Çırağan hadisəsi

Çırağan hadisəsi (Türkcə: Çırağan baskını) — Çırağan sarayında gözaltında tutulan Osmanlı sultanı V Muradı qaçırma təşəbbüsü.

Əqli səhhətinin pozulması səbəbilə taxta çıxdıqdan 3 ay sonra devrilərək (31 avqust 1876) Çırağan sarayında yaşamağına icazə verilən V Murad müxtəlif zamanlarda buradan qaçırılmaq istənsə də, bunlar arasında ən qanlısı və şiddətlisi Əli Suavinin tərtiblədiyi Çırağan hadisəsi və ya Çırağan basqınıdır (20 may 1878).

Hadisənin arxa planı[redaktə | mənbəni redaktə et]

Əli Suavi

V Muradın anası Şevkefza Qadınəfəndi oğlunun səhhətinin yaxşı olması və Sultan Əbdülhəmidin haqsız yerə taxtı ələ keçirməsi haqqında şayələr yaymağa başlamışdı. Sultan Əbdülhəmid bu şayələrə son qoymaq üçün qardaşını yerli və əcnəbi həkimlərə müayinə etdirərək həqiqətən də əqlən zəif olmasını və müalicəsinin mümkünsüz olduğunu sübut etsə də, 3 ay sonra sabiq padşahın Çırağan sarayından qaçırılması üçün bir cəmiyyətin qurulduğu meydana çıxdı (noyabr 1876). Belə ki, aralarında İngiltərə səfirliyinin keçmiş işçilərindən yunan əsilli İstavridislə polyak əsilli Julinin də olduğu cəmiyyət üzvləri qadın geyimində saraya daxil olarkən ələ keçirildilər. Aparılan məhkəmə prosesinin sonunda ələ keçirilənlərin hamısı ömür boyu sürgün məhkum edilsələr də, Sultan Əbdülhəmid tərəfindən bağışlandılar (27 aprel 1877).

Onlarla eyni təşkilata mənsub olması baxımından Sultan Muradın səhhəti və aqibəti ilə yaxından maraqlanan massonların etimadını qazanan İbrahim Əthəm Paşanın sədrəzəmlikdən alınmasından sonra (11 yanvar 1878) İstanbuldakı masson təşkilatı tərəfindən V Muradla bağlı yeni bir gizli cəmiyyət quruldu. Komitənin qurucusu isə məşhur masson Kleanti Skaliyeri idi. Yunan əsilli bir tacir olan Kleanti Sultan Muradı hələ vəliəhdlik illərində 18-ci dərəcədən massonluğa qəbul etmiş, onunla sıx dostluq əlaqəsi qurmuşdu. Sultan Muradın kənizlərindən Naqşıbənd Kalfa, hökumət işçilərindən Əli Şöfkət bəy və Əziz bəy bu cəmiyyətin sonradan bilinən üzvləri idilər. Əziz bəyin fəaliyyətləri və cəmiyyətin ikinci rəhbəri kimi anılması səbəbilə bu cəmiyyət "Kleanti Skaliyeri – Əziz bəy Komitəsi" adlanırdı.

Kleanti Skaliyeri su yolundan istifadə edərək tez-tez Çırağan sarayına gəlir, Sultan Muradvalidəsi ilə görüşürdü. Parisdən xüsusi olaraq gətirtdiyi həkimi də eyni yolla saraya gətirmiş, bir həftə boyunca Sultan Muradı müalicə etdirmişdi. Sultan Muradı yenidən taxta çıxarmaq məqsədi ilə böyük dövlət adamlarını əldə etmək üçün Naqşıbənd Kalfa vasitəsilə girişdiyi təşəbbüs nəticəsiz qalmış, sonda Skaliyeri İngiltərə səfirliyinə müraciət etmişdi. İngiltərə səfirliyindən gözlədiyi dəstəyi ala bilməyən Skaliyeri – Əziz bəy Komitəsi Sultan Əbdülhəmidi bir sui-qəsdlə öldürərək Sultan Muradı yenidən taxta çıxarmağa qərar verdi. Cəmiyyətin üzvlərindən Hacı Hüsnü bəy vəziyyəti Qaşqar elçisi Yaqub xan vasitəsilə padşaha bildirdi. Sultan Əbdülhəmid də Hacı Hüsnü bəyi cəmiyyət haqqında məlumat göndərməklə vəzifələndirdi. Gizli cəmiyyət 1878-ci ilin fevralından etibarən bir neçə sui-qəsd planlasa da, hökumət bunlardan qabaqcadan xəbəbr tuturdu və tərtiblənən sui-qəsdlər nəticəsiz qalırdı. Bu əsnada baş verən "Əli Suavi hadisəsi" Hacı Hüsnü bəyin həbs edilməsinə səbəb oldu. Çırağan hadisəsi olaraq anılan bu hadisənin Skaliyeri – Əziz bəy Komitəsi ilə əlaqəsinin olub-olmaması bilinməsə də, bu mövzuda bir çox fərziyyələr var.

Hadisənin gedişatı[redaktə | mənbəni redaktə et]

Sultan Əbdülhəmidin taxta çıxmasından sonra onun icazəsiylə İstanbula qayıdan (oktyabr 1876) və 16 dekabr 1877-ci ildə bütün rəsmi vəzifələrinə son qoyulan Əli Suavinin bu tarixdən ölümünədək təxminən 5 aylıq müddətdə nələr etdiyi tam olaraq bilinmir. Bəzi tədqiqatçılar onun bu əsnada Üsküdar Komitəsi adıyla gizli bir təşkilat qurduğunu desə də, bəziləri ingilisruslarla əlaqədə olduğunu iddia edir. Ancaq 1877–1878-ci il Osmanlı-Rusiya müharibəsini məğlubiyyətlə başa vuran San-Stefano sülhünün (3 mart 1878) ağır şərtlərinin Əli Suavinin planlarını daha da sürətləndirdiyi məlumdur.

Əli Suavi və tərəfdarları məscidmədrəsə kimi yerlərdə güclü propaqanda işinə başladı. Xüsusilə o illərdə İstanbulda toplanan Rumeli mühacirləri arasına qarışan təxribatçılar Sultan Əbdülhəmidin əleyhinə və Sultan Muradın lehinə şüarlar səsləndirirdilər. Sultan Muradın taxta çıxması qarşılığında ruslarla bağlanan sülh şərtlərinin pozulacağı və İstanbul yaxınlığına qədər gələn rusların məğlub ediləcəyi vəd edilirdi. Bu təxribatçıların bəziləri hadisədən 4 gün öncə həbs edilmişdi. Çırağan sarayı ilə də xəbərləşən Əli Suavi, vaxtilə xidmət göstərdiyi SofiyaPlovdivdən gələn mühacirlər arasında özünə xeyli tərəfdar topladı. Onlara bolqarlara qarşı bir mübarizə təşkilatı qurduğunu və padşah tərəfindən onlara silah-sursat göndəriləcəyini söyləyən Əli Suavi, tərəfdarlarına Çırağan sarayı önündə toplanmağı tapşırdı. 19 may 1878-ci ildə Bəsirət qəzetində bir məqalə dərc etdirən Əli Suavi çevriliş edəcəyini rəsmi olaraq elan etdi. Ertəsi gün Rumeli mühacirləri sabahın erkən saatlarından etibarən Çırağan sarayı yaxınlığındakı Məcidiyə məscidində toplanmağa başladı. Əli SuaviÜsküdardakı evindən hərəkətə keçdi və buradakı tərəfdarlarını toplayaraq qayıqlarla Çırağan sarayı yaxınlarına gəldi. Qurudan və dənizdən əhatəyə alınan sarayın gözətçiləri zərərsizləşdirildikdən sonra Əli Suavi yanına bir neçə adamını da alaraq sarayın ikinci mərtəbəsindəki Sultan Muradın otağına qalxdı. Əvvəlcədən xəbərdar edildiyi üçün geyinmiş vəziyyətdə hazır olan Sultan Muradın bir qoluna özü, digərinə isə Nişli Saleh girdi və padşahı saraydan çıxarmaq istədilər. Ancaq bu əsnada Beşiktaş polis zabiti Həsən ağa (Yeddisəkkiz Həsən Paşa) bir qrup əsgərlə sarayı mühasirəyə aldı. Həsən ağa qapıya keşikçi qoyaraq yanında bir neçə polislə birlikdə sarayın yuxarı mərtəbəsinə qalxdı. Sultan Muradın 2 nəfərin qolunda aşağı endirildiyini görən Həsən ağa dərhal hücum edərək başına endirdiyi zərbə ilə Əli Suavini yerə yıxdı. Başından aldığı zərbəylə yerə yıxılan Əli Suavi ordaca həlak oldu. Bundan qorxuya düşən Sultan Murad dərhal xəzinə dairəsinəq açdı və qapıları içəridən kilidlədi. Çıxan çatışmada Nişli Saleh, Alban Saleh, Hacı Əhməd və Molla Mustafa kimi tərəfdarlarla birlikdə 23 nəfər öldü, 30 nəfər yaralandı.

Hadisə sonrası[redaktə | mənbəni redaktə et]

Bəzi tədqiqatçılara görə 250, bəzilərinə görə isə 500 nəfərlik mühacir qrupu ilə Çırağan sarayına hücum edən Əli Suavinin əsl məqsədi və onu kimin dəstəklədiyi hələ də bilinmir. Ancaq bu hadisə Sultan Əbdülhəmidə və onun daxili siyasətinə güclü təsir etdi. Belə ki, hadisənin yatırılmasından sonra ələ keçirilənləri şəxsən özü sorğu-sual edən Sultan Əbdülhəmid ilk iş olaraq hadisəyə adı qarışan mühacirlərin İstanbuldan çıxarılmasını və Sultan Muradla ailəsinin Ulduz sarayı yaxınlığındakı Malta köşkünə köçürülməsini istədi. Dövrün hökumət adamları toplanaraq Sultan Muradın bundan sonrakı vəziyyətini müzakirə etdilər və qərarlarını 23 may 1878 tarixində bir raportla padşaha bildirdilər. Raporta görə, Sultan Murada aid 58 parça qiymətli silah və Sultan Əbdüləzizə aid xeyli miqdarda pulla 97 parça zinət əşyası müvəqqəti olaraq dövlət xəzinəsinə təhvil verilməli, Sultan Murad isə Topqapı sarayında güclü nəzarət altına alınmalı və ya Kütahya, İsparta və ya Sivasa sürgün edilməli, anası Şevkefza Qadınəfəndi isə Hicaza göndərilməli idi. Hökumətin bu qərarı ilə sabiq padşahın əlində olan bütün silah, pul və zinət əşyaları müsadirə edildi. Ancaq aparılan təxribatlar nəticəsində Sultan Əbdülhəmid hadisənin arxasında hökumət adamlarının da olduğuna inandı və Kiçik Səid Paşa rəhbərliyində bir komissiya quraraq bir çox şəxs haqqında tədqiqat apardı. Buna baxmayaraq hadisədə şəxsən iştirak edənlərin öldürülməsi və evlərində aparılan axtarış nəticəsində heç bir sənədin tapılmaması hadisənin arxa fonunda iştirak edən dövlət adamlarını gizli saxladı. Hamıdan şübhə duyan Sultan Əbdülhəmid digər yandan qardaşının həyatından da narahat idi. Belə ki, "Artıq Sultan Muradın işinə baxmaq lazımdır" deyən Mehmed Sadiq Paşanı vəzifədən almışdı (28 may 1878). Bir çox dövlət adamı məhz bu şübhələr səbəbilə müxtəlif bəhanələr göstərilərək İstanbuldan kənarlaşdırıldı.

Araşdırma komissiyası, Əli Suavinin Üsküdardakı evində onunla birlikdə yaşayan Plovdivli Əhməd Paşa ilə kürəkəni Hafiz Nuri bəy, Hasköylü Hacı Mehmed və Hafiz Əlinin ifadələrinə əsaslanaraq hazırladığı raportu 30 may 1878 tarixində toplanan hərb divanına təqdim etdi. 2 iyun 1878 tarixində açıqlanan məhkəmə qərarına görə, hadisəylə birinci dərəcədən əlaqəli olan Hafiz Nuri bəy ölüm cəzasına, Plovdivli Əhməd Paşa, Hafiz Əli və Hacı Mehmed hadisəyə qatılmasalar da, gizli cəmiyyətə üzv olduqları üçün ömür boyu sürgünə məhkum edildilər. Nuri bəylə İzzət Paşanın oğlu Bağdadlı Gürcü Süleyman bəyə (Mahmud Şövkət Paşanın atası) 3 il avarçəkmə cəzası verildi. Bəsirət qəzetinin sahibi Əli Əfəndiyə isə, hadisədən bir gün öncə Əli Suavinin məqaləsini nəşr etdirdiyi üçün 25 lirə pul cəzası verildi və qəzeti bağlandı. Bundan başqa Sultan Muradın xidmətində olan Çankırılı Əli, Bolulu Həsən, Şahzadə Səlahəddinin lələsi Əli Əfəndi və Əhməd ağa da ailələriylə birlikdə vətənlərinə göndərildilər. Çırağan hadisəsi ilə bağlı türkcə qəzetlərə qoyulan senzura səbəbilə İstanbul əhalisi isə baş verən bu hadisələri anlamırdı.

Aparılan tədqiqatın sonlanmasına yaxın Kleanti Skaliyeri – Əziz bəy Komitəsinin yeni bir təşəbbüsü də başlamadan önü kəsildi. Malta köşkündə gözaltına alınan Sultan Murad Kleantiyə məktub yazaraq burdan xilas olmaq istədiyini, əks halda bu sarayın ona məzar olacağını bildirdi. Məktubu alan Kleanti Sultan Əbdülhəmidə ünvanlanan bir məqalə yazdı və Şərq Ekspresi qəzetində dərc etdirdi. İkinci bir hadisənin önünü almaq üçün dərhal qəzetin sahibi saraya çağrıldı, sorğu-sual edilərək qəzeti bağlandı və İstanbuldan qovuldu. Bu hadisədən sonra Sultan Murad yenidən Çırağan sarayına aparıldı. Sultan Əbdülhəmid isə dərhal Kleanti Skaliyeri – Əziz bəy Komitəsinin bağlanması üçün fəaliyyətə başladı. 8 iyul 1878 günü daxili işlər naziri Mehmed Arif Paşaya rəsmi əmr verildi. Ertəsi gün gecə yarısı Əziz bəyin Cərrahpaşadakı evinə tərtiblənən basqınla cəmiyyətin bir çox üzvü ələ keçirildi. Ancaq Kleanti, Naqşıbənd Kalfa və Əli Şövkət bəy gizli yollarla ölkəni tərk etmişdi. Ələ keçirilənlərin məhkəmə işi 13 oktyabra qədər davam etdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • BA, Yıldız Esas Evrakı, Ks. 17, Zrf. 64, Krt. 23, Evr. nr. 92, 930–931, 933–937, 945, 1455;
  • Ali Efendi [Basiretçi], İstanbul’da Yarım Asırlık Vekayi-i Mühimme, İstanbul 1325, s. 58, 60, 63, 65, 67;
  • Mir’ât-ı Hakîkat, I, 167–172; II, 39;
  • Osman Nûri, Abdülhamîd-i Sânî ve Devr-i Saltanatı, İstanbul 1327, s. 135–136, 138, 410, 431, 636;
  • Mehmed Galib, Sâdullah Paşa yahut Mezardan Nidâ, İstanbul 1327, s. 65, 102–103;
  • Süleyman Paşazâde Sâmi, Süleyman Paşa Muhâkemesi, İstanbul 1328, s. 14, 16, 60, 158–159;
  • Mehmed Memduh [Paşa], Esvât-ı Sudûr, İzmir 1328, s. 34;
  • a.mlf., Hal’ler İclâslar, İstanbul 1329, s. 133;
  • Ziya Şakir Soku, Beşinci Murad’ın Hayatı, İstanbul 1943, s. 55–57, 146–151, 154–157, 162, 166–170, 231, 239;
  • Abdurrahman Şeref, Tarih Musâhabeleri, İstanbul 1339, s. 180, 286–297;
  • Danişmend, Kronoloji, IV, 312–313;
  • a.mlf., Ali Suavi’nin Türkçülüğü, İstanbul 1942, s. 3;
  • Midhat Cemal [Kuntay], Sarıklı İhtilâlci Ali Suavi, İstanbul 1946;
  • Falih Rıfkı Atay, Baş Veren İnkılâpçı Ali Suavi, İstanbul 1954;
  • Karal, Osmanlı Tarihi, VIII, 498–504;
  • Mufassal Osmanlı Tarihi, İstanbul 1963, VI, 3329–3333;
  • S. J. Shaw – E. Kural Shaw, Osmanlı İmparatorluğu ve Modern Türkiye (trc. Mehmet Harmancı), İstanbul 1983, II, 169, 200, 237;
  • "Ali Suavi’nin Tercüme-i Hâlî", Tercümân-ı Şark, sy. 44, İstanbul 22 Cemâziyelevvel 1295/11 Mayıs 1294;
  • Basîret, nr. 2445, 2446, İstanbul 8–9 Mayıs 1294;
  • "Mahkeme-i Cinayet’ten Başlıklı Tebliğ", Rûznâme-i Cerîde-i Havâdis, nr. 4639, İstanbul 18 Receb 1298;
  • Abdurrahman Âdil, "Ali Suavi’nin Hal Tercümesi", Hâdisât-ı Hukukiyye, I/11, İstanbul 1339/Eylül 1923, s. 143–147; I/12 (1339), s. 167–170;
  • İbnülemin Mahmud Kemal, "Abdülhamîd-i Sânî’nin Notları", TTEM, XVI/13 (1926), s. 60–68; XVI/14 (1926), s. 89–95;
  • Ali Nûri, "Cléante Scalierie et Nakchibend Kalpha", Akşam, İstanbul 8 Nisan 1934;
  • Süleyman Kâni İrtem, "Saray ve Bâbıâlî’nin İç Yüzü", Akşam, İstanbul 2 Eylül 1934;
  • B. Haluk Şahsuvaroğlu, "II. Abdülhamid’in Taht’a Çıkışı", Akşam, İstanbul 5–6 Mart 1946;
  • İ. H. Uzunçarşılı, "Ali Suavi ve Çırağan Sarayı Vakası", TTK Belleten, VIII/29 (1944), s. 71–118;
  • a.mlf., "V. Murad’ı Tekrar Padişah Yapmak İsteyen K. Skaliyeri-Aziz Bey Komitesi", a.e., VIII/30 (1944), s. 245–328;
  • a.mlf., "Beşinci Murad İle Oğlu Selahaddin Efendi’yi Kaçırmak İçin Kadın Kıyafetinde Çırağan’a Girmek İsteyen Şahıslar", a.e., VIII/32 (1944), s. 589–597;
  • a.mlf., "Beşinci Murad’ı Avrupa’ya Kaçırma Teşebbüsü", a.e., X/37 (1946), s. 195–209;
  • a.mlf., "Beşinci Sultan Murad’ın Tedavisine ve Ölümüne Ait Rapor ve Mektuplar, 1876–1905", a.e., X/38 (1946), s. 317–367;
  • Hüseyin Çelik, "V. Murad’ın Restorasyonu mu? İngiliz Gizli Belgelerine Göre Sultan V. Murad’ın Çırağan Sarayından Kaçırılması veya Yeniden Tahta Çıkarılma Girişimlerinde İngiltere’nin Parmağı Var mıdır?-I", TT, XVII/99 (1992), s. 179–181;
  • a.mlf., "Çırağan Hadisesi Bir İngiliz Tertibi midir?", a.e., XVIII/103 (1992), s. 42–49;
  • R. Ekrem Koçu, "Çırağan Vak’ası", İst.A, VII, 3936–3938.