Əhməd Baytursunov

Əhməd Baytursun oğlu
qaz. Ахмет Байтұрсынұлы
Şəxsi məlumatlar
Doğum tarixi 28 yanvar 1872(1872-01-28)
Doğum yeri
Vəfat tarixi 8 dekabr 1937(1937-12-08) (65 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti şair, jurnalist, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Baytursun oğlu (qaz. Ахмет Байтұрсынұлы; 28 yanvar 1872, Turqay vilayəti[d]8 dekabr 1937, Almatı) — qazax ictimai-siyasi xadimi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əhməd Baytursun oğlu Orta juzun (cuz) Arqun nəslindəndir. Bu nəsil ulu babaları, xalq batırı (pəhlivan, cəngavər) Umbetayla həmişə qürür duymuşdur. Əhmədin babası Şoşak bölgənin nüfuzlu, ötkəm kişilərindən olmuşdur.

Əhməd Baytursun oğlun doğum tarixi qaynaqlarda fərqli-fərqli göstərilir. Müxtəlif illərdə həbs edilərkən müstəntiqlərin sorğularına verdiyi cavablarda gah 1870-ci ildə, gah 1875-ci ildə, gah 1872-ci il sentyabrın 5-də doğulduğunu söyləsə də onun doğum tarixi əsasən 1873-cü il yanvarın 15-i (yeni tarixlə yanvarın 28-i) kimi göstərilir. Qazaxlar onun adı və soyadını Əhməd Baytursun oğlu kimi yazsalar da daha çox Əhməd Baytursunov kimi tanınmışdır. Rusiya imperiyasının inzibati ərazi bölgüsünə görə Turqay vilayəti Turqay qəzasının Sartıbek aulunda ortabab kəndli ailəsində doğulmuşdur. Uşaqlıqda molla yanına gedərək orada yazıb-oxumağı, əsasən də Quran oxumağı və şəriət qaydalarını öyrənmişdir. İbtidai təhsil verən bu tipli məktəblər adətən mollaxana kimi tanınır. Əhməd hələ mollaxanada oxuduğu illərdə Rus hakim dairələrinin qəddarlığı ilə rastlaşmışdır. 1885-ci il oktyabrın 12-də (bəzi qaynaqlarda bu hadisənin oktyabrın 20-də baş verdiyi göstərilir. – Ə. Ş.) qəza rəisi polkovnik Yakovlev kazak dəstəsilə Şoşak nəslinin Turqay və Jinqildi çaylarının birləşdiyi yerdəki qışlağına gəlir. Burada qocalara, qadınlara, uşaqlara da rəhm etmədən onları döyüb təhqir etməyə, soyğunçuluğa başlayır. Haqsızlığa dözə bilməyən kəndlilər silahlı kazaklara müqavimət göstərir. Əhmədin atası Baytursun polkovnik Yakovlevi vurub atdan salır. Toqquşmada kəndilələrdən bir nəfər ölür və çoxlu yaralanan olur. Ciddi müqavimətə rast gəlmiş, döyülmüş kazaklar başı yarılan və huşunu itirən rəisləri Yakovlevi də alıb qaçmaq məcburiyyətində qalırlar.

Az sonra İrqız və Turqaydan aula cəza dəstələri göndərilir. Cəza dəstələti üsyançı adlandırdıqları qazaxlara divan tutur, auldakıların hamısı aparılıb Turqay hərbi dairəsinin qaupvaxtına salır, mal-mülkləri də müsadirə edirlər. Bir il sonra Kazan Hərbi Dairəsinin Məhkəməsi şoşakları mühakimə edir. Rus dilini bilməyən qazaxların dediklərini tərcüməçilər olduğu kimi hakimə çatdırmır, əksinə, ifadələri Yakovlev və onun kazak dəstəsinin xeyrinə, təhrif edilmiş şəkildə çevirirlər.

Kazan Hərbi Dairəsinin Məhkəməsi Əhmədin atası Baytursunu, əmiləri Aktası, Sabalakı və b. hökumətə qarşı çıxmaqda ittiham edərək 15 il həbs cəzası kəsərək Sibirin dərinliklərindəki İtjekkenə, katorqaya yollayır. Auldakı kişilərin çoxu da müxtəlif müddətli həbs cəzasına məhkum edilir. Əhmədin əmisi Erqazıya da dörd il həbs cəzası verirlər. Erqazı həbsdən döndükdən sonra qardaşı uşaqlarını da himayəsinə götürür. Rus dilini bilmədiklərinə görə məhkəmədə çəkdikləri əziyyət Erqazı qardaşı Aktasın oğlu Aspandiyarı rusca oxutmağı qərara alır. Əhməd də əmisinə rus dilində təhsil almaq istədiyini bildirir.

Anası Künşinin razılığı ilə əmisi 1886-cı ildə Əhmədi də Turqay qəsəbəsindəki ikisinifli rus-tuzem (Qafqazda rus-tatar məktəbi adlandırılan bu tip məktəblər TürküstandaSibirdə rus-tuzem məktəbi adlanırdı. Bu məktəblər əsasən kiçik məmur, tərçuməçi hazırlamaq üçün nəzərdə tutulsa da, oranı bitirənlər arasından çoxlu məşhur insanlar çıxmışdır. – Ə. Ş.) məktəbinə oxumağa göndərir. Əhməd maddi sıxıntılar içərisində yaşasa da, 1891-ci ildə burdan məzun olub Orenburqdakı müəllimlər seminariyasında oxumağa gedir.

1895-ci ildə müəllimlər seminariyasını bitirən Əhməd Baytursunov Aktyubinsk qəzasının Batpak nahiyyəsindəki Əhmədgeray Katıbakovun açdığı məktəbdə müəllim işləməyə başlayır. Bir müddətdən sonra Əhməd Kustanay vilayətinin Auliekoldakı ikisinifli rus-tuzem məktəbinə dəyişilir. Orada işlərkən evində qaldığı meşəbəyi Aleksandr İvanovun qızı ilə evlənir. Xanımı Əhmədə hörmət əlaməti olaraq islamı qəbul edir və adını, atasının adını dəyişərək Bədirsəfa Muhametsadık qızı kimi qeyd etdirir.

1896-cı ildə qazax çöllərini gəzərək folkor toplayan, qazax xalqının etnoqrafiyasını, dialektlərini öyrənən çuvaş araşdırıcısı Alektorovla tanışlıq gənc müəllimin dünyagörüşündə böyük dəyişiklik yaradır. Əhməd Baytursunova ilk dəfə ondan qazaxların yaşadığı geniş ərazi haqqında, Rusiya hökumətinin işğalçılıq siyasətinin mahiyyəti haqqında, eləcə də rus alimi İlminskinin maarifçilik adı altında missionerlik fəaliyyəti ilə məşğul olduğu haqqında geniş məlumat alır. Gənc vətənsevər xalqının yaşadığı çoğrafiyanı, millətinin yaşam tərzini öyrənir, folklorunu toplayır, uşaqların daha yaxşı təhsil alması, biliklərə tez yiyələnməsi üçün metodlar axtarır. Yeniyetməliyində dombura çalmağa böyük maraq göstərən Ahmet həm də qazaxların cır adlandırdığı xalq mahnılarını toplayır. Bu axtarışlar onu köhnə tədris üsulu ilə dərs deyən, keçmişi olduğu kimi qoruyub saxlamaq istəyən mühafizəkarlardan ayırır və təhsili Avropa metodlarına uyğunlaşdırmaq istəyən, elmi-texniki yeniliyi tətbiq etməyə çalışan cədidçilərin sırasına gətirir.

Əhməd Baytursun oğlu Karqaralı qəzasında işlərkən ictimai-siyasi fəaliyyəti aktivləşir. 1905-ci ildə Rusiyanı bürümüş inqilabi əhvali-ruhiyyə ona da güclü təsir edir. O dövrdə çoxları hələ də elə bilirdi ki, çar II Nikolay hümanist və ədalətlidir. Onun rüşvətxor, qəddar, xalqı haqsız yerə incidən məmurlardan xəbəri yoxdur. Xəbər tutarsa, günahkarları cəzalandırar. Buna görə də çoximzalı məktublar tərtib edərək çar II Nikolaya təqdim etmək istəyirlər. İmza toplayanlar keşiş Qaponun öndərliyində, 1905-ci il yanvarın 9-da çar sarayı yaxınlaşdıqda onlara çarın mühafizə dəstələri odlu silahlardan atəş açır. Faciə il sona çatan dinc yürüş tarixə Qanlı bazar günü kimi daxil olur. Bununla da çar II Nikolaya da inam sarsılır. Qazax xalqı arasında çar II Nikolaya və onun idarə aparatının demokratikləşəcəyinə ümüd bəsləyənlər də çox idi. Bu inamı qırmaq üçün qazax ziyalıları, başda Əli xan Bökeyxanov və Əhməd Baytursunov olmaqla qazaxların 1905-ci ilin iyununda Karqaralı quberniyasının Kuyandı bölgəsində keçirilən yarmarkadan istifadə etməyi qərara aldılar.

Əlixan Bökeyxanın rəhbərliyi ilə açıq havada bir toplantı keçirildi. Toplantıda Rus hökumətinə torpaq, mülk, dini azadlıq və mədəniyyət məsələlərinə aid bir diləkçə göndərilməsi qərara alınır. Toplantıda çıxış edənləri iki qrupa-milli dəyərlərə üstünlük verənlərə və demokratikləşmə tərəfdarlarına, yəni Avropaya meyillilərə ayrılır. Birinci qrup çoxluq təşkil etdiyindən iclası Əlixan Bökeyxan aparır və qərarlar da onların təsiri altında qəbul edilir.

Əlixan Bökeyxan və Əhməd Baytursun oğlu hazırladığı məktuba on dörd min beş yüz imza atılır. Çarizmin bölgədəki idarəçiliyinə, xüsusən rusların bölgəyə köçürülməsinə etirazı özündə əks etdirən məktub Peterburqa göndərilir. Tarixə "Karqaralı petisyası" adı ilə daxil olan bu sənədin hazırlanmasında, imzatoplama kampanyasında Əhməd Baytursunovun fəallıq göstərməsi hökumət məmurlarının diqqətindən yayınmır. Ona qarşı təzyiq və təqiblər başlayır. Bu da gənc müəllimin ictimai-siyasi fəallığını daha da artırır.

Bundan az sonra "Qazax çöllərindəki torpaqların mərkəzi quberniyalardan köçürülənlərə verilməsinin dayandırılması, qazax dilinin məhkəmələrdə və dövlət idarələrində işlədilməsinə icazə verilməsi" diləkcəsilə qazax ziyalılarından və tayfa başçılarından təşkil edilmiş bir qrup Peterburqa çar II Nikolayın qəbuluna gedir. Onların istəkləri baş tutmasa da, I Dövlət Dumasına seçkilər qarşısında olduğundan nümayəndə heyəti Kadetlər partiyasının rəhbərliyi ilə görüşür, onlarla əməkdaşlıq etmək haqqında razılığa gəlirlər. Razılaşılır ki, 1905-ci ilin dekabrında qazax-qırğızların bir konfransı keçirilsin.

Qazax-qırğız, türkmən, özbək gənclərinin İdil (Volqa)-Ural bölgəsindəki, eləcə də xarici ölkələrdəki mədrəsələrdə oxumasını əngəlləyən qanunların aradan qaldırılması üçün mübarizə aparan Əhməd Baytursunovu hökumət əleyhinə təbliğat aparmaqda suçlayıb 1909-cu il iyulun 1-də Karqaralıda həbs edirlər. Oradan Semey şəhərindəki həbsxanaya, 1910-cu il martın 9-da isə Orenburqa sürgünə göndərirlər.

Sürgün illərində pedaqoji təcrübəsinə dayanaraq "Oxu qaydları" kitabını yazır (1910). Müəllimlər üçün hazırlanmış kitabda qazaxlar ərəb əlifbası ilə yazıb-oxuyarkən səslilərin necə oxunmalı olduğu öyrədilir. Əslində bu İ. Kaspıralının başladığı üsul-i cədid təliminin qazaxlar arasında yayılmasına xidmət edirdi. Kitabı 1912-ci ildə Orenburqda çap etdirə bilir. Rus dili vasitəsilə etdiyi çevirmələrini 1909-cu ildə toplayaraq kitab kimi çap etdirir. "Qırx misal" adlandırdığı bu kitaba əsəsən İvan Krılovdan etdiyi tərcümələrlə yanaşı, A. P. Sumarakov, V. İ. Maykov, İ. İ. Hemnitser, A. S. Puşkin, M. Lermantov və S. Y. Nadsondan etdiyi çevirmələri daxil edir. Satirik şeirlər yazan, rus dili vasitəsilə Rus və Batı Avropa klassiklərindən tərcümələr edən Əhməd Baytursunov 1911-ci ildən başlayaraq "Türküstan valayatı" (1870–1918), "Dala valayatı" (1888–1902) qəzetlərində, "Aykap" (1911–1915/16) və "Şura" jurnallarında məqalə və şeirlərini çap etdirir. Azərbaycanda ədiblərimiz Mozalan, Zənbur və b. kimi imzalardan istifadə etdikləri kimi Əhməd Baytursunov da Masa (Ağcaqanad) imzasından istifadə edir. Onlar qəflət yuxusunda olanları sanki sancmaqla oyatmaq istəyirdilər. Əhməd Baytursunovun satirik şeirlərdən ibarət "Masa"(Ağcaqanad) kitabı da 1911-ci ildə Orenburqda nəşr edilir. Bütün bunlar onu gələcəyin redaktoru kimi formalaşdırır. 1913-cü ildə I Dövlət Dumasının deputatı olmuş Əli xan Bökeyxanov "Kazax" adlı qəzetin nəşrinə icazə alır. Qəzetin redaktorluğu Əhməd Baytursunova tapşırılır. "Kazax"a yazdığı ilk baş məqalədə qəzeti millətin görən gözü, eşidən qulağı, danışan dili adlandıran Əhməd Baytursunov millətinin maariflənməsi üçün çox çalışır. O, gah xalqının ziyalı övladlarının millət üçün gördükləri işləri təqdir edən məqalələr yazır, gah məktəblərin yenidən qurulması, dərslərin hansı metodla keçilməsi haqqında müzakirələr açır, gah da yaramaz, mühafizəkar və rüşvətxor məmurları kəskin tənqid edir. Qazax-qırğızların ictimai-siyasi və mədəni həyatını işıqlandıran yeganə qəzetə çevrildiyinə görə abunəçilərin sayı elə birinci il üç min nəfərə çatır. 1913-cü ildə "Kazax" qəzetində çap etdirdiyi "Qazaqtıñ bas akını" ("Qazağın baş şairi" məqaləsində Abayın (İbrahim Kunanbayev) həyatından, yaradıcılığından, ictimai fəaliyyətindən, qazax ədəbiyyatına gətirdiyi yeniliklərdən söz açır. 1914-cü idə çap olunan səksəninci saydakı "Qırğız (qazax) vilayətini idarə etmə üsulları" tənqidi yazısı böyük əks-səda doğurur. Dəfələrlə redaksiyasında axtarışlar aparılan, redaktoru qubernator və jandarma idarəsinin rəisi tərəfindən istintaqa çağırılan "Kazax" qəzeti bağlanmaq təhlükəsi ilə üzləşir. Çünki, qubernator general-leytenant Nikolay Aleksandroviç Suxumlinov qəzetin redaktoru Əhməd Baytursunovu 1500 manat cərimə edir. Əhməd Baytursunov qəzet bağlanmasın deyə cərimə əvəzində səkkiz ay həbsdə yatmağa razı olur. Səhhəti həbsxana üçün münasib olmasa da, özü həbsxanaya gedir. Bundan xəbər tutan oxucular və xeyirxah insanlar müxtəlif şəhər və kəndlərdən cərimə pulunu teleqrafla göndərirlər. 4–5 gündən sonra Əhməd Baytursunov həbsdən azad edilir (1916-cı ildə qəzet yenidən üç min manat cərimə olunanda da oxucular cəriməni ödəyərək qəzetin bağlanmasına yol vermirlər). "Kazax" qəzetinə redaktorluq etməklə böyük təşkilatçılıq işi görən, ciddi məqalələr yazmaqla xalqını qəflət yuxusundan oyadan, müəllim işləyən, metodik vəsaitlər çap etdirən Əhməd Baytursunov həm də istedadlı müsiqiçi və bacarıqlı bir folklor toplayıcısı, araşdırıcı olmuşdur. Belə ki, onun qazax yırçılarından (el nəğməkarı, aşıq – Ə. Ş.) toplayıb, yazıya aldığı və izahlar yazaraq 1913-cü ildə Moskvada çap etdirdiyi "Er Sayın" hələ də elmi əhəmiyyətini itirməyib. Əhməd Baytursunov yalnız gəncliyində folklor toplamaqla kifayətlənmir. Sonralar da dastan, joqtav (ağı) və b. folklor nümunələri toplayıb, sistemə salaraq 1926-cı ildə Moskvada çap etdirir. Bu kitaba daxil etdiyi şeirlər Mamay Batır, Kaz Davıstı Kazıbek, Kenesarı-Navrızbay, Ertorı, Erğazı, Abdığapar və b. tarixi şəxsiyyətlər haqqında 23 joqvat (ağı) olur. Bu nəşrlər qazax ədəbiyyatında folklorun toplanması, araşdırılması, sinifləndiriməsi, sistemə salınması sahəsində ilk nümunələr idi. Araşdırıcı A. V. Zataeviç Ahmat Baytursunovun qazax xalq müsiqisi və nəğmələri ilə bağlı "Qazax xalqının 1000 nəğməsi" adlı əsərinin olduğunu yazır. Əhməd Baytursunov "Kazax" qəzetində yalnız qazax xalqının tarixindən, mədəniyyətindən, folklorundan, gündəlik mübarizəsindən bəhs edən yazılar çap etməklə kifayətlənmir. Birinci Dünya Savaşı illərində Rusiya İmperiyasının işğal dairəsində qalan Kars vilyətindəki aclıq və qıtlığı da gündəmə gətirir. Çünki bu faciə minlərlə insanın ölümünə, yüzlərlə uşağın ata-anasız qalmasına səbəb olmuşdur. Belə ağır günlərdə Əhməd Baytursunov qəzetin 1915-ci ildə çap olunan 103-cü sayında qazax xalqına müraciət edərək onları Karslı soydaşlarına və dindaşlarına yardım etməyə çağırır. Bu çağırışdan sonra xalq qubernatora müraciət edərək "Karslı müsəlmanlara yardım komitəsi" yaratmağa nail olurlar. Toplanan yardımlar Karsa göndərilir. Əslində bu Rusiya əsarətində olan müsəlman xalqları nümayəndələrinin hökumətə etirazı idi. Birinci Dünya Savaşı iqtisadi vəziyyəti onsuz da ağır olan Rusiyanı çıxılmaz bir bataqlığa soxur. Ölkədə əhalinin vəziyyəti getdikcə pisləşir. Belə ki, savaş başlanan vaxtdan ötən müddətdə təkcə qazax-qırğızlardan vergilərdən əlavə 38 min kvadratmetr keçə çadır, 300 min put balıq, 70 min at alınmış, yalnız 1916-cı ildə xalqı üç milyar som (pul vahidi – Ə. Ş.) verməyə məcbur etmişdilər. Bu vergilərdən, vergi adına zorla müsadirəldən xalq cana doymuşdu. Xalqın səbrinin tükəndiyi bir zamanda, yəni 1916-cı il iyunun 25-də çar II Nikolay xristian olmayan xalqların 19–43 yaşlı kişilərinin səfərbərliyə alınaraq səngər qazılmasına, hərbi sursat daşınmasına və s. işlər görülməsinə göndərilməsi haqqında fərman imzalayır. Fərmandan sitifadə edən məmurlar da özbaşınalıq edir, 50–60 yaşlı kişilərin də yaşını az göstərərək səfərbərliyə cəlb edirlər. Məhsul yığımının qızğın vaxtına və ramazan ayına düşdüyündən Türküstanda və Qazax-Qırğız çöllərində yaşayan, oruc tutmuş müsəlmanlar elliklə çarın fərmanına qarşı çıxırlar. Beləliklə kortəbii xalq üsyanı başlayır. Üsyanı yatırmaq üçün bölgəyə general İvanov-Runovun komandanlıq etdiyi ordu yeridilir. Üsyanın ən qaynar nöqtələrindən olan Cizaq (Jizak) şəhəri yerlə yeskan edilir, qadınlar, uşaqlar, qocalar rəhm edilmədən öldürülür. Şəhər və kəndlər dağıdılsa da, minlərlə insan öldürülüb, həbs edilsə də, üsyan ocaqları gah burda, gah orda alovlanır. Qəribə görünən bu idi ki, vətənsevər, millətini azad və xoşbəxt görmək istəyən Əhməd Baytursunov və onun məsləkdaşları üsyançılara qoşulmur. Hətta "Kazax" qəzetində üsyanla bağlı tənqidi fikirlər özünə yer tapır. Bu da səbəbsiz deyildi. Onlar düşünürdülər ki, körtəbii üsyan xalqın qırılmsından, öndərlərinin məhv edilməsindən başqa bir şey verməyəcək. Lidersiz, təşkilatsız üsyançı dəstələri nizami ordular vasitəsilə dağıdılacaq. Tarixçilər bu üsyanın məğlubolma səbəblərini belə dəyərləndirir:

  • 1. Üsyan çar II Nikolayın fərmanına etiraz əlaməti olaraq heç bir hazırlıq aparılmadan, qəflətən başlamışdı.
  • 2. Üsyanın müəyyən bir mərkəzi və idarəedəcək təşkilatı, lideri olmamışdı.
  • 3. Üsyançı dəstələrin bir-birilə heç bir əlaqəsi, mübarizə planı olmadığı kimi, üsyan başlayandan sonra da aralarında əlaqə qura bilməmişlər.
  • 4. Xalq hökumətə qarşı çıxmaq istəyində deyildi, sadəcə olaraq mallarının əllərindən alınmasına və səfərbərliyə alınmalarına etiraz əlaməti olaraq ayağa qalxmışdı.
  • 5. Üsyançıların əlində lazımi qədər və atıcı silahlar yox idi.
  • 6. Hökumət üsyanı yatırmaq üçün nizami silahlı dəstələr göndərməklə yanaşı, bölgəyə köçürdüyü rus kəndlilərini də silahlandırıb üsyançılara qarşı göndərmişdi. Dəyişikliklərin inqilabi yolla deyil, islahatlarla aparılmasının tərəfdarı olan Əhməd Baytursunov qazax-qırğız xalqının öndə gedənlərinə üsyançı adı verilib məhv ediləcəyindən qorxurdu. Onun və məsləkdaşlarının düşündüyü kimi də oldu. Üsyan yatırıldıqdan sonra qurulan hərbi səhra məhkəmələri 1917-ci il fevralın 1-ə kimi 347 nəfərin edam edilməsi, 168 nəfərin sürgünə göndərilməsi, 129 nəfərin müxtəlif müddətli həbs cəzasına məhkum edilməsi haqqında qərar çıxardı. 300 min nəfərdən çox qazax-qırğız isə Çinin batısına köçməli oldu. Bu köç zamanı da yollarda minlərlə insan və insanların yaşamını təmin edəcək heyvan tələf oldu. Qəzeti milli ziyalıların ideoloji mərkəzinə çevirən, ərəb əlifbasının türk dilləri üçün yaramadığını görüb yeni əlifba yaradan, ictimai-siyasi xadim kimi formalaşan Əhməd Baytursunov qazax-qırğızların milli təşkilatı olan Alaş Partiyasının proqram və nizamnaməsini yazanlardan, bir sözlə, təşkilatı quranlardan olur.

Maraqlı burasıdır ki, çar hökuməti zamanı "Kazax" qəzetinə təzyiqlər olsa da, cərimələnsə də, bağlanmamışdır. Qəzet Müvəqqəti Hökumət zamanı, yəni 1917-ci ilin martında məhkəmə qərarı ilə bağlanmışdır. Baxmayaraq ki, qəzetin sahibi, təsisçisi Əli xan Bökeyxanov Müvəqqəti Hökumətin rəhbərliyində təmsil olunur, hökumətin başçısı A. F. Krenski ilə şəxsi münasibətləri vardı. II Nikolay çar taxtından salınıb Müvəqqəti Hökumət qurulduqda qazax-qırğız ziyalıları da müstəmləkə zülmündən xilas yolları axtarırlar. Əhməd Baytursunov 1917-ci il aprelin 2–8-də Orenburqda keçirilən Turqay Vilayəti Qırğızlarının Qurultayında iştirak edir. Qurultayda rəhbərliyə Əhməd Baytursunovun başçılığı altında 8 nəfər seçilir və onlara Ümumqırğız qurultayını hazırlamaq tapşırılır. Onlar bu vəzifənin öhdəsindən bacarıqla gəlirlər. 1917-ci il iyulun 21–27-də keçirilən İkinci Ümumqırğız Qurultayında Konstitusiyaçı Sosialistlər Partiyasının adı dəyişilərək Alaş Pariyası adlandırıldı. Əhməd Baytursunovu qurultaya sədr və Turqay vilayətindən nümayəndə seçirlər. 1917-ci il avqustun 20–25-də Aktubinskdə Tuqay Vilayətinin II Qırğız Qurultayı keçirilir. Bu qurultayların təşkilatçılarından olan Əhməd Baytursunov Alaş hərəkatının partiyaya çevrilməsində böyük rolu oynayır. Bolşeviklərin Peterburqda silah gücünə Müvəqqəti Hökuməti hakimiyyətdən uzaqlaşdırması vəziyyəti daha da gərginləşdirir. Ölkəni bir xaos bürüyür. Rusiyanın əsarət altında olan xalqları müstəqil dövlətlərini qurmağa çalışırlar. 1917-ci il dekabrın 13–15-də Orenburq şəhərində Ümumqırğız Qurultayı çağırılır. Qurultayda Rusiyanın tərkibində Alaş Orda dövlətinin qurulduğu elan edilir. Əhməd Baytursunova və Mirjakıp Dulatova əhalini səfərbərliyə almaq, partiyanın gücünü artırmaq və özünümüdafiə məsələləri tapşırılır. Azsaylı qazax sosialistləri isə milli dövlətin qurulmasına etiraz edir. Əli xan Bökeyxanovun rəhbərliyi altında Semey şəhərində qurulan Alaş Orda Hökumətində Əli xan Bökeyxanov prezident, Xəlil Abbas vitseprezident, Alim xan Ermək Hərbi Nazir, Əhməd Berimcan Ədliyyə Naziri, Muhammedtjan Tınışbayev Daxili İşlər Naziri, Əhməd Baytursunov Milli Təhsil Naziri, Mustafa Şokayev (Çokayev) Xarici İşlər Naziri, Cihanşah Dostmuhammedov, Xəlil Dostmuhammedov və Əhməd Biy Sarsan isə Alaş Orda Hökumətinin batı bölgəsi üzrə məsul nazirlər təyin edilirlər. Əslində bu ərazisi bir-birndən ayrı salınmış iki bölgəli bir ölkə idi. Alaş Orda Muxtariyyatının elan edilməsi bir birinə düşmən olan, ölüm-qalım savaşı aparan bolşeviklərlə ağqvardiyaçıların hər ikisini eyni dərəcədə narahat edir. Alaş Ordaçılar Orenburqda əlində kazak hərbi birliklərini cəmləşdirmiş çar ordusunun polkovniki Aleksandr Dutovla və başqırdların lideri Zəki Validovla ittifaqa girmək istəsələr də, bu istəkləri baş tutmur. Yeni yaradılan Kokand Milli Hökuməti ilə işbirliyinə nail olmaq üçün 1918-ci ilin yanvarında Türküstan şəhərində bir konfrans təşkil edilsə də, istənilən nəticəyə nail olunmur. Hökumət başcısı Əli xan Bökeyxanov Sibir, Tatarıstan və Başqırdıstanla ittifaqa getməyə hazır olduğu, Türküstandakı Rus yönlü inqilabçı təşkilatlarla əlaqənin tərəfdar çıxdığı halda, Türküstandakı milli qüvvələrlə hər hansı bir şəkildə işbirliyinə getmək istəmir. Əhməd Baytursunov isə Türküstandakı milli qüvvələrlə işbirliyinin tərəfdarı idi. Qəribəsi budur ki, 1917-ci ilin aprelində Toquzov və Şakir Alicanovun rəhbərliyi ilə yaradılan, millətçi partiya kimi tanınan Üş Juz Partiyası da (sonralar bu partiya Qırğız Sasialist Partiyası adlandırılsa da, çox yaşaya bilməmişdir. – Ə. Ş.) Alaş Ordaya qarşı olmuşdur. Böyük ərazisi olan Qazaxıstanı idarə etməyə Alaş Orda Hökumətinin nə kadrı çatır, nə də hərbi gücü. Bolşeviklər də Rusiyada qurulmaqda olan yeni hökumətin təhriki ilə Qazaxıstanın müxtəlif yerlərində baş qaldırır, silahlı toqquşmalar yaradır. Vəziyyətin getdikcə bolşeviklərin xeyrinə dəyişdiyini görən Alaş Orda Hökumətinin bəzi üzvləri bolşeviklərlə danışıqlara getməyi daha münasib sayırlar. 1919-cu ilin yanvarında Əhməd Baytursunovun rəhbərliyi ilə Moskvaya bir nümayəndə heyəti göndərilir. Nümayəndə heyəti Sovet rəhbərlərindən Lenin, Stalin, Trodski və b. ilə görüşür. Əhməd Baytursunovun Rusiya Milli Məsələlər Üzrə Xalq Komissarı İosif Stalinin görüşü haqqında daha geniş yazırlar. Bu görüşlərdə razılığa gəlinir ki, bolşeviklər qazaxların muxtariyyatını tanıyacaqlar və Alaş Orda Hökumətinin bolşeviklərə qarşı vuruşmuş üzvləri əfv ediləcəklər. Alaş Ordaçılardan Əhməd Baytursunov, Mirjakıp Dulatov, Jusipbey Aymautov, Maqjan Jumabayev və başqa öncülləri də bolşeviklərin sırasına qoşulurlar. Razılaşmadan sonra Alaş Ordaçıların bir qismi bölşeviklərin tərəfinə keçir, qazaxların Sovet ordusuna müqavimət göstərməsinin qarşısını alır. Sovet hökuməti 1920-ci ilin fevralında Qoleşçekin başçılıq etdiyi əsgəri birliyi Semeyə, Alaş Ordanın üzərinə yeridir. Bu hərbi hissə Tunqaçinin suvari alayı ilə birləşib Alaş Orda Hökumətinin polislərini atəşə tutur və hökuməti dağıdır. Yerində Qırğız Sovet Sosialist Muxtar Respublikası qurduqlarını elan edirlər. Hökumət başına da peşəsi faytonçuluq olan Tunqaçin gətirilir. Alaş Ordaçıların bir qismi isə təslim olmayaraq qazax çöllərinə çəkilərək bolşeviklərə qarşı döyüşü davam etdirir. Qaynaqlar Əhməd Baytursunovu Moskvada, M. S. Soltanqaliyev, Z. V. Togan, T. Rıskulov, V. İbrahimov, F. Hoca və N. Hocayev ilə birlikdə "İttihad və Tərəqqi" adlı gizli bir təşkilat da qurduqlarını yazırlar. Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə namizəd qəbul edilən Əhməd Baytursunovu 1919-cu il aprelin 24-də qurulan RSFSR Xalq Hərbi Komissarlığı yanındakı Qırğız (Qazax) bölgəsini idarə edəcək Hərbi İnqilab Komitəsinə üzv təyin edirlər. Bölgədə bolşeviklər hakim olduqdan sonra Əhməd Baytursunovu Qazaxıstan MSSR Maarif Naziri təyin edirlər. Bolşeviklər əhalinin mal-mülkünü mənimsəməyə, kütləvi həbslər və sürgünlər təşkil etməyə, azacıq müqavimət göstərəni güllələməyə başlayırlar. Qazaxlar qonşu ölkələrə köçməklə ölümdən və alçaldılmadan qurtulmağa çalışırlar. Əhməd Baytursunov Mərkəzi Komitədə, Qazaxıstan MSSR Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə və Türküstan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı "Ak jol" qəzetində işləyə-işləyə elmi-pedaqoji fəaliyyətdən də uzaqlaşmır. 1926-cı ildə onu partiya üzvlüyündən və vəzifədən azad edirlər. 1910-cu illərdən ərəb əlifbasını türk dilləri üçün uyğunlaşdırılması üzərində çalışan Əhməd Baytursunov 1915-ci ildə Orenburqda "Til kuralı", 1920-ci ildə Kazanda nəşr etdirdiyi "Kazaxca əlippege bayanşı" (Qazaxca əlifbaya başlama), 1925-ci ildə Orenburqda çap etdirdiyi "Til tanıtkış" (Dil nəzəriyyəsi), 1926-cı ildə Daşkənddə çap etdirdiyi "Ədəbiyet tanıtkış" (Ədəbiyyat nəzəriyyəsi), 1928-ci ildə Qızıl Ordada çap etdirdiyi "Til jumsar" (Dilin işlədilməsi) və b. kitabları onun çoxsahəli elmi fəaliyyətindən xəbər verir. Muxtar Ayvazov isə məqalələrinin birində Əhməd Baytursunovun 1923-cü ildə "Mədəniyyət tarixi" adlı bir kitabını tamamladığını yazsa da, bu kitab haqqında bugünədək yeni bir bilgi əldə edilməmişdir. Aleksandr Nikolayeviç Kononov Baytursunovun yazdığı qrammatika kitablarını yüksək qiymətləndirmiş, onun məşhur türkoloqlardan biri olduğunu yazmışdır. 1924-cü ildə Orenburqda qazax-qırğız elm və mədəniyyət xadimlərinin qurultayında Əhməd Baytursunovun ərəb əlifbasının islahatı əsasında hazırladığı əlifba qazax-qırğızlar üçün rəsmi əlifaba kimi qəbul edilir və 1928-ci ilə, yəni latın hərfli əlifba qəbuluna qədər işlədilir. Əhməd Baytursunov 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda türk xalqları üçün hazırladığı əlifba layihəsini müzakirəyə təqdim etsə də, onu qəbul etdirə bilmir. Qurultayda Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə və b. ilə görüşərək onlar vasitəsilə mühacirətdə olan keçmiş məsləkdaşları ilə əlaqə yaratmağa nail olur. 1921–1925-ci illərdə elm və ədəbiyyat komissiyasına rəhbərlik edən, Qazaxıstan Tədqiqlər Cəmiyyətinin fəxri sədri olan A. Baytursunovun üzərində Sovet xüsusi xidmət orqanlarının nəzarəti bir an da olsun azalmır. Orenburqdakı Qazax Pedoqoji İnstitutunda müəllimlik edən, sonra Daşkənddəki Qazax Pedaqoji İnstitutunda qazax dili və ədəbiyyatından dərs deyən A. Baytursunovu 1928-ci ildə Almatı Qazax Universitetinə işə dəvət edirlər. O, burada qazax dili və ədəbiyyatı professoru seçilir, lakin bu hal çox da uzun sürmür. Əhməd Baytursunov maarif sahəsində çalışsa da, elmi araşdırmalarla məşğul olsa da siyasi fəaliyyətdən əl götürmür. Gizli millətçi təşkilatın qurulmasında, türk xalqlarının Rus işğalçılarına qarşı birgə mübarizə aparmasının planlaşdırılmasında fəal iştirak edir. Maarif və elm sahəsindəki böyük xidmətlərinə baxmayaraq onu 1929-cu il iyunun 12-də həbs edirlər. Uzun və işgəncəli istintaqdan sonra məhkəmə millətçi təşkilatda iştirakına görə güllələnmə hökmünü oxuyur. Səkkiz ay güllələnəcəyi günü gözləyən Əhməd Baytursunovun güllələnmə hökmü 10 illik həbslə əvəzlənir. Solevki adalarındakı həbsxanalara göndərilən Əhməd Baytursunov vaxtından əvvəl 1934-cü ildə həbsdən azad edilir. Buna səbəb məşhur rus yazıçısı Maksim Qorkinin xanımı E. P. Peşkovanın Dünya Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətlətinə, eləcə də RK(b)P Mərkəzi Komitəsinə yazdığı məktublar olur. O, məktublarında ziyalıların, yazıçı və şairlərin silahlı müqavimətdə iştirak etmədiklərini, azad düşüncəli sənətkarlar olduqlarına görə, fikirlərini sərbəst söylədiklərindən həbs edildiklərini və bunun da mədəniyyətin, elmin inkişafına ağır zərbə vurduğunu yazır və xahiş edir ki, onlar əfv edilsinlər. Həbsdən azad olunduqdan sonra ailəsi də sürgündən buraxılır. Əhməd Baytursunov xanımı Badisəfaya, övladları Aymata, Kazixana, Şolpana qovuşur. Ailə bir yerə toplanaraq Almatıya gəlir, lakin burada Əhməd Baytursunovun sənədlərinin üzərinə "Heç bir peşə sahibi deyildir" yazdığına görə ona iş verən tapılmır. Ailə maddi sıxıntı içərisində qalır. Əhməd Baytursunov həbs və sürgündə elmi və bədii yaradıcılıqla məşğul ola bilmir. 1937-ci ildə onu yenidən həbs edirlər. Əhməd Baytursunov keçmiş alaşçılardan Qabbas Nurumovla, Almuxammad Kasımovla, Alimxan Yermakovla, eləcə də Qazax Xalq Maarif Komissarı Teymurbek Jurqenevlə, RSFSR Xalq Komissarlar Sovetinin müavini Turar Rıskulovla, Bakıda yaşayan professorlardan Bəkir Çobanzadə və Qaziz Qubaydullinlə və b. ilə birlikdə antisovet təbliğat apardığına, Sovet dövlətini devirməyə cəhd etdiyinə görə güllələnməyə məhkum edirlər. Ölüm hökmü 1937-ci il dekabrın 8-də yerinə yetirilir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]