Dünya xalqları ədalətliləri

Dünya xalqları ədalətliləri
חסידי אומות העולם

Ölkə İsrail İsrail
Tip Diplom və medal
Kimə verilir Öz həyatlarını təhlükəyə ataraq yəhudiləri xilas etmiş qeyri-yəhudilərə.
Təltif edir
Status təqdim olunur
Statistika
Təsis tarixi 1963-cü il
Təltif sayı 26 119 nəfər
yadvashem.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Dünya xalqları ədalətliləri" və ya "Beynəlxalq ədalətlilər" (ivr.חסידי אומות העולם‏‎) — 1951-ci il "Holokost xatirəsi haqqında İsrail qanunu”na əsasən, Avropanın nasistlər tərəfindən işğalı zamanı və "Holokost” illərində öz həyatlarını təhlükəyə ataraq minlərlə yəhudini xilas etmiş qeyri-yəhudilərə verilən fəxri addır.

1963-cü ildən etibarən İsrail Ali Məhkəməsi hakiminin rəhbərlik etdiyi komissiya "Beynəlxalq ədalətlilər"in mükafatlandırılması vəzifəsini həyata keçirir. Bu ada layiq görülən şəxs, üzərində adının qeyd olunduğu medalla mükafatlandırılır, həmçinin, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyinin ərazisində yerləşən "Ədalətlilər bağçası”nın Şərəf Lövhəsində həkk olunur. Əgər həmin şəxs vəfat edibsə, onun yaxın qohumu bu adı ölən insanın xatirəsinə əldə etmək üçün dövlətə müraciət etməlidir.

Bu ada layiq görülən şəxslərin sırasında İsrail dövlətində yaşamağı seçənlərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə də təmin olunur.[1] Faciə və qəhrəmanlıq İnstitutu "Yad va-Şem" 1 yanvar 2016-cı il tarixində 51 ölkədən 26.119 nəfər insanı "Dünya xalqlarının mömini" kimi təsdiq edib.[2]

Möminlərin fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Yəhudilərə yardım böyük cəsarət və fədakarlıq tələb edirdi. Nasistlər yəhudiləri qoruyan və onları gizlədən bütün şəxsləri ölümlə təhdid edirdilər. Yəhudilərə kömək edənlərə verilən cəzalar ölkələr üzrə bir-birindən fərqlənirdi. Almanlar Şərqi Avropada təkcə yəhudiləri qoruyan şəxsi deyil, eyni zamanda onun bütün ailəsini də öldürürdülər. Qərbi Avropada repressiyalar bu qədər sərt deyildi, lakin burada da bir çox möminlər ya öldürülür, ya da həbs düşərgələrində həlak olurdular. Həm xilaskarlar, həm də xilas olunanlar daimi qorxu içində yaşayırdılar. Təhlükə yalnız alman hakimiyyəti tərəfindən gözlənilmirdi. Antisemitist əhval-ruhiyyəli qonşular da tez-tez möminlərlə bağlı məlumatlar ötürürdülər.[3] Litvalı meşəbəyi Mikolas Şimelis 1945-ci ildə yəhudiləri gizlətdiyinə görə yerli millətçilər tərəfindən öldürülüb.[4] Yəhudi qaçqınlara sərhədi qeyri-qanuni keçməyə yardım etdiyinə görə İsveçrəli polis işçisi Paul Qrüninger cinayət təqibinə məruz qalıb və işdən çıxarılıb.

Yəhudilərin xilas edilməsində savadsız kənd sakinlərindən tutmuş kral ailələrinin üzvlərinə qədər, ən müxtəlif sosial təbəqələrdən olan insanlar iştirak ediblər. Onlara bu işdə demək olar ki, bütün peşə sahibləri nümayəndələri: hərbçilər, məmurlar, keşişlər, balıqçılar, fəhlələr, kəndlilər, elm və incəsənət xadimləri, müəllimlər, sahibkarlar və digər şəxslər kömək edirdilər.

"Jeqota” təşkilatının üzvləri
Zofiya Kozak-Şutska (solda)İrena Sendler (sağda)

Polşada 120 minə yaxın yəhudi xilas edilib.[5] Hesablamalara görə 350 min polyak yəhudilərin xilas edilməsində iştirak etmişdir[6] (Vladislav Bartoşevski bu sayın milyona qədər olduğunu qeyd edir).[7] Yəhudiləri xilas edən və ya onlara kömək etmiş ən azı 5000 polyak nasistlər tərəfindən edam olunub.[8][9] Mühacirətdə olan Polşa hökuməti yəhudilərin xilasını təşkil edən "Jeqota” (pol. Żegota, Polşanın işğal olunmuş ərazilərində yəhudilərə kömək şurası; 1942-1945) təşkilatını yaratdı. Təşkilatın rəhbəri Zofiya Kozak-Şutska idi.[10] Təşkilatın digər görkəmli və aparıcı simalarından biri isə İrena Sendler idi. Polşa siyasi xəfiyyəsi Yan Karski 1942-ci ildə yəhudilərin öldürülməsi barədə məruzə ilə Böyük Britaniyaya yola düşərək, britaniyalı və amerikalı siyasətçilərin diqqətini onlara kömək göstərməyin zəruriliyinə cəlb etməyə çalışdı.

Niderland, Norveç, BelçikaFransada müqavimətdə iştirak edən gizli təşkilatlar, əsasən, yəhudilərə sığınacaq axtarılmasına kömək etmişdilər. Danimarkadakı alman hərbi attaşesi Georq Ferdinand Dukvitsin xəbərdarlığından sonra 8000 Danimarka yəhudisinin 7000-i balıqçı qayıqları ilə İsveçrəyə göndərildi, kral ailəsi də daxil olmaqla, bütün Danimarka cəmiyyəti alman işğalı illərində bu irqçi qanunlara açıq şəkildə öz etirazlarını bildirmişdilər. Bu, ona gətirib çıxardı ki, İkinci dünya müharibəsi illərində Danimarkada yalnız 60 yəhudi həlak oldu.

Nasistlərin apardığı irqçi siyasətə bolqarlar da öz etirazlarını bildirmişlər. Almanlar bolqar yəhudilərinin (onların sayı təxminən 50.000 nəfər idi) onlara təslim edilməsini tələb edəndə bütün ictimaiyyət ayağa qalxdı. Demokratlar, kommunistlər, ictimai xadimlər, parlament üzvləri, başda patriarx olmaqla pravoslav kilsəsinin müqəddəsləri Bolqarıstan vətəndaşı olan yəhudilərin müdafiəsinə qalxdılar. Çar III Boris Almaniyanın müvafiq göstərişinə etirazını bildirdi. Yəhudilər yalnız paytaxtdan əyalətlərə göndərildilər. Nəticədə, təxminən 50.000 yəhudinin həyatını xilas etmək mümkün oldu. Lakin müharibə zamanı Bolqarıstan, MakedoniyaYunanıstan Trakiyası ərazisində məskunlaşmış 11.343 yəhudi Osventsimə göndərilib.

1942-1943-cü illərdə İtalyan hərbi və vətəndaş hakimiyyəti də həmçinin, İtaliyanın işğal etmiş olduğu YuqoslaviyaFransa ərazilərindəki yəhudilərin ölüm düşərgələrinə göndərilməsinə yardım etməkdən imtina etdi. Almanların təzyiqinə məruz qalan italyanlar yəhudilər üçün həbs düşərgələri yaratdılar (xüsusilə, Kampanya həbs düşərgəsi), digər düşərgələrdən fərqli olaraq, burada saxlanma şəraiti daha insani idi.[11]

Nasistlərin sərt antisemit siyasətinə baxmayaraq, Almaniyada vaxtaşırı olaraq yəhudilərin təqibinə qarşı etiraz səsləri yüksəlirdi. Antisemit siyasətinə qarşı ən iri etirazlardan biri 27-28 fevral 1943-cü ildə Rozenştrassda etnik almanlar – cütlüklər və düşərgəyə göndərilmək təhlükəsi altında olan yəhudilərin qohumları tərəfindən təşkil edilmiş nümayiş idi. Qalmaqal baş verməməsi üçün Berlinin qaulyalteri Göbbels, sayı təxminən 2000 nəfər olan nümayişçilərin qohumlarının azad edilməsi və onların Berlində icbari işə göndərilməsi haqqında göstəriş verdi (onların, demək olar ki, hamısı müharibənin sonuna qədər yaşayıblar).

Bir sıra hallarda yəhudilərə kömək etmək üçün yüksək vəzifəli almanlar öz səlahiyyətlərindən istifadə etmişlər. Bu xilaskarlardan ən məşhuru Plaşov düşərgəsindən minlərlə yəhudini xilas edən və onları öz fabrikində işlə təmin edən alman iş adamı Oskar Şindler olmuşdur.

"Beynəlxalq ədalətlilər” arasında diplomatlar və məmurlar da olmuşdur. Onlardan yəhudilərin xilası naminə öz karyeralarını təhlükə altına qoyanlar sırasında ən məşhurları Aristides de Sousa Mendes (Portuqaliya), Çiune Suqihara (Yaponiya) və Paul Qrüningerdir (İsveçrə). Çinin Vyanadakı baş konsulu He Fenşan yəhudilərə Sinqapura və bir sıra başqa ölkələrə gedə bilmələri üçün viza vermişdir. Parisdəki İran səfirliyinin əməkdaşı Əbdül Hüseyn Sədri (həyat tarixçəsi "0 dərəcəli N dairəsi" teleserialının əsasını təşkil edir) də həmçinin, nasistlər tərəfindən işğal olunmuş Parisdə olan yəhudilərə üç mindən çox İran vizası verərək, onların həyatını xilas etmişdir.[12] Lakin yəhudilərin xilaskarı olan ən məşhur diplomat, yəqin ki, İsveçdən olan və on minlərlə Macarıstan yəhudisinin həyatını xilas edən Raul Vallenberq olmuşdur. Avropa yəhudilərinin (əsasən də Macarıstan) həyatını xilas etmək üçün onlara Salvador vətəndaşlığı haqqında 40.000 saxta sənəd verən Salvador diplomatı – polkovnik Xose Artur Kastelyansın adı ictimaiyyətə yalnız 2006-cı ildə məlum oldu. Onun bu addımı sayəsində 25.000-dən çox insan xilas edilib. "Beynəlxalq ədalətlilər” arasında Budapeştdəki ispan nümayəndə heyətinin üzvü Corc Perlas və İspaniyanın Afinadakı konsulu Sebastyan Romero Radiqalesin adını da qeyd etmək lazımdır.

6 mart 2013-cü ildən Dünya möminlərinin Avropa xatirə günü qeyd edilir. Bu xatirə günü, 2012-ci ildə Avropa Parlamenti tərəfindən müəyyən edilib.[13]

Sayı və meyarları[redaktə | mənbəni redaktə et]

“Dünya xalqları mömini” Polşalı rabitəçi partizan Mariya Kotarbın ivritpolyak dilində olan diplomu.

"Yad va-Şem" 1 yanvar 2016-ci il etibarilə 51 ölkədən 26.119 şəxsi “Dünya xalqlarının mömini” kimi təsdiq edib.[14] Niderlandın Nivlande kəndinin 117 sakininin hər biri, Fransanın Şambon-sür-Linyon kəndinin isə 40-dan çox sakini bu ada layiq görülüb.[15]

"Dünya xalqları mömini" adı aşağıdakı meyarlara uyğun gəldiyi zaman təqdim edilir:[16]

  1. Bir və ya bir neçə yəhudini ölüm düşərgələrinə göndərilmə və ya dərhal məhv edilmə təhlükəsindən xilas edilməsində fəal iştirak etmə.
  2. Xilaskarın istəyi yəhudini məhz xilas etmək olmalı idi.
  3. Xilaskarın atacağı addımlar pul məbləği və ya digər kompensasiya qarşılığında (xilas olunanın başqa dinə keçməsi, uşağın övladlığa götürülməsi və s.) olmamalı idi və əgər xilaskar pulu almışdırsa, o bu pulu özünün varlanması məqsədi ilə deyil, yalnız yəhudinin xilasını təmin etmək üçün götürməli idi.
  4. Xilaskara və onun yaxınlarına real təhlükə var idi. Xüsusi hallarda xilaskarın iqtisadi və ictimai rifahı nəzərə alınır.
  5. Yuxarıda göstərilənlər yardım sayəsində sağ qalanların şahidliyilə və ya xilasetmə faktını təsdiq edən münasib sənədlərin olması ilə təsdiqlənir.

Meyarlar adın verilməsi məqsədi ilə müəyyənləşdirilib, ona görə də onlar heç də həmişə elmi araşdırma metodlarına uyğun gəlmir. İşə "Adın verilməsi üzrə komissiya"da baxılması üçün lazım olan əsas tələb, xilas olunanın ona göstərilən yardımın xarakteri haqqında şahidlik etməsidir. Yalnız bəzi hallarda komissiya arxiv sənədlərini dəlil kimi yetəri sübut olaraq qəbul edib. Şahid ifadələri yalnız lazımi meyar deyil, bu ifadələr çox vaxt həm də yeganə sübut hesab olunurlar.[17]

Möminlərin əksəriyyəti xilas olunanların müraciətləri əsasında tanınıblar, yalnız az bir hissə özlərinin, tarixçilərin və ya digər şəxslərin ərizələri üzrə aşkar olunublar. Xilaskarlar və xilas olunanlar barədə məlumatlar hələ də tam deyil.[17]

Təsdiq edilmiş hər bir möminin şərəfinə mükafatlandırma mərasimi keçirilir. Bu tədbir zamanı möminin özünə və ya onun vərəsələrinə fəxri sertifikat və üzərində iki dildə — ivritfransızca: "Yəhudi xalqının adından minnətdarlıq. Bir həyatı xilas edən, bütün dünyanı xilas edir." yazısı həkk olunmuş medal verilir.[18]

Ölkələr üzrə statistika[redaktə | mənbəni redaktə et]

1 yanvar 2016-ci il etibarilə 26.119 şəxs “Dünya xalqlarının mömini” kimi təsdiq edilib.[2]

Sıra Ölkə Mükafatların sayı
1 Polşa Polşa 6,620
2  Niderland 5,516
3 Fransa Fransa 3,925
4 Ukrayna Ukrayna 2,544
5 Belçika Belçika 1,707
6 Litva Litva 889
7 Macarıstan Macarıstan 837
8 İtaliya İtaliya 671
9 Belarus Belarus 618
10 Almaniya Almaniya 587
11 Slovakiya Slovakiya 558
12 Yunanıstan Yunanıstan 328
13 Rusiya Rusiya 197
14 Latviya Latviya/Serbiya Serbiya 135
16 Xorvatiya Xorvatiya/Çexiya Çexiya 115
18  Avstriya 106
19 Moldova Moldova 79
20 Albaniya Albaniya 75
21 Norveç Norveç 62
22 Rumıniya Rumıniya 60
23 İsveçrə İsveçrə 47
24  Bosniya və Herseqovina 42
25 Ermənistan Ermənistan 24
26 Danimarka Danimarka 22
27 Böyük Britaniya Birləşmiş Krallıq 21
28 Bolqarıstan Bolqarıstan 20
29 Şimali Makedoniya Şimali Makedoniya/İsveç İsveç 10
31 Sloveniya Sloveniya/İspaniya İspaniya 7
33 ABŞ ABŞ 5
34 Estoniya Estoniya/Portuqaliya Portuqaliya 3
36  Braziliya/Çin ÇXR 2
38 Çili Çili/Kuba Kuba/Ekvador Ekvador/Misir Misir/
Salvador Salvador/Gürcüstan Gürcüstan/İrlandiya İrlandiya/Yaponiya Yaponiya/
Lüksemburq Lüksemburq/Monako Monako/Türkiyə Türkiyə/Vyetnam Vyetnam
1

Tanınmış möminlər[redaktə | mənbəni redaktə et]

Möminlərə münasibət[redaktə | mənbəni redaktə et]

Möminlər, onların xanımları və övladları İsrailin fəxri vətəndaşlığı hüququna sahibdirlər. İsraildə yaşayan beynəlxalq ədalətlilər (həmçinin onların həyat yoldaşları və yetkinlik yaşına çatmayan uşaqları) bir sıra güzəştlərə malikdirlər. Həmin şəxslərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası verilir, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə təmin olunurlar.[1] Ümumilikdə İsraildə 130 "Beynəlxalq ədalətli” məskunlaşmışdır. Onlar İsrailin nüfuzlu dairələri tərəfindən səmimiyyətlə qarşılanmış və onlara vətəndaşlıq verilmişdir. 1980-ci illərin ortalarından etibarən onlara xüsusi təqaüdlər verilməyə başlandı.

Avropa ölkələrində (Böyük Britaniya, Almaniya, Avstriya, Ukrayna, Fransa) yaşayan dünya möminlərinin bir çoxu, həmin ölkələrin milli mükafatları ilə təltif edilirlər.[19] Fransa hökuməti onun ərazisində fəaliyyət göstərən möminləri, o cümlədən digər ölkə vətəndaşlarını (məsələn Vyetnam mömini Pol Nquen Konq Anı) Fəxri Legion ordeni ilə mükafatlandırır.[20] 2004-cü ildə "Holokost" elmi-maarif mərkəzinin sədrləri Alla Herber və İlya Altman Rusiya prezidenti Vladimir Putinə Rusiya möminlərinin xidmətlərini qeyd etmək xahişi ilə müraciət ediblər, ancaq bir il sonra materiallar geri qaytarılıb.[21] Sonralar İlya Altman bildirib ki, "Rusiya — "Yad va-Şem" tərəfindən tanınan dünya möminlərini heç bir dövlət mükafatları ilə təltif etməyən yeganə dövlətdir."[22]

Rusiya Yəhudi Konqresi 1996-cı ildən Rusiyada yaşayan hər bir dünya mömininə hər ay maddi yardım göstərir.[23] 2010-cu il dekabrın 1-nə olan vəziyyətə görə, Rusiya möminlərindən 9 nəfəri hələ də sağdır.[24]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Праведники народов мира Arxivləşdirilib 2010-03-29 at the Wayback Machine на сайте Ведомства по национальному страхованию Израиля
  2. 1 2 "In the synagogue on Poklonnaya hill will present an international project, devoted to the righteous among the Nations". İstifadə tarixi: 28 April 2016.[ölü keçid]
  3. "Paying the Ultimate Price". A Tribute to the Righteous Among the Nations (ingilis). yadvashem.org. 2015-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10.
  4. "Mykolas and Jadvyga Šimelis". A Tribute to the Righteous Among the Nations (ingilis). yadvashem.org. 2015-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-10.
  5. Richard C. Lukas: Zapomniany Holokaust. Polacy pod okupacją niemiecką 1939—1945. Poznań: Dom Wydawniczy Rebis, 2012, s. 248. ISBN 978-83-7510-832-3
  6. Richard C. Lukas: Zapomniany Holokaust… op.cit., s. 402—403
  7. Barbara Polak. Biedni Polacy patrzą i ratują (wywiad z Grzegorzem Berendtem, Markiem Wierzbickim i Janem Żarynem). «Biuletyn IPN». 3 (98), s. 16, marzec 2009.
  8. Anna Zechenter. Jedenaste: przyjmij bliźniego pod swój dach. «Biuletyn IPN». 3 (98), s. 83-84, marzec 2009.
  9. "Список 700 поляков, казненных нацистами". 2019-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
  10. "Holocaust History — ZEGOTA — Aid Polish Jews During the Holocaust". 2011-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-02.
  11. "Банальность добра, или как итальянские фашисты спасали евреев". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
  12. "Кто забыл арабов — «праведников народов мира»? // Михаэль Дорфман". 2011-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-11.
  13. "Wsparcie dla ustanowienia Europejskiego Dnia Pamięci o Sprawiedliwych". 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  14. Праведники народов мира — по странам и национальной принадлежности спасителей Arxivləşdirilib 2017-03-24 at the Wayback Machine 1 января 2016
  15. "About the Righteous Related Sites" (ingilis). Yad Vashem. 2015-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-06.
  16. Gunnar S. Paulsson, “The Rescue of Jews by Non-Jews in Nazi-Occupied Poland”, The Journal of Holocaust Education, volume 7, nos. 1 & 2 (summer/autumn 1998): pp. 19–44. Reprinted in “Collective Rescue Efforts of the Poles”, p. 256
  17. 1 2 Iael Nidam-Orvieto & Irena Steinfeldt. "The Rescue of Jews in Albania Through the Perspective of the Yad Vashem Files of the Righteous Among the Nations" (PDF) (ingilis). Yad Vashem. 2016-03-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-12-20.
  18. Ъ — Виктор Ющенко вводит звание «Праведник мира»
  19. "Кто такие «Праведники мира»?". Великая Эпоха. 2015-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-7-21.
  20. "CHEVALIER DE L' ORDRE NATIONAL DE LA LEGION D'HONNEUR" (ingilis). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
  21. Esquire jurnalı № 61 (dekabr 2010), səh. 201.
  22. "Уроки Холокоста". Эхо Москвы. 2015-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-7-21.
  23. "«Праведники мира»". 2011-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-21.
  24. Esquire jurnalı № 61 (dekabr 2010), səh. 189.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]