Bernardo Bertoluççi

Wikipedia open wikipedia design.

Infobox-realisateur.png
Bernardo Bertoluççi
it. Bernardo Bertolucci
Fotoqrafiya
Doğum tarixi
16 mart 1941(1941-03-16)
Doğum yeri Parma, Emiliya-Romanya, İtaliya krallığı[1]
Vəfat tarixi 26 noyabr 2018 (77 yaşında)
Vəfat yeri Roma, İtaliya
Vəfat səbəbi Ağ ciyər xərçəngi
Həyat yoldaşı Adriana Asti, Maria Paola MainoKleyr Peploe
AtasıAttilio Bertoluççi
VətəndaşlığıFlag of Italy.svg İtaliya
Peşəsikinorejissor, ssenarist, kino prodüseri, kino aktyoru, montajçı, şairdramaturq
TəhsiliSapienza
Fəaliyyət illəri1962–2018
IMDb:ID 0000934
VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar

Bernardo Bertoluççi (it. Bernardo Bertolucci; 16 mart 1941(1941-03-16), Parma, Emiliya-Romanya, İtaliya krallığı[1]26 noyabr 2018(2018-11-26)[2], Roma, İtaliya) — İtaliya kinorejissoru, dramaturqu və şairi. 1960-cı illərdə Jan-Lyuk Qodarın və Pyer Paolo Pazolininin davamçısı olmuşdur. Kommunizm və freydizmlə maraqlanmışdır. Öz filmlərində sosial olanla intim olanları incə bir şəkildə əlaqələndirmişdir. Filmlərinin bir çoxunda insan seksuallığının tabu sayılan formalarına — insestə, triolizmə, homoseksuallığa müraciət etmişdir. Bir qayda olaraq bütün filmlərinin operatoru italyan kino tənqidçilərinin "işıq-kölgə tanrısı" adlandırdığı Vittorio Storarodur.

"Konformist" (1970) və "Parisdə sonuncu tanqo" (1972) filmlərinin triumfal uğurundan sonra İtaliya sərhədlərindən kənarda, o cümlədən buddist Şərqdə işləmişdir və özünü "skeptik həvəskar-buddist" adlandırmışdır[3].

Həyatı[redaktə | əsas redaktə]

Bernardo Bertaluççi İtalyanın Parma şəhərində, Attilio Bertoluççinin ailəsində dünyaya gəlmişdir. Bertoluççi incəsənətlə sıx əlaqələri olan ailədə doğulmuşdur. Atası şair, kinotənqidçi, incəsənət tarixi professoru Attilio Bertoluççi tənqidi məqalələr yazırdı. Anası Ninetta məktəb müəlliməsi idi. Bernardonun kiçik qardaşı Çuzeppe teatr rejissoru və ssenaristdir. Əmisioğlu Çovanni Bertoluççi ilə birlikdə bir necə kinolayihənin üzərində birlikdə işləyiblər.

Bernardonun kinoya olan marağını görən atası onu həvəsləndirir özü ilə çəkilişlərə aparırdı. Onun kinoda ilk işləri 16 mm-lik lentə çəkdiyi həvəskar filmləri “Kanat yolu” (1957) və “Donuzun ölümü” (1958) olmuşdu.

Şeir yazmağa Bernardo 15 yaşında başlamışdır. Məktəbi bitirdikdən sonra Roma Universitetinin Müasir ədəbiyyat fakültəsinə qəbul olmuş və artıq 20 yaşında poeziyası ilə şöhrət əldə edə bilmişdi. Bernardonun atası məşhur rejissor Pyer Paolo Pazoliniyə ilk kitabını nəşr etməyə kömək etmiş nəticədə isə Pazolini Bernardonu 1961-ci ildə “Akkatone” filminə birinci assitent vəzifəsinə dəvət etmişdi. Universitetdə təhsil aldığı zaman Bertoluççi sol ideyalarla maraqlanır və İtaliya kommunist partiyasına üzv olur. 1962-ci ildə Bernardo “Sümüklü kirvə” (La Commare Secca) ilk tammetrajlı filmini çəkir. Bu filmdə detektiv süjet Bertoluççiyə sosial ədalətsizlik, insanın cinsiyyəti və taleyin dönüklüyü mövzularına toxunmaq üçün xidmət edir. Film üzərində işləmək üçün 22 yaşlı rejissor universitet təhsilini yarımçıq qoyur. Məhz bu ildə onun nüfuzlu ədəbiyyat mükafatı Viaredjoya layiq görülən “Sirrin axtarışında” adlı şeir kitabı çapdan çıxmışdır.

İki ildən sonra 1964-cü ildə Bertoluççi “İnqilab öncəsi” (Prima Della Rivoluzione) filmini çəkir. Konformist “atalara” qarşı gəncliyin inqilabı mövzusu 1968-ci il hadisələrinin öncəgörməsi kimi qəbul edilir. Filmin adı Taleyranın məşhur “İnqilab öncəsi illərdə yaşamayan insan həyatın şirinliklərini anlaya bilməz” ifadəsinə işarədir. Film 1971-ci ildə mavi ekrana çıxıb.

1965-1966-сı illərdə tammetrajlı “Neft kəməri” sənədli filmini çəkir, tamamlanmamış “Kanal” (1966) filmi üzərində işləyir, “Sevgi və qəzəb” (Amore e rabbia, 1967) almanaxı üçün “Сanvermə” qısametrajlı filmini çəkir.

1968-ci ildə üçüncü tammetrajlı “Partnor” (Partner) filmi ilə böyük ekrana Dostoyevskinin “Oxşar” (Двойник) pyesinin hadisələrini gətirir. Bu filmi Bertoluççinin “Şizofreniya barədə şizofrenik filmi” adlandırırlar. Bertoluççi oğul italyan kinomatoqrafiyasının digər nümayəndələrinin də diqqətini cəlb etmişdi. O, bu ildə Serjeo Leone və Dario Arjento ilə birlikdə “Bir dəfə vəhşi qərbdə” filminin ssenarisi üzərində işləmişdi.

1969-cu ildə ekranlara Bertoluççinin Borxesin “Xəyanətkar və qəhrəman mövzusu” hekayəsi əsasında çəkdiyi “Hörümçək strategiyası” (La Strategia Del Ragno) televiziya filmi çıxır. Rejissorun sözlərinə görə faşizmin psixoloji səbəbləri, keçmişin bu günə müdaxiləsi, ata və oğlun oxşarlığı, xəyanətin qəhrəmanlaşdırılması filmin əsas mövzularıdır. 1970-ci ildə ekrana rejissora dünya şöhrəti gətirən “Konformist” (Il Conformista) filmi çıxır. Film Alberto Moravianın eyniadlı romanı əsasında çəkilmişdi. 29 yaşlı rejissorun bu işi bütün peşəkar kinotənqidçilərdən yüksək qiymət almışdır. Film 1971-ci ildə Ən yaxşı film nominasiyasında milli İtalyan kinomükafatı “David di Donatelloya” layiq görülmüşdü. Film Bertoluççiyə Ən yaxşı ssenari nominasiyasında ilk Oskar namizədliyini gətirmişdir. Təhkiyə strukturunun mürəkkəbliyi və kinomatoqrafda novatorluğuna görə bu film dünya kinomatoqrafının inkişafına əhəmiyyətli təsir göstərmiş, “Xaç atası” (1972), “Apokalipsis bu gün” (1979) kimi yeni nəsl psixoloji dramların yaranmasına yol açmışdı.

70-ci illərdə bir çox italyan rejissorları Amerika, İsveçrə, Fransa kinomotoqrafları ilə əməkdaşlıq etməyə başladılar. 1972-ci ildə sıra Bertoluççiyə çatdı. O, baş rollarını hollivudun əsas kişi ulduzu Marlon Brando və avropalı aktrisa Mariya Şnayderin bölüşdüyü “Parisdə son tanqo” (Dernier Tango А Paris) filmini çəkir. Açıq-saçıq səhnələrlə dolu olan film İtaliyada böyük qalmaqala səbəb olmuşdu. Özündə erotik və fəlsəfi melodramanın elementlərini birləşdirən film Bertoluççinin rejisorluğu və Marlon Brandonun ifasına görə iki nominasiyada Oskara namizəd göstərilmişdi. Film əsasən Bertoluççinin seksual fanatziyaları əsasında çəklimişdir. Filmin mövzusuna həmçinin ingilis rəssam Frensis Bekonun rəsmlərinin də təsiri olmuşdur. Rejissor bu filmində insan həyatında bir çox şeyin həssaslıq və ehtiras əsasında qurulduğu ideyasını tam açıqlayır.

Film senzuraya məruz qalmış, bütün surətləri məhv edilmişdi. İtaliya məhkəməsi Bertoluççini vətəndaş hüququndandan məhrum edərək dörd ay şərti cəza kəsmişdi. 1976-ci ildə Bertoluççi yenidən tarixi mövzuya qayıdır və baş rollarını Jerar de Pardiye və Robert de Nironun bölüşdüyü “İyirminci əsr” (Novecento) epopeyasını çəkir. Epik, beş saatdan artıq filmdə tarixi hadisələr və XX əsrin birinci yarısında İtaliyada ictimai əhval-ruhiyyənin dəyişikliyi fonunda qəhrəmanların həyat yolu nümayiş etdirilmişdir. Filmin əsas motivi italiyan kəndlisini ənənəvi və yarımfeodal torpaq sahiblərinin hakimiyyəti altından azad etməkdir.

1979-cu ildə ekranlaşdığı “Ay”(La Luna) və 1981-ci ildə çəkdiyi “Gülünc insanın faciəsi” (La Tragedia Di Un Uomo Ridicolo) filmlərindən sonra rejissorun uzun müddətli - altı illik susqunluq dövrü gəlir.

İngiltərəyə köçdükdən sonra rejissorun yaradıcılığında “kosmopolit” dövr başlayır.

1987-ci ildə Bernardo Bertoluççi "Sonuncu imperator (ing. The Last Emperor) Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edən bioqrafik, tarixi, dram filmini çəkir. Filmdə Pu İnin kiçik yaşlarında taxta çıxmasından, Çin kommunistləri tərəfindən həbs edilməsi və siyasi reabilitasiyasına qədər həyatı əks olunmuşdur. Bu film Bertoluççiyə dünyəvi uğur qazandırır. Film Çin hökumətinin icazəsi ilə Pekindəki Yasaq şəhərdə çəkilən ilk bədii filmdir. 1949-cu ildən sonra “Sonuncu imperator” Çin haqqında, Çin ərazisində, dövlətin tam dəstəyi ilə çəkilən ilk qərb filmi olmuşdu. Film üç ilə çəkilmişdir. Film ən yaxşı film və ən yaxşı rejissor nominasiyaları da daxil olmaqla doqquz Oskar mükafatı almışdı.

Uğurdan ilhamlanan Bertoluççi yenidən nəzərini sirli və əsrarəngiz şərqə çevirir və 1990-cı ildə Pol Boulzun eyniadlı romanı əsasında, Afrika mövzusunda psixoloji dram “Göylərin pərdəsi altında” filmini ( The Sheltering Sky) çəkir. Dünya kino mətbuatı tərəfindən bir tərəfli qəbul edilməyən filmdən Pol Boulz da razı qalmamışdı. Bertoluççi üçün ənənəvi olan qadın və kişi, sevgi və ehtiras, tale və ölüm, zorakılıq və mazoxizm arasında mürəkkəb münasibətlərin analizindən əlavə bu film avropa və şərq sivilzasiyanın toqquşmasına həsr olunmuşdu.

1993-cü ildə Bertoluççi buddizmin əsasını qoyan, şahzadə Qautama Buddanın həyat hekayəsini ekranlaşdıraraq şərq mövzusunu davam etdirir və “Balaca Budda” (Little Buddha) filmini çəkir. Əvvəlki filminin Amerikada soyuq qəbul edildiyi üçün zərbə alan Bertoluççi “Şərq trilogiyasının” sonuncu filmi olan “Balaca Buddada” təsvirin baxımlılığını mürəkkəb, xüsusi effektlər vasitəsi ilə kəskin artırır və fəlsəfənin geniş auditoriya üçün daha anlaşılan olmasına çalışır.

1995-ci ildə 15 il aradan sonra Bertoluççi baş rolunu Liv Taylerin oynadığı hadisələri İtaliyada baş verən “Qaçan gözəllik” filmini çəkir. Film əsrarəngiz İtaliya peyzajları fonunda atasını axtaran gənc amerikalı xanımın tarixçəsi barədədir. Liv Tayler üçün bu film böyük kinomatoqrafiyaya giriş bileti rolunu oynamışdır.

2003-cü ildə ekranlara Bertoluççinin erotik dram filmi olan “Xəyalpərəstlər” (The Dreamers) çıxır. Hadisələrin mərkəzində kinomatoqrafik allüziyalarla zəngin, ətrafdan təcrid olunmıuş Paris mənzilində 1968-ci ilin tələbə qiyamı fonunda baş verən seksual inqilabdır. Filmin seksual səhnələrlə zəngin olması və üç gənc arasında olan qeyri-adi münasibətdən bəhs etməsi bir çox kinotənqidçidən mənfi rəy almasına səbəb olmuşdu.

2012-ci ildə Kann festivalının proqramdan kənar nümayiş olunan filmlər arasında hələlik Bertoluççinin sonuncu dram filmi “Mən və sən” (Io e te) nümayiş olunmuşdu.

İstinadlar[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]



This page is based on a Wikipedia article written by contributors (read/edit).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.

Destek