilmişdir. Amma, bununla belə küfürlü bir dildə yazıldığı və qiyama meylli olduğu üçün bir sıra məktəb kitabxanalarında valideynlər və müəllim qrupları tərəfindən qadağan edilmişdir.
  • Holden obrazı The Beatles qrupunun ağlını itirmiş bir pərəstişkarı olan və 1980-ci ildə Con Lennonu qətlə yetirən Mark Çepmenə təsir göstərən obraz olmuşdur. Təsadüfi deyildir ki, onun üzərindən də məhz Selincerin "Çovdarlıqda uçurumdan qoruyan" əsəri çıxmışdır.
  • Məşhur rok qrupu Green Day-ın 1992-ci ildə işıq üzü görmüş "Kerplunk" albomunda "Who wrote Holden Caulfield" adlı musiqi vardır.
  • Screeching Weasel qrupunun "How to Make Enemies and Irritate People" adlı albomundakı musiqilərdən biri isə "I Wrote Holden Caulfield" adlandırılmışdır.
  • Kevin Smith-in "Chasing Amy" filmində Ben Afflekin oynadığı rol Holden Kolfildin adından götürülmüşdür.
  • Five İron Frenzy qrupunun "Superpowers" adlı musiqisinin sözlərində belə bir fraza vardır: "Mən bəzən özümü Holden Kolfild kimi hiss edirəm, bəzən də Cek Keruak kimi"

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Cerom Selincer, Çovdarlıqda uçurumdan qoruyan

İstinadlar[redaktə | mənbəni redaktə et]

1. "Holden Caulfield, It's Time We Let Go", Atlantic Wire, October 16, 2012. Accessed 15 February 2013 Arxivləşdirilib 23 dekabr 2014 at the Wayback Machine 2. Holden Kolfild ortalığa nə saldı?

Keçidlər[redaktə | mənbəni redaktə et]

Fan sayt[redaktə | mənbəni redaktə et]

Çovdarlıqda uçurumdan qoruyan və digər əlaqəli mövzular