Biofizika İnstitutu (Azərbaycan)

Biofizika İnstitutu
Biofizika İnstitutu
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Tipi Elmi Tədqiqat İnstitutu
Yaradılıb 20.07.2016
Əvvəlki adı Biofizika İnstitutu
Digər məlumatlar
İşçi sayı 57
Ünvan AZ1141, Bakı ş., Z.Xəlilov küç., 117
Telefon (+994 12) 432 62 48
Sayt science.gov.az/az/instit…

Biofizika İnstitutuAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi. İnstitutda 57 nəfər əməkdaş çalışır. Onlardan 4 nəfəri elmlər doktoru, 6 nəfəri fəlsəfə doktoru, 4 nəfəri dossent, 1 nəfər böyük elmi işçi, 24 nəfəri elmi işçi, 12 nəfər mütəxəssis 15 nəfəri isə texniki işçilərdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan müstəqillik əldə edəndən bu yana müxtəlif mövzularda regional və qlobal əməkdaşlığa, dialoqa, qarşılıqlı yardıma xidmət edən tədbirlərə ev sahibliyi edib. Onların sırasında Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. Ənənəvi olaraq, Forum paytaxtımızda 2011-ci ildən keçirilməkdədir və hər il bu mühüm tədbir, dünyanın müxtəlif tanınmış siyasətçilərini, alimlərini, ictimai xadimlərini, kütləvi informasiya vasitələri nüməyandələrini və müxtəlif peşə sahiblərini bir araya gətirir. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən Nobel mükafatı laureatlarının iştirakını da xüsusi vurğulamaq lazımdır. Onların sırasında Kimya üzrə Nobel mükafatı laureatları, professor Keri Benks Mullis, Arye Varş, Kurt Vütrex, Əhməd Zevayl, fiziologiya və təbabət üzrə Nobel mükafatı laureatları professor Ervin NeyeriTomas Kristian Züdhofu, fizika sahəsi üzrə Corc Smutu və başqalarını misal göstərmək olar.[1]

Qabaqcıl dünya alimlərinin fikrincə XXI əsr biologiyada, o cümlədən biofizikada keyfiyyətcə yeni ciddi elmi irəliləyişlər əsri olacaq. Eyni zamanda bu sahənin Azərbaycanda da inkişafı müasir dövrün tələblərindəndir. Azərbaycanda biofiziki tədqiqatları inkişaf etdirmək, Biofizika İnstitutunun təsis edilməsi Dövlət təşəbbüsü ilə başlanan bir prosesdir və bunun üçün ciddi zəmin və zərurət mövcuddur.

Belə ki, 2011-ci ildə Prezident İlham Əliyevin Bakıda keçirilən Humanitar Forumun iştirakçısı olan Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru kimya və biologiya sahəsində diqqətəlayiq işləri ilə fərqlənən Əhməd Zevayl ilə apardığı danışığın çox böyük əhəmiyyəti olmuşdur. Əhməd Ziveil Azərbaycan Respublikasının müasir, yüksək inkişaf etmiş müsəlman ölkəsi olduğunu qeyd etmiş və burada biofizikanın inkişafının vacibliyini qeyd etmişdir. Onun 02 avqust 2016-cı ildə vaxtsız vəfatı biofizika elmi üçün böyük itki oldu və görmək istədiyi işlər yarımçıq qaldı.[2]

Ardınca, 2 il sonra 9 noyabr 2015-ci tarixində AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Dövlət Başçısının qarşısında çıxış edərkən digər Nobel mükafatı laureatı Kaliforniya Universitetinin professoru Corc Smut Azərbaycanda biofizika sahəsində yeni işlərin mühüm əhəmiyyətini qeyd etmişdir. O AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə müraciət edərək Azərbaycanda biofiziki tədqiqatları inkişaf etdirmək və bu işdə bilavasitə yaxından iştirak etmək marağını bildirmişdi.[3] Bu istiqamətdə C. Smutun müraciəti və arqumentləri təhlil edilmişdir. AMEA-nın Fizika İnstitutunda müasir elmi texniki potensialın və qabaqcıl avadanlıqlarla iş təcrübəsinin mövcudluğunu nəzərə alaraq, qurumun nəzdində 2014-cü ildə "Biofizika və Smart Materiallar Mərkəzi" kimi bünövrəsi qoyulan struktur 2016-cı ilin İyul ayının 20-dən müstəqil Biofizika İnstitutu kimi fəaliyyətə başlamışdır.[4]

Laboratoriyalar[redaktə | mənbəni redaktə et]

  • Biomolekulların strukturu, dinamikası və funksiyası
  • Ekoloji biofizika
  • Molekulyar və hüceyrə biokimyası
  • İnteqrativ biologiya
  • Molekulyar və hüceyrə onkologiyası

Ekoloji biofizika laboratoriyası[redaktə | mənbəni redaktə et]

2001-ci ildən Fizika İnstitutu və 2016-cı ildən Biofizika İnstitutunun nəzdində fəaliyyət göstərməkdədir (rəhbəri: fizika üzrə elmlər doktoru Tokay Hüseynov). Laboratoriya heyəti 7 nəfərdən ibarətdir. Əsas prioritet məsələsi ətraf mühitin ziyanlı faktorlarının hüceyrələrə təsirinə öyrənilməsindən ibarətdir. Bu istiqamətlə əlaqədar olaraq qan hüceyrələri kimi bioloji sistemlərdə azot metabolizminin öyrənilməsi də öndə gedən tədqiqat işlərindən biri hesab edilir.

Molekulyar və hüceyrə biokimyası laboratoriyası[redaktə | mənbəni redaktə et]

2016-cı ildən Biofizika İnstitutu nəzdində fəaliyyət göstərməkdədir (rəhbəri: biologiya üzrə elmlər doktoru Kərim Quli oğlu Qasımov. Laboratoriya heyəti 4 nəfərdən ibarətdir. Tirozinkinaza reseptorları (RTK-lar) hüceyrənin plazmatik membranında yerləşən transmembran zülal olub, orqanizmin müxtəlif hüceyrələrində zülal mənşəli hormonlar, boy faktorları, sitokinlər kimi xaricdən gələn siqnalların hüceyrə daxilinə ötürülməsində və orqanizmin bu siqnallara qarşı müvafiq cavabının hazırlanmasında əhəmiyyətli komponentidir. Bu vaxta qədər məməlilərdə 90-dan artıq nümayəndəsi aşkar edilmiş və klonlaşdırılmış bu reseptorlar superailəsi fərdin bioloji inkişafının gedişində mühüm rol oynayır, ona görə də bu reseptor zülalında baş verən hər hansı bir mutasiya və ya zədələnmə həmin fərd üçün ağır fəsadlarla nəticələnir. Molekulyar və hüceyrə biokimyası laboratoriyası insan orqanizmində bu superailənin nümayəndələrindən EGF — HER1 və HER2 zülallarının hüceyrəxarici domenlərini tədqiq edir. Məqsəd bu iki reseptorda ağciyər və süd vəzi kimi xərçəng xəstəliklərinin yaranması ilə nəticələnən mutasiyaları axtarmaq və onların reseptor zülalında əmələ gətirdiyi konformasiya dəyişikliyini öyrənmək və bu mutasiyaların tənzimlənməyən siqnal ötürülməsinə qarşı qabaqlayıcı vasitələrin axtarılması üzrə tədqiqatları aparmaqdır. HER1 və HER2 reseptorlarını kodlaşdıran genlərin komplementar DNT-si ağciyər (və süd vəzi) toxumasından ayrılmış total-RNT fraksiyasından geriyə transkripsiya yolu ilə çıxarılmış və eukariot hüceyrələrində exspressiya oluna bilən plazmid vektora keçirilir. Saytla istiqamətlənən mutagenezdən istifadə edərək bu reseptorların hüceyrəxarici və hüceyrədaxili domenlərində liqand-birləşdirən L domenlərdə (HER1 üçün) və hüceyrədaxili dimerləşmə domenlərində olan konservativ qalıqlarda mutasiyaların aparılması və onların təsirinin araşdırılması həyata keçirilir. Həmçinin, potensial fatal mutasiyaların susdurulması vasitələri istiqamətində də tədqiqatlar aparılır. Belə bir potensial vasitə mutant reseptora qarşı monoklonal anticisimlərin hazırlanmasıdır. Laboratoriyada bu istiqamətdə, xüsusən də spesifik monoklonal anticismlərin alınması üçün hibridomaların yaradılması üzrə tədqiqatlar aparılır.

İnteqrativ biologiya[redaktə | mənbəni redaktə et]

AMEA-nın Biofizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə İnteqrativ Biologiya laboratoriyası 2018-ci ildə yaradılmışdır (rəhbəri: AMEA-nın müxbir üzvü, biologiya üzrə elmlər doktoru İlham Şahmuradov). Laboratoriyanın əsas fəaliyyət istiqamətləri aşağıdakılardır.

  • Bioloji-tibbi məlumatların toplanması, sistemləşdirilməsi və saxlanılması, tədqiqi üzrə resursların — məlumat (verilənlər) bazalarının, sürətli və səmərəli analiz metodlarının və modellərin yaradılması, həmin resursların müvafiq server sistemində yerləşdirilməsi və tədqiqiatçıların istifadəsinə verilməsi.
  • Xərçəng hüceyrələrinin yaranmasına səbəb olan prinsipal genetik faktrorların təyini və xərçəng xəstəliyinin gedişinin riyazi modelləşdirilməsi, proqnozlaşdırılması və müvafiq diaqnostika sistemlərinin yaradılması.
  • İnsan və model orqanizmlərdə metabolik şəbəkələrin genetik tənzimlənməsi mexanizmlərinin tədqiqi.

Beynəlxalq əlaqələri[redaktə | mənbəni redaktə et]

Keçirilən görüşlərin nəticəsi olaraq, artıq dünyanın bir neçə tanınmış alimləri ilə danışıqlar aparılaraq İnstitutun Beynəlxalq Məşvərət Şurasında iştirak etməyə dəvət olunurlar. Onların sırasında ABŞ Milli Elmlər Akademiyasının üzvləri, Massaçusets Texnologiya İnstitutunun professoru Harvi Lodişi, Los-Anceles Kaliforniya Universitetinin professoru Veyn-Habbeli misal göstərmək olar. Onlar hüceyrə-membran fiziologiyası və zülalların struktur-dinamikası üzrə dünyada tanınmış alimlərdəndir.

İnstitutun faydalı modelləri haqqında (2017–2021)[redaktə | mənbəni redaktə et]

Patentin № si Müəlliflər İxtiranın adı
F 2018 0006 (29.05.2018) O. K. Qasımov və başq. Polimer materialların zamandan asılı deformasiyasını ölçmək üçün qurğu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakı IV Beynəlxalq Humanitar Forumu", 02.10.2014
  2. Prezident Ilham Əliyev Nobel mükafatı laureatı Əhməd Ziveili qəbul etdi
  3. AMEA-nın 70-illik yubileyində Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut çıxış etmişdir
  4. Biofizika İnstitutu yaradıldı